Ağdam rayonunun Kəngərli kənd sakinləri ilə görüşündə Prezident İlham Əliyevin söylədiyi bu sözlər Böyük Qayıdış Proqramı əsasında aparılan bərpa-quruculuq işlərinin sürətli davamının göstəricisidir
Ötən ilin oktyabrın 4-də Cəbrayılda ictimaiyyətin nümayəndələri ilə görüşündə işğaldan azad edilmiş torpaqlarmızın yenidən dirçəlməsi üçün bütün qüvvələrin səfərbər olunacağını bildirən Prezident İlham Əliyev bu sahədə də sözünün sahibidir. Cəbrayılın, Zəngilanın, Qubadlının, Şuşanın, Xocalının, Laçının, strateji ərazilərin, yüksəkliklərin işğaldan azad edilməsi tam və mütləq qələbəmizin həlledici mərhələsi oldu. Füzuli, Cəbrayıl əməliyyatlarından sonra Hadruta yol açıldı. «Yəni, bizim Böyük Qayıdışımız Cəbrayıldan başlamışdır və İkinci Qarabağ müharibəsindəki birinci ciddi uğurumuz da məhz Cəbrayıl şəhəri ilə, Cəbrayıl rayonu ilə bağlıdır. Bu, ölkəmizin tarixində əbədi qalacaq bir hadisədir. Çünki İkinci Qarabağ müharibəsindəki Qələbəmiz tarixi qələbədir. Buna bənzər Qələbə xalqımızın çoxəsrlik tarixində olmamışdır» söyləyən Prezident İlham Əliyevin növbəti Qələbəsi işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri nəticəsində erməni vəhşilərinin xarabazara döndərdikləri ərazilərin cənnətə çevrilməsidir. Bu qayıdış nəticəsində düşmən ağ bayraq qaldırdı və Azərbaycan xalqı əbədi olaraq qalib xalq kimi öz torpaqlarında yaşayacaq. «Bütün dünya görməlidir ki, biz təkcə özümüzü müdafiə etməmişik, öz ərazimizi bərpa etməmişik, biz erməni faşizminin belini qırmışıq» söyləyən Prezident İlham Əliyev onu da bildirir ki, bununla da «yenilməz” erməni əsgəri» mifinə son qoyuldu. Dənizdən-dənizə qədər mifik Ermənistan xülyası elə xəyal olaraq tarixin zibilliyinə gömüldü. Artıq bütün dünya icimaiyyəti aydın başa düşür ki, Azərbaycan müstəqil siyasət aparan qüdrətli ölkədir. Bu qüdrətin təsdiqi işğaldan azad edilmiş Zəngilanda, Laçında, Şuşada , Xocalıda… salınan biri-birindən gözəl yaşayış məskənləri, yenilənən infrastruktur layihələri, çəkilən yollar, inşa olunan tunellər, biri-birindən əhəmiyətli sosial obyektlərdir.
Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın bu günlərdə Şuşa və Ağdama səfərləri zamanı tarixi anlar yaşandı. Səfər çərçivəsində Şuşa Müalicə-Sağlamlıq Mərkəzinin, Daşaltı kənd məscidin açılışında , Şuşada inşa olunacaq dördüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak edən Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Ağdam səfərləri daha zəngin oldu. Ağdamdakı Dəmir yolu və Avtovağzal Kompleksi kimi digər obyektlərin istifadəyə verilməsi, Kəngərli kəndinə köçən sakinlərə evlərinin açarlarının təqdim olunması, Muğam Mərkəzində yaşanan xoş anlar… Hər biri 2020-ci ildə yaşadığımız Qələbə sevincinin təzahürləri olan mərasimlər doğma evlərinə qayıdan sakinlərin gülümsər çöhrələrində daha aydın hiss olunurdu.
Görüş zamanı kənd sakinlərini doğma evlərinə qayıdışları münasibətilə təbrik edən Prezident İlham Əliyev vurğuladı ki, bu torpaqların sahibi həmişə biz olmuşuq, bu gün də belədir. Bu torpaqlar yalnız öz sakinlərinin zəhməti ilə yenidən canlanacaq. Ancaq bu torpağın sahibi bu torpaqda qurub-yarada bilər. Bəllidir ki, mənfur düşmən bütün bu bölgəni viran qoymuşdu. Ağdama gələn qonaqların xarabazara çevrilən bu ərazini «ruhlar şəhəri» adlandırmaları erməni vandallığının ən dəhşətli görüntüsünün etirafıdır. Ağdam da daxil olmaqla rayonun bütün kəndlərinin tamamilə yerlə-yeksan edilməsi Ermənistanın dövlət səviyyəsində məqsədyönlü olaraq həyata keçirdiyi dağıdıcılıq ənənələrinin, bu toplumun genlərində əsrlərdən bəri yaşatdıqları vandalizmin daha dəhşətli formasıdır.
«Onlar istəyirdilər bu torpaqları əbədi işğal altında saxlasınlar. Onlara mənəvi və maddi dəstək verən bəzi ölkələr də onlarla həmrəy idi. Amma onlar bir şeyi unudurdular ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq, Azərbaycan vətəndaşları heç vaxt öz doğma torpaqlarını unutmayacaq və Azərbaycan dövləti ayağa qalxacaq, güc toplayacaq və düşməni öz torpağından qovacaq. Bunu onlar hesablaya bilməmişdilər» sözləri ilə zamanın əsl ədalətinin kəngərlilərin doğma torpaqların qaydışının, kəndin bərpa edilərək yenidən qurulmasının birinci mərhələsində 292 evin sakinlərə təhvil verildiyini bildirən Prezident İlham Əliyevin vurğuladığı kimi şəhər tipli Kəngərlidə inşa olunan müasir tipli evlər, işıq, qaz, su, kanalizasiya sistemləri, məktəb, uşaq bağçası, market, tibb məntəqəsi, hətta bazar kompleksi mövcuddur. Son illərdə aparılan bərpa-quruculuq işləri sayəsində Ağdam yeni günlərini yaşayır. Şəhər sakinlərinin istifadəsinə verilən Vağzal Kompleksi, Muğam Mərkəzi kimi qısa müddətdə görülən digər işlər bizim mənəvi köklərə bağlı olduğumuzu göstərir. Bir millət kimi xalqımıza məxsus, əzdadlarımızdan qalan dəyərlərimizə bağlılığımızın, verilən sözə sadiqliyimizin ifadəsidir.
«Bugünkü mərasim o sözlərin, necə deyərlər, möhürüdür. Bilirəm, sizdə də, bizdə də - bütün Azərbaycan xalqında heç vaxt şübhə olmayıb ki, biz öz torpaqlarımıza qayıdacağıq. Amma çox möhtəşəm qayıtdıq. 44 gün ərzində düşməni böyrü üstə qoyduq. Ondan sonra da 23 saat ərzində, bəlkə də daha da tez separatçıların kökünü tamamilə kəsdik» söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, bu gün Azərbaycan vətəndaşı hər bir qarış torpağının sahibidir, hər yerdə yaşayır, yaşayacaq. Sürətli bərpa işləri onu göstərir ki, tezliklə bütün keçmiş köçkünlər öz torpaqlarına qayıdacaqlar.
Şanlı Zəfərimizdən sonra Kəngərli bərpa olunan sayca 14-cü yaşayış məntəqəsi, Sarıcalıdan sonra isə Ağdam rayonunun ikinci kəndidir. Xıdırlı kəndi də artıq açılışa hazırdır. Bir sözlə, işğal dövründə tamamilə viran qoyulan Ağdam artıq yeni inkişaf mərhələsindədir. Mayın 10-da, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü günündə cənab Prezidentin Ağdama səfəri, rayonun Kəngərli kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olması, sonra kəndə köçən bir qrup sakinlə görüşü mühüm əhəmiyyət kəsb edir. Bütün bunlar onu deməyə əsas verir ki, bir neçə ildən sonra Ağdam öz gözəlliyi və bənzərsizliyi ilə hər kəsi valeh edəcək”.
Qarabağın, Şərqi Zəngəzurun geniş abadlıq meydanına çevrilməsi, xarabalıqların yenidən canlanması, Novruz tonqalının Tərtər rayonunun Talış kəndində alovlanması Prezident İlham Əliyevin «Bu gün o bölgələrdə gedən quruculuq-abadlıq işləri göz önündədir. Bir çoxları üçün bu, çox gözlənilməz oldu və bəziləri təəccüb edirlər ki, biz bu işləri belə yüksək templərlə görürük. Əlbəttə, burada təkcə maliyyə vəsaiti kifayət etməz. Gərək bu genişmiqyaslı layihələri icra etmək üçün texniki imkanlar olsun, kadr potensialı olsun, daxili resurslar olsun. Biz bütün bu gücləri səfərbər etmişik və bu gün erməni vəhşiliyinin fəsadlarını aradan qaldırırıq. Mən demişdim, biz Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Biz bunu edəcəyik. Necə ki, bu günə qədər verilən bütün vədlər həyatda öz əksini tapdı, bir dənə də olsun vəd yerinə yetirilməmiş qalmadı və İkinci Qarabağ müharibəsindəki parlaq Qələbəmiz buna əyani sübutdur» sözlərini təsdiqləyir.
Xuraman İsmayılqızı, «İki sahil»