Milli Məclisin sədri Sahibə Qafarova Gürcüstanın milli bayramı – Müstəqillik Günü münasibəti ilə keçirilən tədbirdə iştirak edib.
“İki sahil” xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Tədbirdə çıxış edən Milli Məclisin sədri Gürcüstanın Müstəqillik Günü münasibəti ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin səmimi təbriklərini və ən xoş arzularını çatdırıb.
Azərbaycanla Gürcüstan arasında əlaqələrin dərin tarixi kökləri olduğunu deyən spiker Sahibə Qafarova bildirib ki, əsrlər boyu xalqlarımız birlikdə olmuş, dostluq və mehriban qonşuluq şəraitində yaşamış və daim bir-birini dəstəkləmişlər.
XX əsrin əvvəllərində Gürcüstan Demokratik Respublikası ilə Azərbaycan Xalq Cümhuriyyəti arasında səmərəli əməkdaşlıq əlaqələri qurulmuşdu. Bu gün isə dost və qardaş dövlətlərimiz arasında münasibətlər strateji xarakter daşıyır və Cənubi Qafqazda sabitləşdirici rol oynayır.
Azərbaycan və Gürcüstan mehriban qonşuluq, dövlət suverenliyinə və ərazi bütövlüyünə hörmət siyasəti yeridirlər və bu, digər dövlətlər üçün də nümunədir. Biz bütün bölgədə sülh, sabitlik və dayanıqlı inkişaf uğrunda çıxış edirik və bir-birimizin uğurlarına da sevinirik.
Ölkə rəhbərlərinin qarşılıqlı səfərləri, müntəzəm görüşləri onların bu əlaqələrə nə dərəcədə böyük əhəmiyyət verdiyinin bariz ifadəsidir. Dövlət başçıları arasında mövcud olan yüksək səviyyəli siyasi dialoq münasibətlərimizin bütün sahələrdə daha da möhkəmlənməsinə və dərinləşməsinə təkan verir.
Milli Məclisin sədri bildirib ki, ölkələrimiz ikitərəfli səmərəli əməkdaşlığın möhkəm və davamlı modelini yaratmışlar və bu əməkdaşlıq siyasətdən iqtisadiyyata, elm və təhsildən mədəniyyətə qədər ən müxtəlif sahələri əhatə edir. İqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın fəaliyyəti iş birliyinin genişlənməsi üçün yeni imkanlar yaradır.
Azərbaycan Gürcüstan iqtisadiyyatına, o cümlədən energetika və nəqliyyat kimi mühüm sahələrə ən çox sərmayə qoyan dövlətlərdən biridir. Uğurlu iş birliyimizin bəhrəsi olan Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Bakı-Tbilisi-Qars dəmiryol xətti kimi layihələr xalqlarımızın rifahına xidmət etməklə yanaşı, Şərqlə Qərb, Avropa ilə Asiya arasında yeni nəqliyyat-enerji dəhlizinin formalaşmasında önəmli rol oynayır.
Ölkələrimiz arasında humanitar əməkdaşlığın əhəmiyyətindən danışan Milli Məclisin sədri qeyd edib ki, Gürcüstanda yaşayan azərbaycanlılar Gürcüstan cəmiyyətinin, Azərbaycanda yaşayan gürcülər isə Azərbaycan cəmiyyətinin ayrılmaz hissələridir və hər iki dövlətdə hörmət və qayğı ilə əhatə olunublar. Onlar dost və qardaş ölkələrimiz arasında humanitar əlaqələrin inkişafına böyük töhfə verirlər.
Təhsil, elm, mədəniyyət sahələrində görülən işlər, xüsusən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondu tərəfindən Gürcüstanda həyata keçirilən çoxsaylı layihələr xalqlarımızın və dövlətlərimizin daha da yaxınlaşmasına kömək göstərir.
Spiker diqqətə çatdırıb ki, Azərbaycanla Gürcüstan arasında mövcud olan qarşılıqlı inam, etimad və dəstək beynəlxalq miqyasda fəaliyyətimizdə də öz əksini tapır. Bütün beynəlxalq təşkilatlarda Azərbaycan və Gürcüstan daim həmrəylik nümayiş etdirirlər.
Milli Məclisin sədri çıxışının sonunda Azərbaycanla Gürcüstan arasında mövcud olan möhkəm dostluq və tərəfdaşlıq münasibətlərinin qarşıdakı illərdə daha da inkişaf edəcəyinə və xalqlarımızın tərəqqisinə xidmət edəcəyinə əminliyini ifadə edib. Spiker bir daha bayram münasibətilə təbriklərini çatdırıb, qardaş Gürcüstana yeni uğurlar, sülh və sabitlik arzularını ifadə edib.