16 may 2025 00:29
123

Tərkibi ucuz, fəsadları baha - Palma yağı

Müasir dövrdə qida sənayesinin sürətli inkişafı nəticəsində istehlakçıların seçim imkanları genişlənib. Lakin bu müxtəliflik hər zaman insan sağlamlığı üçün müsbət nəticələr doğurmur. Xüsusilə sənaye üsulu ilə hazırlanmış, uzunmüddətli saxlanma məqsədilə dəyişdirilmiş tərkibli qida məhsullarının gündəlik rasionda artan payı sağlamlıq üçün ciddi risklər yaradır. Bu kontekstdə geniş istifadəsi ilə diqqət çəkən palma yağı həm qida texnologiyalarında, həm də ictimai sağlamlıq sahəsində geniş müzakirə olunan komponentlərdən birinə çevrilib. Mövcud elmi araşdırmalar, tibb mütəxəssislərinin tövsiyələri və beynəlxalq qurumların hesabatları palma yağının potensial təsirləri ilə bağlı ciddi narahatlıqları gündəmə gətirir.

“Əksər hallarda məhsulların daha ucuz xammaldan hazırlanması və rəf ömrünün uzadılması əsas prioritetə çevrilib”

“Qida təhlükəsizliyi Hərəkatı”nın rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, günü-gündən inkişaf edən dünyada, xüsusilə də qida çeşidlərinin artdığı bir dövrdə, bu müxtəlifliyin hər zaman sağlamlıq baxımından faydalı olmadığını görürük: “Əksər hallarda məhsulların daha ucuz xammaldan hazırlanması və rəf ömrünün uzadılması əsas prioritetə çevrilib. Bu səbəbdən də istehsalda palma yağından geniş şəkildə istifadə olunur. Palma yağı məhsulların xarab olma müddətini gecikdirir, onlara uzunmüddətli saxlanma imkanı verir və həmçinin daha ucuz başa gəlir. Məhz buna görə də bir çox qida məhsullarında onun istifadəsi yayılmışdır”.

Mütəxəssiz qeyd etdi ki, bir sıra ölkələrdə məhsulların tərkibində palma yağının istifadəsinə icazə verilsə də, bəzi ölkələrdə xüsusilə uşaq qidalarında bu yağa ciddi qadağalar qoyulub: “Avropa Qida Təhlükəsizliyi Agentliyinin 2016-cı ildə apardığı bir araşdırmada da qeyd olunmuşdur ki, gündəlik qidalanmada davamlı olaraq palma yağından istifadə edən insanlarda sağlamlıq üçün təhlükəli nəticələr ortaya çıxır. Bu gün supermarketlərdə satılan paketlənmiş qidaların, restoran və iaşə obyektlərində təqdim olunan qızartmaların, şirniyyatların əksəriyyətində palma yağından istifadə olunur.

Bəzən bu yağın istifadəsi məhsulun üzərində açıq şəkildə göstərilmir. Əvəzində “bitki yağı” adı ilə qeyd edilir və ya kimyəvi kodlarla gizlədilir. Hətta bəzi hallarda “bir neçə bitki yağları” kimi qeyri-müəyyən ifadələrlə istehlakçıya konkret məlumat verilmir. Bu da onu göstərir ki, alıcılar istehlak etdikləri məhsulun tərkibi haqqında yetərincə məlumatlı olmurlar”.

Məhsəti Hüseynova vurğuladı ki, palma yağı iki üsulla əldə olunur: həm meyvəsindən, həm də dənələrindən. Sənaye üsulu ilə istehsal edilən bəzi növləri qida üçün yararlı deyil: “Təbii formada olan palma yağında A və E vitaminləri, doymamış yağ turşuları mövcuddur. Az miqdarda və ara-sıra istifadə olunduqda bu yağ o qədər də zərərli sayılmır. Lakin mütəmadi istifadəsi, xüsusilə də 20 yaşına qədər olan uşaqlarda və yeniyetmələrdə inkişafın geriləməsinə və müxtəlif xəstəliklərin erkən yaşda meydana çıxmasına səbəb ola bilər.

Bəzi inkişaf etmiş ölkələrdə məhsulların üzərində “Palma yağı yoxdur” və ya “Palma yağı istifadə edilməyib” kimi ifadələr yer alır. Bu cür məhsullar daha keyfiyyətli – yəni “premium” kateqoriyalı məhsullar hesab olunur. Sağlam qidalanmağa üstünlük verən insanlar üçün palma yağı tərkibli məhsullardan uzaq durmaq tövsiyə edilir. Uşaq qidalarında bu yağa yer verilməsi isə ümumiyyətlə yolverilməzdir. Uşaqlar gündəlik qidalarını təbii mənbələrdən almalı və immun sistemləri sağlam şəkildə formalaşmalıdır”.

Mütəxəssiz palma yağının həddən artıq istifadəsinin orqanizmdə “pis xolesterin” kimi tanınan LDL səviyyəsini artırdığını, “yaxşı xolesterin” – HDL səviyyəsini isə azaldığını diqqətə çatdırdı: “Bu isə bir çox ürək-damar və digər xəstəliklərin yaranmasına səbəb olur. Bunu Dünya Səhiyyə Təşkilatının və BMT-nin Qida və Kənd Təsərrüfatı Təşkilatının araşdırmaları da açıq şəkildə ortaya qoyur.

Təbii ki, hər bir qida məhsulunun müəyyən mənfi təsiri ola bilər. Amma əsas məsələ onlardan gündəlik və davamlı şəkildə istifadə etməməkdir. Güclü immun sisteminə sahib insanlar az miqdarda palma yağı qəbul etdikdə bunu dərhal hiss etməyə bilər. Amma daim paketlənmiş, kimyəvi tərkibli, keyfiyyətsiz yağlarla hazırlanmış məhsullardan istifadə edən insanlarda isə həm sağlamlıq problemləri, həm də inkişaf geriliyi açıq şəkildə müşahidə olunur”.

"Nəzərə almalıyıq ki, keyfiyyətsiz və ya yüksək temperaturda emal olunmuş palma yağları toksik birləşmələrin yaranmasına səbəb ola bilər"

Mövzu ilə bağlı fikirlərini bölüşən sağlam qida təbliğatçısı Asim Vəliyev isə palma yağının istehsal coğrafiyası, sənayedə geniş tətbiqi və bu yağın qida təhlükəsizliyi baxımından doğura biləcəyi risklərə diqqət çəkdi. Bildirdi ki, palma yağı tropik bölgələrdə, əsasən İndoneziya və Malayziyada istehsal olunan və dünyada ən çox istifadə edilən bitki yağlarından biridir: “Onun qida sənayesində geniş tətbiqi aşağı qiyməti, sabitliyi və uzunmüddətli saxlanılma xüsusiyyətləri ilə bağlıdır. Palma yağının insan sağlamlığına təsiri tibb və ictimai səhiyyə sahələrində davamlı müzakirə edilir. Palma yağının əsas tərkibində olan xüsusilə palmitik turşu yüksək miqdarda olduğundan bu yağın qanda LDL xolesterini artıraraq ürək-damar xəstəlikləri riskini yüksəldə bilər. Emal edilməmiş (qırmızı) palma yağı E vitamini, xüsusilə tokoferollar və tokotrienollar, beta-karoten və antioksidantlarla zəngindir, bu da müəyyən faydalar təmin edə bilər. Lakin biz palma yağını təbii şəkildə qəbul etmədiyimizdən bu faydasından istifadə edə bilmirik”.

Mütəxəssis qeyd etdi ki, palma yağı uşaq qidalarından tutmuş, şokolad, peçenye, çips, sabun və kosmetik məhsullara qədər minlərlə gündəlik istehlak məhsulunda istifadə olunur: “Bəzi tədqiqatlar göstərir ki, xüsusilə süd əsaslı uşaq formulalarında istifadə edildikdə, palma yağı kalsiumun sorulmasını azalda bilər və bəzən uşaqda qəbizlik yarada bilər. Buna görə bəzi istehsalçılar palma yağı əvəzinə digər bitki yağlarına üstünlük verirlər. Nəzərə almalıyıq ki, keyfiyyətsiz və ya yüksək temperaturda emal olunmuş palma yağları toksik birləşmələrin yaranmasına səbəb ola bilər. Bu maddələrin uzunmüddətli təsiri potensial kanserogen kimi qiymətləndirilir və bu, xüsusilə uşaqlar üçün riskli hesab edilir”.

Asim Vəliyev palma yağının keyfiyyətinin və təhlükəsizliyinə nəzarətin müxtəlif beynəlxalq və milli qurumlar tərəfindən həyata keçirildiyini diqqətə çatdırdı: “Avropa Qida Təhlükəsizliyi Təşkilatı (EFSA), ABŞ Qida və Dərman Administrasiyası (FDA) və Codex Alimentarius kimi qurumlar palma yağı ilə bağlı təhlükəsizlik meyarları müəyyənləşdiriblər. Etiket məlumatlarında palma yağının istifadə olunduğuna dair məlumat öz əksini tapmalıdır”.

"Palma yağı piylənməyə, insulin müqavimətinin yaranmasına və nəticədə şəkərli diabetin inkişafına səbəb ola bilər"

Palma yağının insan orqanizminə təsirləri ilə bağlı tibbi yanaşmanı isə dietoloq Alidə İbrahimova daha geniş şəkildə izah edir. O bildirir ki, palma yağı ilə hazırlanmış məhsulların müntəzəm istehlakı piylənmə və ürək-damar xəstəlikləri riskini artırır: “Bunun əsas səbəbi palma yağının yüksək doymuş yağ turşuları – xüsusilə də palmit turşusunun – tərkibində olmasıdır. Bu doymuş yağlar qanda pis xolesterin (LDL) səviyyəsini artıraraq damarların divarlarında yağ yığıntıları əmələ gətirir və nəticədə ateroskleroz, infarkt və insult kimi ürək-damar xəstəliklərinə səbəb ola bilər. Palma yağı ilə zəngin olan hazır qidalar yüksək kalorili və az qidalandırıcı olduğu üçün piylənməyə, insulin müqavimətinin yaranmasına və nəticədə şəkərli diabetin inkişafına səbəb ola bilər. Piylənmə də öz növbəsində ürək-damar xəstəlikləri üçün müstəqil risk faktorudur. Buna görə də müntəzəm surətdə xüsusilə yüksək kalorili qidalarla birlikdə, palma yağı istehlakı, piylənmə və ürək-damar xəstəlikləri riskini ciddi şəkildə artırır”.

Dietoloqun fikrincə, palma yağı, zeytun, günəbaxan və qarğıdalı yağlarına nisbətən bir neçə vacib xüsusiyyətlə fərqlənir: “İlk növbədə, palma yağı doymuş yağ turşuları baxımından çox zəngindir, təxminən 50%-i doymuş yağdır. Zeytun yağı isə əsasən tək doymamış yağ turşuları (oleik turşusu) ilə zəngindir və bu, ürək sağlamlığı üçün faydalıdır. Günəbaxan və qarğıdalı yağları isə çox doymamış yağ turşuları (linoleik turşusu) ilə zəngindir və bu yağlar da iltihabı azaldıcı təsirə malikdir. Bu baxımdan, zeytun və günəbaxan yağı ürək-damar sağlamlığını dəstəkləyir, palma yağı isə yüksək doymuş yağ tərkibi ilə qanda pis xolesterinin artmasına və damarların tıxanmasına səbəb ola bilər”.

Nigar Orucova, “İki sahil”