20 may 2025 16:52
125

Mədəniyyət naziri Adil Kərimli Düşənbədə tacik həmkarı ilə görüşüb - FOTO

Tacikistan Milli Kitabxanasında mədəniyyət naziri Adil Kərimli ilə tacik həmkarı xanım Matlubaxon Sattoriyen arasında ikitərəfli görüş keçirilib.

“İki sahil” xəbər verir ki,  Nazirlikdən bildirilib ki, tədbirdən əvvəl nazirlər kitabxana ilə tanış olublar, tarixi və nadir əlyazmaların qorunduğu fond haqqında ətraflı məlumat verilib.

İkitərəfli görüşdə çıxış edən Tacikistanın mədəniyyət naziri Matlubaxon Sattoriyen Azərbaycan Mədəniyyəti Günlərini xalqlarımızı daha da yaxınlaşdıran mədəni hadisə kimi səciyyələndirib. Xanım nazir ötən ilin may ayında Azərbaycanda keçirilən Tacikistan Mədəniyyəti Günlərinin yüksək səviyyədə gerçəkləşməsinə göstərdiyi dəstəyə, keçirilən səmərəli görüşlərə görə Azərbaycan Mədəniyyət Nazirliyinə təşəkkürünü bildirib.

Adil Kərimli Azərbaycan nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərliyə görə Tacikistan tərəfinə təşəkkürü bildirib. Qeyd edib ki, iki ölkənin dövlət başçılarının səmimi dostluq münasibətləri Azərbaycan və Tacikistan arasında əlaqələrin hərtərəfli inkişafında müstəsna əhəmiyyətə malikdir. Prezidentlər İlham Əliyev və İmoməli Rəhmon tərəfindən 2024-cü ilin mayın 23-də Bakıda “Azərbaycan Respublikası ilə Tacikistan Respublikası arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə” imzalanması dost ölkələrimizin əməkdaşlığının zirvəyə yüksəlməsinin göstəricisidir.

A.Kərimli iki ölkə arasında mədəniyyət sahəsi üzrə əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı perspektivlərin olduğunu deyib. Nazir bildirib ki, Azərbaycanın Düşənbədəki səfirliyi də mədəni əlaqələrin inkişafı üçün davamlı dəstək göstərir.

Görüşdə Azərbaycan tərəfinin kinematoqrafiya, kitabxana, mədəni irs və digər sahələrdə əməkdaşlığın inkişafında maraqlı olduğu vurğulanıb. Bu günlərdə Bakıda ICESCO-nun regional ofisinin açıldığını diqqətə çatdıran Adil Kərimli ofisin Azərbaycanla yanaşı, Mərkəzi Asiya Respublikalarının, o cümlədən Tacikistanın da qurumla əməkdaşlığını koordinasiya edəcəyini deyib.

Söhbət zamanı Azərbaycanın Laçın şəhərinin 2025-ci ildə "MDB-nin mədəniyyət paytaxtı" statusunu yerinə yetirdiyi bildirilib, Tacikistan tərəfi iyun ayının əvvəlində Laçında keçiriləcək "paytaxt ili"nin açılış tədbirinə dəvət edilib.