15 may 2025 19:30
367

"Müəllimlik mənim üçün peşələrin ən alisidir" - MÜSAHİBƏ

Əməkdar müəllim: İstərdim ki, məktəbəqədər hazırlıq bütün 5 yaşlı uşaqlar üçün məcburi olsun, çünki…

Görkəmli şairimiz Bəxtiyar Vahabzadənin şeirində də deyildiyi kimi, hər könüldə yeri, hər kənddə və şəhərdə meyvələri olan hörmətli müəllimlərimizin əkdikləri ağacların gülü, çiçəyi solmur. Balaca əllərimizdən tutub təhsil pillələrini bizimlə birgə qalxan müəllim zülməti yaran nur, cəhaləti elmin qılıncıyla yox edən, insanlara elm öyrətməklə həyatını şam kimi əridən, qəlblərdə əbədi həyat quran şəxsiyyətdir. Budəfəki müsahibimiz məhz ömrünün 32 ilini bu müqəddəs peşəyə həsr edən, bütün gücü ilə peşəsinə bağlı olan, müasir tədris metodlarından professional şəkildə faydalanmağı bacaran Sevda Namazovadır.

Müsahibəmizə keçid almadan öncə diqqətiniə çatdırmaq istərdim ki, Sevda Namazova  1971-ci ildə Ağdam şəhərində dünyaya göz açıb. 1988-ci ildə Ağdam şəhər 1 nömrəli orta  məktəbin məzunu olub. Həmsöhbətim 1990-cı ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin İbtidai təhsilin pedaqogikası və metodikası fakültəsinə qəbul olunub,  1993-cü ildən Şirvan şəhərindəki 1 nömrəli orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərib. 1996-cı ildən indiyə qədər isə Bakı şəhər Binəqədi rayonundakı 246 nömrəli məktəb-liseydə ibtidai sinif müəllimi kimi çalışır.  İşlədiyi müddətdə məktəb rəhbərliyi tərəfindən dəfələrlə “Təşəkkürnamə” və Fəxri fərmanlarla təltif olunub. Müxtəlif mövzularda təşkil olunmuş konfransların və seminarların iştirakçısı olub və sertifikatlar qazanıb. 4 oktyabr 2016-cı ildə “Gənc nəslin təlim-tərbiyəsində göstərdiyi səmərəli fəaliyyətinə görə” Təhsil naziri tərəfindən Fəxri fərmanla təltif olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 4 oktyabr 2018-ci il tarixli Sərəncamı ilə “Əməkdar müəllim” fəxri adına layiq görülüb. 2019-cu ildə “Təhsilalanların riyaziyyatdan fəaliyyətinin izlənilməsi və qiymətləndirilməsi üçün rubriklər” kitabı çapdan çıxıb.

-Niyə məhz müəllimlik peşəsini seçdiniz?

-Böyüdüyüm ailədə müəllim haqqında deyilən gözəl sözlər, bu peşəyə göstərilən hörmət, unudulmaz müəllimlərimə sevgim müəllimlik peşəsini seçməyimə səbəb oldu. Müəllimlik mənim üçün ən ali, sözlə ifadə edilməsi çox çətin, bütün peşələrdən üstün olan bir peşədir. Bu peşəni seçən insanlar düşünməlidir ki, gələcəyin qurucuları onun qarşısında əyləşib. Öz millətini sevən, Vətənini sevən hər bir müəllim öz işinin məsuliyyətini anlamalıdır. Əsl müəllim uşaqları sevməli, tədris etdiyi fənni sevdirməli və o şagirdləri əsl vətəndaş kimi yetişdirməlidir.

– Müəllim kimi ilk dərs gününüzü necə xatırlayırsınız?

-Əvvəllər dərslər sentyabrın 1-də başlayırdı. Səhər əlimdə uşaqların siyahısı olan vərəqlə şagirdlərimi sıraya düzdüm. Çox həyəcanlı idim. Digər müəllimlərə baxıb onların necə davrandığını izləyirdim. Zəng çalındı və uşaqlarla birlikdə sinifə daxil oldum. Nədən başlayacağımı  bilmirdim. Bir azdan uşaqlarla yaxından tanış oldum. Məktəb, sinifdə davranış qaydaları haqqında şagirdlərimə məlumat verdim. Dərs bitəndə  valideynlərlə danışmağa çətinlik çəkirdim. Bir neçə gündən sonra hər şey yavaş-yavaş qaydasına düşməyə başladı. Demək olar ki, bütün günümü uşaqlara, sabah keçəcəyim dərsin hazırlığına, əyani vəsaitlər düzəltməyə həsr edirdim. Sinif otağının səliqə səhmanı, gözəl tərtibatı ilə də özüm məşğul olurdum.

– Peşənizin çətin tərəfləri varmı?

- Sinifdə təhsil alan şagirdlərin hər biri müxtəlif ailələrdən gəlir. Hər bir şagird fərqli qavrama qabliyyətinə malikdir. Bəzən sinifdə sağlamlıq imkanları məhdud olan şagirdlər də təhsil alır. Belə bir sinifdə dərs keçmək, onların fikrini dərsə yönəltmək, qarşına qoyduğun məqsədə nail olmaq çox çətindir. Bunun üçün müxtəlif təlim üsullarından istifadə edirəm; dərs başlayan kimi mövzuya aid müxtəlif sualların verirəm, sinifdə müzakirələr aparıram, rollu oyunlar, qrup işləri, idman dəqiqiləri təşkil edirik. Nəticədə, dərs daha maraqlı və yaddaqalan olur, şagirdlər də fəallaşır.  Müxtəlif xasiyyətli valideynlərlə dil tapıb danışmaq da çətin olur. Bəzən valideynlər övladlarının mənfi xüsusiyyətlərini qəbul etmək istəmirlər.Onlar üçün övladları məktəbin  ən ağıllı  və yaxşı şagirdidir.

– Şagirdlərinizin sevgisini ən çox nə vaxt hiss edirsiniz?

- Şagirdlərim məni dinləyəndə,  tənəffüs zamanı  məni dövrəyə alıb mənə sığınanda, digər fənn müəllimlərinin dərsindən sonra sinifə daxil olarkən onların mənə yaxınlaşıb "sizin üçün darıxdıq" dedikləri zaman hiss edirəm ki, məni sevirlər. Bir də ibtidai sinifi bitirib, yuxarı siniflərdə oxuyan şagirdlərimin məni dəhlizdə görəndə körpə uşaq kimi mənə tərəf qaçdıqları zaman onları bağrıma basarkən məsum qəlblərində mənə olan məhəbbətlərini duyuram.

- Sinifdə müəllim-şagird münasibətlərini necə tənzimləyirsiniz?

- Elə bir mühit yaratmağa çalışıram ki, şagirdlərim öz fikirlərini deməkdən çəkinməsinlər. İstəyirəm ki, onlar sinifi ikinci ev, məni isə anaları bilib fikirlərini, istədiklərini deməkdən çəkinməsinlər. Bəzən öz problemlərini gizlətmək istəyən şagirdlərlə söhbət aparıram. Bildirirəm ki, sirrini mənimlə bölüşə bilərsən, sənə yardım etməyə hazıram. Bir dəfə bir şagirdimi çox fikirli görüb onunla söhbət etməyə çalışdım. Əvvəl heç nə demək istəməsə də sonradan ailədə olan problemli vəziyyət haqqında danışdı. Mən ona bildirdim ki, nə vaxt istəsən mənimlə danışa bilərsən. Vaxt gələcək hər şey yoluna düşəcək. Ancaq sən bu gün, sabah dərsdən uzaqlaşsan bunun nəticəsi yaxşı olmayacaq. Həmin uşağa dərslərindən geri qalmaması üçün müxtəlif, əyləncəli tapşıqlar verir, ona xüsusi diqqət ayırdım. Məktəbi bitirən həmin şagirdim ozü indi gözəl ailə sahibidir.

-Yetirmələriniz arasında davamçılarınız varmı?

-Bəli.Vaxtilə dərs dediyim şagirdlər arasında müəllim olanları çoxdur. Öz işlədiyim məktəbdə olmasa da digər məktəblərdə, hətta rayon və kənd məktəblərində müəllim işləyən şagirdlərim var.

Bəzən "olmaz" deyirik ancaq "niyə olmaz"ı başa salmırıq

-Bəzən deyilir ki, "o dövrün şagirdləri başqa idi". Siz bu barədə nə düşünürsünüz?

-Müasir dövrümüzdə şagirdlərin kompyuterə, telefona, müxtəlif oyunlara marağı daha çoxdur. Əvvəllər uşaqlar həyətdə oynamağa, təmiz havada olmağa, nəsə düzəltməyə, qurmağa maraq göstərirdi. Bu da onların inkişafına müsbət təsir göstərirdi. Lakin indiki uşaqların sakitcə bir yerdə oturub oyun oynamağa maraqları daha çoxdur. Rahat, qulağı dinc olmaları üçün bəzən valideynlər özləri uşaqların əlinə telefon verir. Belə uşaqlar başqaları ilə ünsiyyət qurmağa çətinlik çəkir, bəzən əsəbi olurlar, ictimai yerlərdə özlərin aparmağı bacarmırlar, təhsilə maraqları azalır. Belə uşaqlar vaxtında qidalanmır, təmiz havada olmur və çox zaman aqressiv olurlar. Mən ilk növbədə valideyinlərlə görüşüb, onlardan xahiş edirəm ki, mənimlə birlikdə uşaqları düzgün istiqamətləndirsinlər və bunu nə üçün etdiyimizi onlara başa salaq. Bəzən "olmaz" deyirik ancaq "niyə olmaz"ı başa salmırıq. Əgər uşaqlar düzgün maarıflənsə nəticə daha yaxşı olar. Həm ailədə, həm məktəbdə bu iş paralel aparılmalıdır.

-Yəqin ki, peşə fəaliyyətiniz dövründə yaddaşınızda qalan anlar olub. Keçmişə qayıdıb həmin xatirələrdən bəzilərini bölüşməyinizi istərdik…

-Müəllim ömrünün ən xoşbəxt anları odur ki, şagirdləri onun zəhmətini itirməyib, uğur qazansın.Vaxtilə dərs dediyim şagirdlərin naliyyətlərini görəndə sevincimin həddi-hüdudu olmur. Bu illər ərzində unudulmaz hadisələr çox olub. Lakin bir şagirdimin doğum günümdə öz anası ilə mənə yazdığı şeiri heç vaxt unutmuram və ən gözəl xatirə olaraq yaddaşımda saxlayıram. “Əziz müəllimim” adlanan həmin şeirdən bir parça demək istərdim:

Doğum gününüzü qeyd etmək üçün

Hədiyyə axtardım yadigar qalsın

Layiqli xatirə tapmadığım üçün

Bir şagird ürəyi hədiyyə olsun.

 

1-ci sinif Azərbaycan dili kitablarında bəzən şagirdlərin yaşına uyğun olmayan mətnlər verilir

–Təhsil sistemimizdə sizi nə qane edir, nə etmir?

- Bir ibtidai sinif müəllimi kimi deyərdim ki, kitablarda dəyişiklik olsa yaxşı olar. 1-ci sinif Azərbaycan dili kitablarında bəzən şagirdlərin yaşına uyğun olmayan mətnlər verilir. Bu mətnlər bir qədər kiçik həcmli və hecalara bölünmüş olsa daha yaxşı olar. Təsviri incəsənət dərsliyindəki mövzuları da qavramaq bəzən uşaqlar üçün çətin olur. Bu dərsliyə uşaqların yaşına uyğun mövzuların salınması, sadə elementlərdən ibarət şəkillərin çəkilməsinə aid tövsiyələr verilməsi daha məqsədəuyğun olardı. Mən çox istərdim ki, məktəbəqədər hazırlıq bütün 5 yaşlı uşaqlar üçün məcburi olsun. Çünki məktəbəqədər hazırlığa cəlb olunan uşaqlar məşğələ zamanı hərflərlə tanış olurlar. Lakin bu məşğələlərdə iştirak etməyən bəzi uşaqlar 1-ci sinifə qəbul olunarkən hazırlığa gəlmədikləri üçün həmin hərfləri gec qavrayır, oxumağa çətinlik çəkirlər.

-Şagirdlərinizə ən çox hansı tövsiyələri edirsiniz ki, onlar "qulaqlarında sırğa etsinlər"?

-Mən həmişə şagirdlərimə tövsiyə edirəm ki, Azərbaycanlı olmaqları ilə fəxr etsinlər, Vətəni, torpağı sevsinlər. Anlasınlar ki onlar sabahın qurucularıdır. Bu gün yaxşı oxumalı, sabah isə seçdikləri peşəni layiqincə icra etməlidirlər. Əməyi sevməli, daim öz üzərlərində çalışmalıdırlar.

-Özünüinkişaf istiqamətində nələr edirsiniz?

-Yeniliklərlə maraqlanır, dərslərin daha maraqlı olması üçün təlimlərə qoşulur, digər ölkələrin təhsil sistemində xoşuma gələn, sinifdəki uşaqların yaşına uyğun olan metodlardan təlim-tədris prosesində istifadə edirəm. Bu hər zaman gözəl nəticə verir. Bundan sonrakı fəaliyyətimdə də yeniliklərdən istifadə etmək, daha gözəl nəticələr əldə etməyə çalışacağam.

-Şagirdlərinizin mütaliəyə marağı sizi qane edirmi? Onlarda kitab sevgisini möhkəmləndirmək üçün hansı metodlardan istifadə edirsiniz?

-Hər zaman uşaqlara öz yaşlarına uyğun kitablar tövsiyə edirəm. Sinifimizdə kiçik kitabxanamız da var. Burada maraqlı nağıl və hekayə kitabları toplanıb. Tətil müddətində şagirdlərə oxumaq üçün verilən bu kitabların sonra müzakirəsini təşkil edirik.

– Özünüzü yaxşı müəllim sayırsınızmı?

-Əgər bu gün sinfimdəki şagirdlər məni sevirsə, onların valideyinləri ilə əl-ələ verib istədiyimə nail ola bilirəmsə çox sevinirəm. Hər zaman işimin ən xırda detallarına qədər çalışıram nəticə gözəl olsun. Yaxşı müəllim olmaq üçün həmişə çalışmışam. Mənə elə gəlir ki, hələ çox çalışmaq lazımdır .

-Müəllim olmaq istəyən gənclərə nələri tövsiyə edərsiniz?

-İlk növbədə, uşaqları sevməli onların qəlbini ələ almağı bacarmalıdırlar. 2-ci məsuliyyətli olmalı, öz üzərlərinə düşən işi layiqincə icra etməlidirlər. Üçüncü isə daim axtarışda olub, bilik və bacarıqlarını gələcəyimiz olan balalara öyrətməlidirlər.

-Son dərs gününüzü necə təsəvvür edirsiniz?

-Çox çətin sualdır. Sevdiyin peşədən, doğma insanlardan, müqəddəs ocaq bildiyin məktəbdən ayrılmaq çox çətindir. Uşaqlarla işləmək, onların uğurlarına sevinməkdən gözəl hiss yoxdur. Yəqin ki, son dərs günümdə də çox həyəcanlı olacağam. Ancaq keçdiyim illərə də baxanda qürur hissi keçirəcəyəm. Çünki zəhmətim həm dövlətimiz, həm də məktəb rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib. Həm kollektivimin, həm şagirdlərimin, həm də valideynlərimin sevgisini qazanmışam.

Maraqlı və səmimi keçən söhbət üçün sizə təşəkkür edirik. Gələcək fəaliyyətinizdə uğurlar arzulayırıq!

Yaqut Ağaşahqızı,
Vüsal Cahanov (foto) “İki sahil”