10 may 2025 18:42
104

Vyetnam və Azərbaycan dost ölkələrdir

Azərbaycan və Vyetnam 60 ildən artıq dövrə söykənən tarixi dostluq, tərəfdaşlıq münasibətlərinə malikdir. İki ölkə əsas sektorlarda praqmatik yanaşma və ümumi maraqlara əsaslanan davamlı və qarşılıqlı faydalı əlaqələr qurur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vyetnam Sosialist Respublikasının “Vietnam News Agency” agentliyinə verdiyi müsahibə zamanı bu məsələyə xüsusilə toxunaraq bildirdi ki, Azərbaycanı və Vyetnamı yarım əsrdən artıq tarixə malik dostluq münasibətləri birləşdirir.

Azərbaycan və Vyetnam münasibətləri BMT və Qoşulmama Hərəkatı çərçivəsində qarşılıqlı etimada və dəstəyə əsaslanan konstruktiv əməkdaşlıq kimi xarakterizə olunur. Beynəlxalq hüququn norma və prinsiplərinə və eləcə də BMT TŞ-nın müvafiq qətnamələrinə uyğun olaraq ölkəmizin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına verdiyi dəstəyi ilə ədalətli mövqe sərgiləyən Vyetnamla Azərbaycan arasında dostluq münasibətləri mövcuddur. Bu münasibətlər dövlətlərimizin mənafeyinə uyğun ikitərəfli və çoxtərəfli müstəvidə tərəfdaşlığın daha da genişləndirilməsinə zəmin yaradır.

Bu günə qədər dövlətlərimiz arasında imzalanmış 20-dən çox müxtəlif məzmunlu Saziş və Anlaşmalar Azərbaycanla Vyetnam arasında siyasi, iqtisadi, elmi, ədəbi-mədəni əlaqələrin möhkəmlənməsinə, mədəni diplomatiyanın güclənməsinə əhəmiyyətli töhfələr verməkdədir.

Dövlət müstəqilliyi bərpa edildikdən sonra dövlət başçımızın 2014-cü ildə Vyetnama, 2015-ci ildə isə Vyetnam Sosialist Respublikasının Prezidenti Çıonq Tan Şanqın ölkəmizə səfəri münasibətlərdə yeni səhifə açıb. Azərbaycan və Vyetnam arasında siyasi məsləhətləşmələr aparılır, hər iki ölkənin parlamentlərində parlamentlərarası əlaqələr üzrə işçi qrupları fəaliyyət göstərir. Ölkələrimiz beynəlxalq təşkilatlarda əməkdaşlıq edirlər. Bu səfər parlamentlərarası əməkdaşlığa da müsbət təsir edəcəkdir.

Ölkələrimiz arasında neft-qaz, energetika, inşaat, informasiya-kommunikasiya, maliyyə, sənaye, ticarət, turizm, nəqliyyat, əczaçılıq və digər sahələrdə əməkdaşlıq həyata keçirilir. İqtisadi, ticarət, elmi və texniki əməkdaşlığa dair Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyası fəaliyyət göstərir

Mədəniyyət, humanitar, təhsil sahəsində ölkələrimiz arasında əməkdaşlığı xüsusi diqqətə çatdıran dövlət başçımız müsahibəsində onu da qeyd edib ki, hələ 35 il əvvəl “Azərbaycanfilm” kinostudiyası tərəfindən Bakı və Vunq Tau şəhərlərinin dostluğu haqqında “Ağ pələnglə görüş” adlı sənədli film çəkilib. Həmin dövrdən etibarən Bakı şəhərinin Xətai rayonundakı küçələrdən birinin “Vunqtau küçəsi” adlandırılması iki ölkə arasındakı dostluğun rəmzi olaraq yadda qalıb. Vunq Tau şəhəri hazırda Bakı ilə rəsmi olaraq qardaşlaşmış şəhər statusuna malikdir.

Müxtəlif sahələrdə əməkdaşlığın inkişafı, qarşılıqlı fəaliyyətin yeni istiqamətlərinin müəyyənləşdirilməsi məqsədilə iqtisadi, ticarət, elmi və texniki əməkdaşlıq üzrə Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyası yaradılıb. Komissiya mütəmadi dialoq və birgə təşəbbüslərin səmərəli reallaşdırılmasında mühüm platformadır.

 Dəyişən qlobal iqtisadi arxitektura və bir çox ölkələrin xarici iqtisadi əlaqələri şaxələndirmək səyləri kontekstində Vyetnamın Azərbaycanla əməkdaşlığa marağı təbii görünür. Bakıda keçirilən danışıqlar tərəfdaşlığın keyfiyyətcə yeni səviyyəsinə - daha strukturlaşdırılmış, strateji və uzunmüddətli nəticələrə yönəldilmiş mərhələyə keçmək üçün başlanğıc nöqtəsi olacaqdır.

Əminə Ağazadə,

Milli Məclisin deputatı