25 may 2025 18:12
534

Ağa Hacıbəylinin “Həqiqətin izində” kitabının təqdimat mərasimi baş tutub

İBİS oteldə “Mənəvi birlik işığında multikultural dəyərlər” tədbiri və ilahiyyatçı-yazar Ağa Hacıbəylinin “Həqiqətin izində” kitabının təqdimat mərasimi baş tutub.

İki sahil”in məlumatına görə, təqdimatda Azərbaycan İlahiyyat İnstitutunun rektoru, dos., f.ü.f.d Aqil Şirinov, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini, Əməkdar artist Rafiq Həşimov, Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondunun icraçı direktoru Pərviz Əmirov, araşdırmaçı-yazar Muxtar Cəfərli, Əməkdar incəsənət xadimi, jurnalist Şəfəq Sultan Əlixanlı, Qarabağ qazisi, jurnalist Rey Kərimoğlu, şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri və oxucular iştirak edib.

Tədbirə açılış nitqi ilə başlayan Səyyarə Səyyaf gələn qonaqları salamlayaraq multikultural dəyərlər, bütün dəyərlərə hörmətlə yanaşmağın əhəmiyyətinə, həmçinin Ağa Hacıbəylinin yaradıcılığına toxunub. O, kitabın insan həyatına təsirindən, insanın kamilləşməsi üçün kitaba duyduğu ehtiyacdan danışıb.

Daha sonra “Həqiqətin izində” kitabının nəşr prosesindən, kitabdakı irfani və insani mesajların əhəmiyyətindən bəhs edərək müəllifə belə faydalı əsər ərsəyə gətirdiyi üçün təşəkkür edib.

Daha sonra Aqil Şirinov, Rafiq Həşimov, Muxtar Cəfərli, Şəfəq Sultan Əlixanlı, Rey Kərimoğlu, şəhid ailələri və qazilər söz alaraq multikultural dəyərlərin təbliği və bu məsələdə tolerantlığın əhəmiyyəti, Ağa Hacıbəyli yaradıcılığı və kitab barədə fikirlərini bölüşüb, müəllifə növbəti işlərində uğurlar diləyiblər.

Öz növbəsində Ağa Hacıbəyli gələn bütün qonaqlara təşəkkürünü bildirib, deyilən xoş sözlərdən razılığını ifadə edərək “Həqiqətin izində” kitabının yazılmasından, niyə bu kitabı yazmağa ehtiyac duymasından danışıb.

Qeyd edək ki, kitab müxtəlif dini-mənəvi məsələlərə toxunur. Kitabda müəllif problemləri və yaradılış həqiqətinə dair mövzuları vəhdət halında təqdim edərək mübahisəli məqamlarda ümmətin dini-ictimai birliyini, həmrəyliyini ifrat və təfritə yol vermədən əsaslandırır. Əsərdə müxtəlif islami fikir məktəblərinə baxış mötədil xarakter kəsb edir, onlar arasındakı vəhdətin Quran nuru ilə təmin edilməsinin mümkünlüyünə diqqət çəkilir, müsəlmanlar arasında qardaşlıq münasibətinin təşəkkül və inkişafının hava-su kimi vacib olduğu vurğulanır.