01 iyun 2025 08:29
314

Xoşbəxt olsun uşaqlar…

Dünyanın əksər ölkələrində olduğu kimi, 1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü hər il Azərbaycanda da yüksək səviyyədə qeyd edilir

Bildiyimiz kimi, 1950-ci il iyunun 1-də BMT Baş Assambleyasının təşkilatçılığı ilə keçirilən qadınların beynəlxalq konfransında iyunun 1-ni uşaqların müdafiəsinə həsr etmək qərara alınıb. Bundan sonra həmin gün uşaqların beynəlxalq müdafiəsi günü kimi tarixə düşüb.

Bütün demokratik dövlətlərdə olduğu kimi, Azərbaycanda da uşaq hüquqlarının qorunmasına xüsusi önəm verilir. Uşaqların sağlam, hərtərəfli, Vətənə layiqli övladlar kimi böyümələri üçün hər cür şərait yaradılıb. Ölkəmizdə uşaqlar daim yüksək qayğı, diqqət və nəvazişlə əhatə olunublar. Azərbaycan cəmiyyəti həmişə uşaqlara məhəbbətlə yanaşıb, onların sağlam və gümrah, eyni zamanda, savadlı və vətənpərvər böyümələri üçün hər cür şərait yaratmağa çalışıb.

Azərbaycanda dövlət uşaq siyasətinin əsası Ümumilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Müstəqil Azərbaycan dövlətinin qurucusu olan Ulu Öndər uşaqları sonsuz məhəbbətlə sevirdi və onlara böyük qayğı və diqqət göstərirdi. Azərbaycan körpələrinin sağlamlığı, onların yaxşı təhsil və təlim-tərbiyə alması, Vətən və xalq üçün gərəkli övlad kimi böyüməsi Ümummilli Liderin daim diqqətində olmuşdur. Ulu Öndərimiz  uşaqlara dövlət səviyyəsində qayğını həmişə diqqətdə saxlayırdı. Azərbaycan Respublikasının 1994-cü ildə BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasına qoşulması ölkəmizin uşaq hüquqlarına yüksək dəyər verdiyini, uşaqların ehtiyaclarının hərtərəfli təmin olunması istiqamətində işlər görmək niyyətini ortaya qoyub. Eyni zamanda, “SOS Kinderdorf İnternəşnl” təşkilatı ilə Azərbaycan Respublikası hökuməti arasında əldə olunmuş razılaşmaya əsasən “Bakı SOS uşaq kəndi” yaradılıb.

Azərbaycanda uşaq problemlərinin həlli bu mühüm sahədə dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Uşaq problemləri hər zaman diqqət mərkəzində olub. Belə ki, ölkəmiz uşaqların müdafiəsi və qayğı ilə əhatə olunması sahəsində fəal dövlət siyasətinə malikdir. Prezident İlham Əliyevin sosial sahəyə xüsusi qayğısı ölkəmizdə uşaqların müdafiəsi, sosial təminat və reabilitasiya sistemi ilə əhatə olunmaları, uşaq qayğı sisteminin inkişafı istiqamətində də tədbirlərin ildən-ilə güclənməsinə imkan verib. Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyi olan uşaqlara, ailə başçısını itirən və aztəminatlı (ünvanlı sosial yardım alan) ailələrdəki uşaqlara, şəhid ailələrinin, müharibə ilə əlaqədar əlilliyi olanların, beşdən çox uşağı olan qadınların, müddətli hərbi xidmət qulluqçularının uşaqlarına aylıq sosial ödənişlər edilir. Əlilliyi olan uşaqlara və işləyən valideynlərdən üç yaşadək uşaqlara qulluq edənlər, valideyn himayəsindən məhrum uşaqların qəyyumları, övladlığa və himayəyə uşaq götürənlər aylıq sosial ödənişlə təmin edilirlər. Yeni doğulan uşaqlara görə ailələrə, habelə himayəyə götürdükləri uşaqlara mövsümi geyim alınması üçün himayədar ailələrə birdəfəlik müavinət verilir. Həmin sosial ödənişlər ümumilikdə 600 mindən çox şəxsi əhatə edir və bu ödənişlər mütəmadi olaraq artırılır. Xüsusilə son beş ildə ölkədə müavinət və təqaüd ödənişlərində 5 dəfə artım olub.

Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi həssas qruplardan uşaqların da reabilitasiyasında, yaradıcı potensiallarının inkişafına dəstək göstərilməsində mühüm rola malikdir. Mərkəzdə ötən dövrdə 550 nəfərdən çox benefisiar təlimə və sosial-psixoloji dəstək tədbirlərinə cəlb edilib ki, onlardan 293-nü uşaqlar təşkil edib. Əlilliyi olan uşaqların reabilitasiyası və sosial xidmətlərlə təminatı sahəsində də ardıcıl işlər aparılır. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı çərçivəsində nazirliyin əlilliyi olan uşaqlar üçün sosial xidmət müəssisələrində müasir tələblərə uyğun şərait yaradılıb. Son illər Qəbələ və Şəmkirdə də Uşaq Reabilitasiya mərkəzləri yaradılmaqla nazirliyin uşaq reabilitasiya müəssisələrinin sayı 4-ə çatdırılıb. Digər bölgələrdə də belə müəssisələrin yaradılması nəzərdə tutulur. Ölkəmizdə uşağa qayğı sisteminin inkişaf etdirilməsi sahəsində növbəti addım olaraq “Himayədar ailə” modeli də tətbiq olunur. Valideynlərini itirmiş, valideyn himayəsindən məhrum uşaqların ailə mühitində böyüməsi və inkişafına xidmət “Himayədar ailə” qayğı modeli çərçivəsində 15-də artıq uşaq artıq himayədar ailələrə verilib.

Təəsüflər olsun ki, müasir dövrdə, milli mədəniyyətin yad təsirlərə məruz qaldığı qloballaşma əsrində uşaqların milli-mənəvi dəyərlər əsasında düzgün tərbiyə olunması, sağlam əxlaqi mühitdə yetişməsi, kamil dünyagörüşünün formalaşması da aktual məsələlərdən biridir. Çağdaş dünyanı təhdid edən qlobal cinayətlər sırasında uşaqların sağlamlığına, mənəviyyatına zidd əqli və fiziki əməyə, habelə narkotik vasitələrə, narkobiznesə, insan alverinə, terrorizmə cəlb olunması, daxili orqanların transplantasiyası geniş yer tutur. Getdikcə transmilli xarakter alaraq daha geniş coğrafi arealı əhatə edən bu cinayətlər uşaq problemlərinə yeni dünya nizamının acı reallıqları kontekstindən yanaşılmasını, hər addımda köməyə ehtiyac duyan körpələrin hüquqlarının bütün səviyyələrdə qorunmasını obyektiv zərurətə çevirir.

Ölkəmizdə dövlətin hüquq sisteminin əsasını təşkil edən Konstitusiya və qanunlarla uşaq hüquqlarına etibarlı təminat mexanizmləri yaradılıb. Məqsəd uşaqların layiqli, firavan yaşayış səviyyəsinin, təlim-tərbiyəsinin, təhsilinin, sosial müdafiəsinin, sağlamlığının yüksək səviyyədə təşkil edilməsidir. Dövlətimizdə uşaqların sosial və hüquqi müdafiəsi ilə bağlı məsələlər Konstitusiya, qanunverici və normativ-hüquqi aktlarla tənzimlənir. Bu sahədə əsas normativ sənəd 1998-ci il mayın 19-da qəbul edilmiş "Uşaq hüquqları haqqında" Azərbaycan Respublikasının Qanunudur. Əlbəttə ki, uşaq hüquqlarının müdafiəsi yalnız bir dövlətin deyil, beynəlxalq birliyin, vətəndaş cəmiyyətlərinin, həmçinin siyasi və sosial qüvvələrin birgə səyləri nəticəsində mümkündür. Əgər ailə dövlətin kiçik modelidirsə, uşaqlar da ailənin özəyidir. Çalışmalıyıq ki, onların məsumluğunu, təbəssümünü, xoşbəxtliyini qoruyub saxlaya bilək. Biz elə etməliyik ki, gələcəyimiz olan uşaqlar sağlam və gümah, vətəninə, xalqına layiq əsl vətəndaş kimi böyüsünlər. Bütün bunlara nail olmaq üçün isə hər birimiz səylərimizi birləşdirməliyik.

Sevinc Azadi, “İki sahil”