Müasir dövrdə ekoloji problemlər bütün dünyada ciddi narahatlıq yaratmağa başlamışdır. İqlim dəyişikliyi, təbii ehtiyatların tükənməsi və ətraf mühitin çirklənməsi qlobal miqyasda aktual məsələlərdən birinə çevrilmişdir. Sevindirici haldır ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uzaqgörən siyasəti sayəsində ölkəmizin bu kimi problemlərin təsirinə məruz qalmaması üçün qabaqlayıcı tədbirlər görülür və müxtəlif layihələrin icrası istiqamətində mühüm işlər həyata keçirilir.
Prezident İlham Əliyevin düşünülmüş uzaqgörən siyasəti nəinki Azərbaycanda bütün dünya ölkələrinin rəhbərləri tərəfindən təqdirəlayiq qarşılanmışdır. Ötən ilin sonunda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının sayca 29-cu sessiyasının keçirildiyi ölkəmizin paytaxtı təxminən iki həftə ərzində iqlim dəyişikliyi ilə mübarizədə həmrəylik üçün mühüm platforma rolunu oynamışdır. Qlobal tədbirdə iştirakla paralel olaraq, ölkəmizə səfər edən çoxsaylı dövlət və hökumət başçıları, hökumət üzvləri, digər siyasi, içtimai, elm xadimləri, QHT nümayəndələri ölkəmizin yaşıl enerjidən əldə edilən gəlirləri ölkənin hərtərəfli dirçəlişinə, insan kapitalının inkişafına yönəltməsinin şahidi olmuşdular. Azərbaycanın regionda və qlobal səviyyədə iqlim problemlərinin həlində aparıcı rol oynamağa hazır olduğu Prezident İlham Əliyevin siyasi kursunun bariz nümunəsidir. Bu diplomatik addım, Azərbaycanın dayanıqlı iqtisadi inkişafına, təbiətdən əldə olunan təmiz enerji istehsalının artırılmasına və ətraf mühitin qorunmasına yönəlmiş təşəbbüslərin qlobal müstəvidə təqdimatına xidmət edir. Azərbaycan neft və qaz ehtiyatları ilə tanınsa da, son illərdə alternativ enerji mənbələrinə də diqqət yetirir. Günəş və külək enerjisi sahəsində yeni layihələr həyata keçirilir. Xüsusilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yaşıl enerji zonasının yaradılması bu istiqamətdə atılan mühüm addımlardandır. Əlavə olaraq ölkəmizdə meşələrin mühafizəsi, ekoloji maarifləndirmə tədbirləri əsas prioritet kimi qəbul olunmuşdur. Dövlət proqramları çərçivəsində mütəmadi olaraq yeni ağacəkmə kampaniyaları və ekoloji layihələr həyata keçirilir. İqlim dəyişikliyinin təsirlərini azaltmaq üçün hər bir insanın rolunun əhəmiyyəti, onların enerji səmərəliliyi, su ehtiyatlarının qorunması, tullantıların azaldılması və təkrar emal kimi gündəlik fəaliyyətlərdə iştirak etməyə qarşı həssaslıq nümayiş etdirməsi vacib məqamlardandır.
2025-ci ildə Azərbaycanın əsas ekoloji hədəflərindən biri tullantıların düzgün idarə olunması və plastik istifadəsinin azaldılmasıdır. Plastik tullantıların ətraf mühitə vurduğu zərəri azaltmaq üçün hökumət yeni qaydalar tətbiq etmişdir. Əlavə olaraq alternativ enerji mənbələrindən istifadə etməklə yanaşı, ekoloji təmiz nəqliyyatların da ölkəmizə gətirilməsi ön plana çəkilmişdir. Artıq elektriklə çalışan avtobusların və elektro mobillərin paytaxt yollarıda çoxluq təşkil etməsinin şahidi oluruq. 2025-ci il ərzində də bu kimi işlərin daha da sürətlə həyata keçirilməsinin şahidi olacağıq. Bundan başqa 2025-ci ildə ölkəmizin bütün bölgələri ilə yanaşı Qarabağ və Şərqi Zəngəzurda da külək və günəş enerjisindən geniş istifadə olunması üçün bir sıra layhələr həyata keçiriləcəkdir.
Bu gün təhsil müəssisələrində ekoloji biliklərin artırılması və şagirdlərin ekoloji şüurunun formalaşdırılması da vacib amildir. Bir müəllim olaraq məktəblərdə ekoloji mövzuların daha geniş tədris olunmasının və şagirdlərin təbiəti qorumağa təşviq edilməsinin vacibliyini vurğulamaq istərdim. Təhsil sahəsində çalışan bir müəllim kimi, gənc nəslin ekoloji şüurunun formalaşdırılmasında üzərimizə mühüm vəzifələr düşür. Azərbaycan Dövlət Pedaqoji Kolleci olaraq biz də gənc nəsil arasında bu məsələlər barədə maarifləndirmə işləri aparır və ekoloji şüuru artırmağın əhəmiyyətini təbliğ edirik. Təhsil müəssisəsi olaraq tələbələrimizi yaşıl dünya naminə məsuliyyətli və bilikli vətəndaşlar kimi yetişdirmək üçün davamlı olaraq ekoloji tədris proqramları və layihələrini inkişaf etdiririk. Azərbaycan Dövlət Pedaqoji Kollecinin müəllimi olaraq qeyd etmək istərdim ki, tələbələrin maarifləndirilməsində bütün səy və bacarığımla çalışacaq və ölkə başçısı cənab İlham Əliyevin bu sahədə gördüyü işlərin təbliği üçün səy və bacarığımı əsirgəməyəcəyəm. Çünki bu həm mənim həm də hər bir Azərbaycan vətəndaşının vəzifə borcudur.
Aidə Əsgərova,
Azərbaycan Dövlət Pedaqoji Kollecinin müəllimi