“İki sahil” İndoneziyanın “WAM” xəbər agentliyinə istinadən xəbər verir ki, İndoneziya Prezidenti Prabovo Subianto cümə günü iki dəniz neft və qaz layihəsinin açılışını edib və onları enerjinin özünü təmin etməsinə nail olmaq üçün əlamətdar hadisə kimi qiymətləndirib.
Prabovo Cənub-Şərqi Asiyanın ən böyük iqtisadiyyatı üçün enerji təhlükəsizliyini artıracağına söz verib. Eyni zamanda, kömür enerjisini mərhələli şəkildə dayandırmağı və 2050-ci ilə qədər emissiyaları xalis-sıfıra çatdırmağı öhdəsinə götürüb. "Ölkənin milli enerji ilə özünü təmin etməsinə nail olmaq millətimizin müstəqilliyi üçün həyati əhəmiyyət kəsb edir", -deyə Prezident bildirib.
Prezident Prabovo əlavə edib: "Əgər biz özümüzü enerji ilə təmin edə bilsək, on milyardlarla ABŞ dollarına qənaət edəcəyik".
İndoneziyanın energetika və mineral ehtiyatlar naziri Bəhlil Lahadalia bildirib ki, ölkənin “Medco E&P Natuna” firmasının “Cənubi Natuna” dəniz yatağında həyata keçirdiyi 600 milyon dollarlıq layihələr gündə 20 min barel neft hasil etməyi hədəfləyir.
Xatırladaq ki, Prabovo keçən ilki “G20” sammitində dünyanın ən böyük kömür istehsalçıları və istehlakçılarından biri olan arxipelaq ölkəsində 2040-cı ilə qədər yüzlərlə kömür və qalıq yanacaqla işləyən elektrik stansiyasını bağlamağı vəd etmişdi.
Hökumət, həmçinin 2040-cı ilə qədər 75 gigavattdan çox bərpaolunan enerji potensialı qurmaq istədiyini bildirib.
Nubar Süleymanova, “İki sahil”