Azərbaycan Respublikasının Kubadakı Səfirliyinin təşkilatçılığı ilə 28 May – Azərbaycan Respublikasının Müstəqillik Günü ilə bağlı paytaxt Havana şəhərində rəsmi qəbul keçirilib.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Səfirliyi məlumat yayıb.
Bildirilib ki, qəbulda fəxri qonaq qismində Kubanın rabitə naziri Mayra Areviç və xarici işlər nazirinin müavini Anayansi Rodriqez Kamexo ilə yanaşı Kuba Xarici İşlər Nazirliyinin, Kuba Kommunist Partiyası Mərkəzi Komitəsinin nümayəndələri, digər dövlət qurumlarının təmsilçiləri, diplomatik korpusun, elmi-akademik dairələrin və KİV-in nümayəndələri iştirak edib.
Tədbir Azərbaycan və Kuba Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
Qəbulda çıxış edən ölkəmizin Kubadakı səfiri Ruslan Rzayev qonaqlara 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk Demokratik Respublikanın məhz Azərbaycanda qurulması barədə məlumat verib. O, Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu cəmi 23 ay kimi qısa zamanda dövlət quruculuğu, milli təhlükəsizliyin təmin edilməsi, ərazi bütövlüyünün möhkəmləndirilməsi kimi sahələrdə əldə etdiyi tarixi nailiyyətlərdən bəhs edib.
Səfir 1991-ci ildə ölkəmizin müstəqilliyini bərpa etdikdən sonra ilk illərdə üzləşdiyi çətinliklər barədə danışıb. R.Rzayev müstəqilliyimizin möhkəmləndirilməsi, Azərbaycanın sosial-iqtisadi inkişafı, beynəlxalq səviyyədə nüfuzunun artması və uğurlu xarici siyasətinin həyata keçirilməsi istiqamətində Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyevin əvəzolunmaz xidmətləri haqqında tədbir iştirakçılarını məlumatlandırıb.
Diplomat çıxışı zamanı Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə 2025-ci ilin Azərbaycanda “Konstitusiya və Suverenlik ili” elan edildiyini söyləyib. O, bu qərarın Azərbaycan Konstitusiyasının qəbulunun 30 illiyi və Azərbaycan torpaqlarının Ermənistan tərəfindən uzunmüddətli işğalına son qoyan Vətən Müharibəsində qələbənin 5 illiyi münasibətilə qəbul edildiyini vurğulayıb.
R.Rzayev Azərbaycanın yekdilliklə 2023-cü ilin dekabr ayında COP29-a ev sahibi ölkəsi seçildiyini, 2024-cü ildə Bakıda keçirilən konfransda 197 ölkədən 76 000 insanın iştirak etdiyini, tədbirdə 80-dən çox dövlət və hökumət başçısı, beynəlxalq təşkilatların rəhbərlərinin təmsil olunduğunu bildirib və ölkəmizin COP29-a sədrliyi çərçivəsində əldə etdiyi uğurlar barədə danışıb.
Səfir, həmçinin, Azərbaycan-Kuba əlaqələrinə toxunaraq, son dövrlərdə ikitərəfli münasibətlərdə müşahidə olunan müsbət dinamikadan, qarşılıqlı yüksək səviyyəli səfərlərdən danışıb və ölkələrimiz arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş imkanların mövcud olduğunu diqqətə çatdırıb.
Qəbul zamanı Azərbaycan Xalq Cümhuriyyətinin tarixi, Azərbaycanın mədəniyyəti, turizm imkanları, COP29 barədə videoçarxlar nümayiş olunub və qonaqlara milli şirniyyatlar təqdim edilib.