Mayın 14-16-da Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş “Müasir musiqi sənətinin problemləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans təşkil olunub.
Akademiyadan “İki sahil”ə bildirilib ki, konfrans musiqi incəsənəti, kulturologiya, pedaqogika sahələri üzrə keçirilib. Yüksək səviyyədə təşkil edilən bu konfrans BMA-nın Tədris işləri üzrə prorektoru, Əməkdar müəllim, pedaqogika üzrə fəlsəfə doktoru, professor Nərminə Quliyeva və Tarix-nəzəriyyə fakültəsinin dekanı, Əməkdar müəllim, sənətşünaslıq doktoru, professor Gülzar Mahmudovanın təşəbbüsü ilə keçirilib. Konfransa Naxçıvan, Gəncə və xarici ölkələr - Almaniya, Rusiya, Türkiyə, İran, Qazaxıstan, Tacikistan və Özbəkistandan olan tələbə və mütəxəssislər də qatılıblar. Konfransın proqramına ümumilikdə 74 məruzə daxil edilib.
Konfransda “Azərbaycan musiqi mədəniyyəti tarixində Ümummilli Lider Heydər Əliyevin rolu və əhəmiyyəti”, “2025 - Konstitusiya və Suverenlik ili”, “Üzeyir Hacıbəyli və Müslüm Maqomayevin 140 illik yubileyi”, “Etnomusiqişünaslıq müasir mərhələdə”, “Tarixi və nəzəri musiqişünaslığın aktual problemləri”, “Müasir musiqi təhsili: problemlər və perspektivlər”, “Müasir instrumental ifaçılığın problemləri” və “Musiqidə informasiya texnologiyaları” kimi müxtəlif tematik istiqamətlər yer alıb.
Tədbir Dövlət Himni ilə açıq elan olunub və iştirakçılara Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti haqqında maraqlı videoçarx təqdim edilib.
İlk olaraq, SSRİ və Azərbaycan Respublikasının Xalq artisti, Dövlət mükafatları laureatı, BMA-nın rektoru, professor Fərhad Bədəlbəyli konfransın iştirakçılarını təbrik edərək, görkəmli siyasi xadim Heydər Əliyevin Azərbaycanın musiqi mədəniyyətinin inkişafındakı mühüm rolundan danışıb.
Beynəlxalq konfransın moderatorları Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Zümrüd Dadaşzadə, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Könül Nəsirova və sənətşünaslıq doktoru, dosent Leyla Zöhrabova idi. Tədbirdə BMA-nın “SABAH” qrupunda təhsil alan tələbələr, həmçinin ADA Universiteti, Azərbaycan Milli Konservatoriyası, Gəncə Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti, Almaniyanın Hannover Musiqi Kolleci, P.Çaykovski adına Moskva Dövlət Konservatoriyası, Qazax Kurmanqazı adına Milli Konservatoriyası, Kazan Dövlət Konservatoriyası, Özbəkistan Dövlət Konservatoriyası, M.Tursunzadə adına Tacikistan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunun tələbə və nümayəndələri maraqlı, aktual mövzular ilə çıxış ediblər.
Sonda bütün iştirakçılar sertifikat ilə təltif olunub.