Prezident İlham Əliyev Vyetnamın “Vietnam News Agency” agentliyinə verdiyi müsahibədə iki ölkə arasında möhkəm dostluq münasibətlərini və gələcəyə baxışı əks etdirən mühüm məqamlara toxunub.
Azərbaycan-Vyetnam münasibətləri dostluq və qarşılıqlı hörmət əsasında inkişaf etməkdədir. Tarixi təməllərə əsaslanan bu əlaqələr müasir dövrdə çoxşaxəli əməkdaşlıq formatına keçib.
Azərbaycan ilə Vyetnam arasında təmaslar ötən əsrin ortalarında formalaşmağa başlayıb. 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin Azərbaycan SSR-ə etdiyi səfər və 1983-cü ildə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışan Ümummilli Lider Heydər Əliyevin Vyetnama səfəri iki xalq arasında etimadın möhkəm təməlini qoymuşdur.
Müstəqillik illərində dövlət başçılarının qarşılıqlı səfərləri tərəfdaşlığın keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə səbəb olub. 2014-cü ildə Azərbaycan Prezidenti İlham Əliyevin bu ölkəyə dövlət səfəri və 2015-ci ildə Vyetnam Prezidenti Çıonq Tan Şanqın Azərbaycana rəsmi səfəri ikitərəfli əlaqələrin genişlənməsində mühüm önəm kəsb edir. Həmin səfər çərçivəsində keçirilmiş birinci Azərbaycan-Vyetnam biznes forumu energetika, tikinti, informasiya texnologiyaları, sənaye, nəqliyyat, turizm və digər sahələrdə perspektivləri nəzərdən keçirmək üçün platforma rolunu oynayıb.
İqtisadi, ticari, elmi və texniki sahələrdə əməkdaşlığın davamlı inkişafı məqsədilə Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyası yaradılıb. İki ölkənin xarici işlər nazirlikləri arasında mütəmadi siyasi məsləhətləşmələr keçirilir və parlamentlərarası əlaqələr çərçivəsində işçi qrupları fəaliyyət göstərir. Bu dialoq, həmçinin beynəlxalq platformalar çərçivəsində uğurla davam etdirilir. Azərbaycan və Vyetnam Qoşulmama Hərəkatı və BMT çərçivəsində bir-birinin mövqelərini dəstəkləyirlər.
2024-cü ildə iki ölkə arasında əmtəə dövriyyəsi 223,93 milyon ABŞ dollarına çatıb. Bu göstərici gələcəkdə daha geniş iqtisadi əməkdaşlıq üçün zəmin yaradır. Xüsusilə neft sektorunda 2019-cu ildə Azərbaycanın SOCAR ilə Vyetnamın “Binh Son Refinery and Petrochemical Company” şirkəti arasında imzalanmış müqavilə tərəfdaşlığın genişlənməsinə töhfə verib. Ölkəmizin neft mütəxəssisləri uzun illər Vyetnamın enerji sənayesinin inkişafında mühüm rol oynayıblar.
Mədəniyyət və təhsil sahələrində də səmərəli fəaliyyət mühüm əhəmiyyətə malikdir. Sovet dövründə 5 minə yaxın vyetnamlı tələbə ölkəmizdə təhsil alıb və onların bir çoxu bu gün Vyetnamın dövlət strukturlarında mühüm vəzifələr tutur. 2015-ci ildə Hanoyda təsis edilmiş Vyetnam-Azərbaycan Dostluq Assosiasiyası bu əlaqələrin möhkəmlənməsinə xidmət edir.
Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun humanitar sahədə uğurlu fəaliyyəti xüsusilə təqdirəlayiqdir. Fond 2018-ci ildə Vyetnamın Ha Giang əyalətində ibtidai məktəb inşa edib və bu missiyanı ardıcıl şəkildə davam etdirir. 2025-ci ilin aprelində Fondun vitse-prezidenti Leyla Əliyeva Vyetnama səfəri çərçivəsində bir sıra yüksək səviyyəli görüşlər keçirib, o cümlədən Azərbaycanda təhsil almış vyetnamlı məzunlarla bir araya gəlib və Hanoy Ticarət və Turizm Kollecinə maliyyə dəstəyi üzrə sertifikat təqdim edib.
Turizm sahəsində birgə təşəbbüslərin reallaşdırılması da əsas istiqamətlərdən biridir. Bakı ilə Vyetnam şəhərləri arasında birbaşa hava xəttinin açılması, mədəni proqramların icrası, səhiyyə və ətraf mühitlə bağlı layihələrin təşviqi bu istiqamətdə imkanları daha da artıracaq. Həmçinin Azərbaycan vyetnamlı tələbələri təqaüd proqramları çərçivəsində təhsil imkanları ilə dəstəkləməyə hazırdır. Prezident İlham Əliyev müsahibəsində bildirib ki, bu, akademik mübadilə, elmi tədqiqatlar və Azərbaycanla Vyetnam arasında şəxsi təmasların möhkəmləndirilməsi üzrə imkanları yaxşılaşdıracaq. Dövlətimizin başçısı qeyd edib ki, mübadilə proqramlarının reallaşdırılması, həmçinin elmi-texniki sahədə əməkdaşlıq ikitərəfli münasibətlərin inkişafı üçün daha bir perspektivli istiqamətə çevrilə bilər.
Qarşılıqlı səfərlər, birgə layihələr və siyasi dialoqlar çərçivəsində iki ölkənin dövlət rəsmiləri və hökumət üzvləri yeni hədəflərin reallaşması istiqamətində uğurla çalışırlar.
Mayın 7-də Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana səfəri dövlətlər arasında siyasi-iqtisadi inteqrasiyanın inkişafı, həmçinin humanitar və partiyalararası sahələrdə yeni mərhələyə keçid üçün əlamətdar hadisədir. Bu səfərin əhəmiyyətini vurğulayan Azərbaycan Prezidenti müsahibəsində bildirib ki, tərəflərin ikitərəfli münasibətlərin dərinləşdirilməsi səylərini əks etdirən və qarşılıqlı fəaliyyətdə yeni istiqamətlər açan bu hadisə böyük siyasi əhəmiyyətə malikdir. Bu kontekstdə bəhs olunan səfəri haqlı olaraq Azərbaycan-Vyetnam əməkdaşlığının inkişafında mühüm mərhələ kimi qiymətləndirmək olar.
Mahir Süleymanlı,
Milli Məclisin deputatı