Gözəlliyi hamı eyni biçimdə görə bilmir, bulaqların axışını, şimşəklərin çaxışını, yazda-yayda narın yağışların torpağa düzdüyü naxışlarını hamı könlünə köçürə bilmir. Hər yaşanılan il ömür olmur, İli elə yaşamalısan ki, səndən tarixdə bir iz qalsın, ocaqlarda bir köz qalsın, dillərdə bir söz qalsın. Dədə Qorquddan üzü bu yana illəri belə yaşayanlara elin-obanın cəfakeşi deyilib...
Sona Mirzə qızı ilk ocağı XIII əsrdə qalandığı güman edilən Zəngilan rayonunun Yeməzli kəndində anadan olmuşdu. 1925-ci il mayın 10-da. Yüz il əvvəl. O illərdə kəndlər gah bu rayonun, gah da digər rayonun tərkibinə verilirdi. Onda Yeməzli Qubadlı rayonunun ərazi vahidi idi, sonralar Zəngilanın tərkibinə daxil edildi...
Sona Yeməzlidə ibtidai təhsil aldı. Sovetlər İttifaqının “savadsızlıqla mübarizə” illərində qızların təhsilə cəlb edilməsi dövlət siyasəti idi və bu siyasət Azərbaycanda da dürüstlüklə yerinə yetirilirdi. Kilətağ kənd orta məktəbini bitirdi. Təhsil almaq istəyirdi, araya müharibə düşmüşdü. Camaatın güzəranı çətinləşmişdi. Ailəyə kömək edənlərin təhsil almağa getməsi güzəranı çətinləşdirirdi; ailə işçi olası, qazanc gətirəsi yeniyetməni, cavanı təhsil almağa göndərməklə “əlini daş altına qoymaq” istəmirdi. Sonanın oxumaq, təhsil almaq istəyinə “yox” demədilər. 1944-cü ildə Ağdam ikiillik müəllimlər institutuna daxil oldu. İnstitutu bitirdikdən sonra 1946-cı ilin sentyabrından 1949-cu ilin dekabrına kimi Zəngilan rayonunda, Qarababa 7 illik məktəbində ibtidai sinif müəllimi işlədi. Müəllimliyi də sevirdi, məktəbi də, şagirdləri də. Onun düşüncələrində məktəb yurd, sinif doğma ocaq, şagirdlər doğmalar idi. Bu sevgilərlə işləyirdi Sona müəllim. Sinif otağına bu sevgilərlə gedirdi, şagirdlərin əlindən tutub yazmağı bu sevgilərlə öyrədirdi, onların uşaq təfəkkürünə xalqın deyimlərini, bayatılarını, nağıllarını bu sevgilərlə köçürürdü. Ağlayanla kövrəlirdi, sevinənin sevincini bağrına basırdı, dərsdə dürüst cavab verənlərin saçlarını doğmalıqla oxşayırdı. Öyrətdiklərini şagirdlərin mənimsədiyinə əmin olmamasa dərsi yekunlaşdırmazdı, “Mənim üçün dərs 45 dəqiqədə tamamlanmır, mövzu mənimsədiləndən sonra tamamlanır. Belə olmasa, sinif otağına girmək günahdı, böyük günahdı, illərdən sonra da olsa özünü qınayarsan...” – deyərdi. Xatırlayıram: Sona müəllimin şagirdi olmuş cavanlardan biri deyirdi ki, Sona müəllim bizə “Məlikməmmədin nağılı”nı danışandan sonra soruşmuşdu: Kim Məlikməmməd olmaq istəyir? Hamımız “Mən!”, “Mən!” demişdik. İllər keçdi, Məlikməmməd olmasaq da Zəngilan üçün Məlikməmməd düşüncəli oğul olduq, Zəngilanı qoruyanların sırasında Sona müəllimin yüzlərlə şagirdi vardı. Onları postlara gedən görəndə müəllimimizin gözləri dolarmış.
Şeiri sevərdi Sona müəllimə, bayatılarımızı sevərdi. Hərdən bayatı pıçıldadığını da deyirdilər:
...daş atana,
Daşını çaş atana.
Əsgər balam, daş atın
Bu yana daş atana!..
Zəngilan işğal olunanda Sona müəllimin də ruhu sızıldayıb, bircə dəfə “offf” deyib elimizin müəllimi, xalqın sevdiyi müəllim, partiya işçisi...
Sona müəllim təkcə dərs dediyi aşağı sinif şagirdlərinin ömürlərinin cəfakeşi deyildi. Yuxarı sinif şagirdləri ilə də Vətəndən, torpaqdan, sərhədlərdən, Vətənə sevgidən, ədəbiyyatdan, incəsənətdən, ... danışardı. Şagirdlər Sona müəllimi özlərinə doğma bilirdilər, xırda çətinliklərini də onunla məsləhətləşməklə aradan qaldırırdılar. Dövlət onun yeniyetmələrlə, gənclərlə bu səviyyədə ünsiyyətini yüksək dəyərləndirdi, Sona müəllim partiya sıralarına qəbul edildi. Belə bir etimad o dövr üçün nadir hadisə hesab olunurdu. Bu, ictimai fəallığa verilən siyasi dəyər idi. Məktəbdə müəllimlər də, kəndin camaatı da gördü ki, işə sevgi nəticəsiz qalmır...
1949-cu ilin dekabr ayında Sona Hüseynovanı Qubadlı rayon komsomol komitəsinin birinci katibi seçdilər. Məktəbdən uzaqlaşırdı, şagirdlərindən uzaqlaşırdı. Ruhunda bir gizilti hiss etmişdi onda. Təsəllisi vaxtaşırı doğma məktəbinə gedə biləcəyi imkanları idi. Gedəcəkdi, şagirlərinin əhatəsində yenə xoş anlar yaşayacaqdı...
Yeni mühitdə, yeni iş yerində də ürəyinin hökmü ilə işləyirdi. Vəzifə borclarını vətəndaşlıq borcu ilə qoşalaşdırıb yerinə yetirirdi. Qısa müddətdə rayonun gənclərinin rəğbəti ilə əhatələndi. Gənclərin əmək cəbhəsinə cəlb edilməsində, onların sosializm yarışında fərqlənməsində yaradıcı, təşkilati fəaliyyəti rayon partiya komitəsinin diqqətindən yayınmadı, onu Azərbaycan KP MK yanında ikillik Respublika Partiya məktəbində təhsil almağa göndərdilər. Belə bir göndəriş dövrün siyasi etimad müstəvisində böyük nüfuz deməık idi və Sona Hüseynova bu nüfuzu zəhmətsevərliyi ilə, geniş dünyaduyumu ilə, rayonun, eləcə də respublikanın gələcəyi olacaq gənclərin gələcəyinin xeyirxahı olmağıyla qazanmışdı. Partiya məktəbində məsuliyyətlə təhsil aldı, necə deyərlər, qiymət üçün oxumadı, təhsil, bilik üçün oxudu. Məktəbi uğurla bitirdi.
1952-ci ilin avqust ayında Sona Hüseynova yüksək siyasi təhsi almış kadr kimi Qubadlı rayon Partiya Komitəsinin ikinci katibi vəzifəsinə seçildi. Yüksək siyasi biliyi və təşkilatçılığı təqdir edilən Sona Hüseynova bu vəzifədə 1953-cü ilin dekabr ayına kimi işlədi...
Həyat ailə ülgüsü üzərində qurulub; “Ailə bənzərsiz bir dünyadı, bu dünyanın işığı könüllərdən keçir, bu gün yaşanılsa da sabahları nurlandırır. Ailəni məbəd bilməyən yaxşı vətəndaş ola bilməz...., – Sona müəllim onu dinləyənlərə, onun söhbətlərindən mətləblər almağa maraqlı olanlara belə deyərdi...
1953-cü ilin dekabr ayında ailə vəziyyəti ilə əlaqədar Zəngilana qayıdan Sona Hüseynova Aladin kənd 7-illik məktəbinə ibtidai sinif müəllimi təyin edilib. Sona müəllim yeni təyinata “Su axmış arxdan bir də axar” deyiminin doğmalığıyla başlayıb. 1960-cı ilin noyabr ayına kimi burda işləyib. Həyatın qəribəlikləri həmişə olub: müəllim idi, partiya işinə cəlb olunmuşdu, ordan müəllimliyə qayıtmışdı, yenidən partiya işinə irəli çəkildi. 1960-cı ilin dekabrın 3-də Zəngilan Rayon Partiya Komitəsinin katibi vəzifəsinə seçildi. 1962-ci ilin aprel ayına kimi bu vəzifədə işlədi. Rayon Partiya Komitələri istehsalat prinsipinə uyğun qurulduğuna görə Sona Mirzə qızı Zəngilan şəhər orta məktəbinə ibtidai sinif müəllimi təyin edildi; sevdiyi sinif otaqları onu doğmalıqla qarşıladı...
1992-ci ilə kimi Zəngilan orta məktəbində müəllim işlədi, 1992-ci ilə kimi Zəngilanın maarif fədailərindən oldu, “Öyrədənlər Allaha bir köynək yaxın adamlardır. Xoş o adamın halına və aqibətinə ki, son nəfəsindən sonra ustad kimi anılacaq...”, – bu gözəl kəlamları da indi hamının xoş xatirələrlə, ehtiramlarla, sədaqətlə andıqları Sona Mirzə qızı Hüseynova deyib. İllər kəlamların üstündə yel əsdirə bilmir, həm də müəllim adı insan adı ilə həmişə qoşa çəkilir...
Sona Hüseynova metodist müəllim idi. Onun təcrübəsi öyrənilirdi, gənc müəllimlər neçə-neçə tanınmış pedaqoqlar kimi onun da öyrətmə metodlarını dərsliklərdə şərh olunanların davamı bilirdi. ...
Məktəbdə müəllim işləyəndə də, Rayon Partiya Komitəsində işləyəndə də fərqlənməyə marağı olmayıb. Düşünüb ki, “Fərqlənməyə meyil insanın xarakterində mənəvi aşınmalar yaradır. Mən ömrümü aşınmalar içində yaşamaram...”; duru ömür yaşayırdı Sona Hüseynova. Haqq, ədalət heç zaman əmək itirmir. Vəzifə borclarını layiqincə yerinə yetirdi, dəfələrlə Maarif Nazirliyinin təşəkkürünə və fəxri fərmanına layiq görüldü. İllər keçəndən sonra zaman anlamında dünənləri xatırlayanların sırasında Sona Hüseynovanı müəllimi, ustadı bilənlər də çoxdu...
Dərd duyumluları tez tapır.
Zəngilanda bir ustad jurnalist vardı: Nəriman Bəxtiyarov. Sona Hüseynovanın həyat yoldaşı idi. Dünyagörüşləri eyni ucalıqdan barınmışdı, düşüncələri eyni işıqdan. Nəriman müəllimin yaradıcı dünyasının mənəvi işğı idi Sona müəllim. Düşüncəli anlarının həmsöhbəti də o idi. Hərdən yazdığı məqalələrinin ilk oxucusu olurdu. İllər gözəl illər idi, günlər gözəl günlər idi. Ömrün illəri ikisinin də niyyətlərinin yolgöstərəninə dönürdü. Bu yol onlara xoşbəxtlik vəd edirdi, könül xoşluğuyla yaşanılacaq illər vəd edirdi. Nəriman müəllim də, Sona müəllim də dörd övladının sabahları üçün şam-çıraq eləmişdi ömrünü, el arasında buna “yelinə uçmaq” deyirlər, ikisi də balalarının “yelinə uçurdu”, 1978-ci ilin iyun ayının 24-ü bir müəllim ömrünü, duyumlu bir insan ömrünü, dörd övlad anasının acısına döndü. Nəriman müəllim həyatdan köçdü. Elbrus, Vidadi, İldırım, Maya anaları Sonanın Nəriman müəllimin son nəfəsinə sərilən nəfəsini övlad mehr-ülfəti ilə toxdada bilmirdi...
Zaman ömrünü xalqı üçün yaşayan bir insana – müəllimə, partiya işçisinə, sədaqətli həyat yoldaşına yamanlıq eləmişdi. Kimsəni qınamırdı Sona müəllim, taleyindən də gileyli deyildi. Bir ürək tutumunca təəssüflə Nərimansızlığın sıxıntılarını balalarından gizləyə-gizləyə, özünü ovuda-ovuda ayları il eləyirdi.
İllər Nərimansız ötüşsə də Nərimanın ruhunun arzuladığı kimi formalaşdırdı balalarını. 1992-ci il fevralın 10-da böyük oğlu Elbrus dünyadan köçdü. Ana ürəyi qanadı, ana ürəyinə qan sızdı, ana ürəyinin işığını qaranlıqlar bürüdü. Oğul itkisindən sonra yaşaya bilməyən analar haqqında çoxumuz eşitmişik. Bu, bənzərsiz sevgilərə görə olub. Sona müəllim deyərmiş ki, mən Allahdan ölüm istəyirəm. Elbrusdan sonra cəmi üç gün yaşadı Sona müəllim. Ruhu oğlunun ruhuna sarıldı...
Sona Mirzə qızı Hüseynova dünyagörüşlü insan olub. Dəyərli məsləhətləri həmsöhbətlərinin ömrünün sığalına dönüb, çətinə düşənlərin köməyinə çatıb.. Bir ömürdə neçə-neçə ömür yaşayıb Sona müəllim. İndi ruhu pıçıldayır ki, məni məndən sonra da müəllim kimi xatırlayırlar...
Bayram Məmmədov,
Əməkdar müəllim