Azərbaycan beynəlxalq arenada balanslı və çoxşaxəli siyasət yürütməklə qlobal təşəbbüslərdə fəal iştirak etməyə və strateji tərəfdaşlıqları gücləndirməyə önəm verir. Bu gün Azərbaycan-Türkiyə-Pakistan birliyinin, həmrəyliyinin təsdiqi olan Laçın Zirvə görüşü münasibətlərimizin dünəninə bir daha nəzər salmağı bir zərurət kimi qarşıya qoyur. Tarixi Zəfərimizdən sonrakı dövrün əsas reallıqlarından biri də Azərbaycanın regionda və dünya siyasətində rolunun artmasıdır.
Bircə faktı qeyd etmək kifayətdir ki, Azərbaycan Cənubi Qafqazın ən böyük enerji təchizatçısı olaraq, Türkiyə vasitəsilə Avropaya enerji tədarükünü uğurla davam etdirir. Bu əməkdaşlığın əsasını Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəməri kimi strateji layihələr təşkil edir. 2020-ci ildən tam fəaliyyətə başlayan TANAP (Trans-Anadolu Qaz Boru Kəməri) layihəsi isə Azərbaycan qazını Türkiyə üzərindən Avropaya çatdırmaq üçün yeni imkanlar yaradıb. TANAP Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında və Azərbaycanın enerji ehtiyatlarının dünya bazarına çıxarılmasında mühüm rol oynayır. Genişlənən enerji əməkdaşlığı çərçivəsində Azərbaycan və Türkiyə arasında daha bir mühüm layihə isə İğdır-Naxçıvan qaz kəməridir. Bu layihə uzun illər blokada şəraitində yaşamış Naxçıvan Muxtar Respublikasının enerji təhlükəsizliyini təmin etməklə yanaşı, regionun iqtisadi və sosial inkişafına da töhfə verir. Uzaqgörən siyasi yanaşmanın nəticəsi olan bu kəmər, Naxçıvanın təbii qaz təminatında etibarlı alternativ yaradır və bir mənbədən asılılığın aradan qaldırılmasına şərait yaradır. İki ölkə arasında ticarət dövriyyəsi də ildən-ilə artır, qarşılıqlı sərmayə qoyuluşu genişlənir, birgə sənaye zonaları yaradılır.
Dövlət başçısı İlham Əliyev 28 May-Müstəqillik Günündə Laçında keçirilən Zirvə görüşündəki çıxışında da əsas diqqət göstərdiyi məsələlərdən biri məhz enerji sektorunda əməkdaşlıq oldu. Vurğuladı ki, siyasət, iqtisadiyyat, energetika, qarşılıqlı investisiyalar, nəqliyyat, müdafiə, kənd təsərrüfatı, informasiya texnologiyaları və digər sahələrdə əməkdaşlığın birgə layihələr, proqramlar vasitəsilə daha böyük sürətlə inkişaf edəcəyinə inanırıq. Azərbaycan Türkiyə iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox sərmayə qoyub, Pakistan iqtisadiyyatına 2 milyard ABŞ dolları qoymağa hazırdır. Hazırda konkret investisiya layihələri üzrə işlər gedir. Azərbaycan və Türkiyənin əməkdaşlığı nəticəsində yalnız bölgəmizin deyil, geniş coğrafiyanın enerji xəritəsi dəyişib. Ölkələrimiz enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rola malik olub və bu gün bərpaolunan enerjinin istehsalı və ixracı istiqamətində geniş layihələrə start verilib. Bununla yanaşı, Azərbaycan və Türkiyədən keçməklə Asiya ilə Avropanı birləşdirən nəqliyyat yolları strateji əhəmiyyət daşıyır. Multimodal yük marşrutunun inkişafı yolu ilə Pakistanın da bu təşəbbüsdə yaxından iştirakının əməkdaşlığımıza daha da təkan verəcəyinə əminlik ifadə olundu. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirdi ki, əməkdaşlığımızın son dərəcə strateji aspektini təşkil edən nəqliyyat sahəsində “İnkişaf Yolu”, “Orta Dəhliz” və “Şimal-Cənub Nəqliyyat Dəhlizi” kimi layihələrə birlikdə töhfə verəcəyik. Mədəniyyət və təhsil sahələrində, xüsusilə də gənclərimizin və alimlərimizin qarşılıqlı təmaslarını artıracaq layihələr üzərində çalışacağıq. Enerji təhlükəsizliyi, ərzaq təhlükəsizliyi və bərpaolunan enerji sahələrindəki imkanları birlikdə dəyərləndirəcəyik.
Bütün bu sahələrdə nüfuzlu layihələri həyata keçirməklə üçtərəfli əməkdaşlığımızı daha da yüksək səviyyəyə çatdıracaq və xalqlarımıza yeni nailiyyətlər bəxş edəcəyik. Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif isə bu fikirlərin davamı olaraq vurğuladı ki, biz ötən il Astanada üçtərəfli formatda görüşdük və qarşılıqlı maraq doğuran məsələlər ətrafında olduqca səmərəli müzakirələr apardıq. Bu gün isə biz füsunkar Laçında üçtərəfli tərəfdaşlığımızı xalqlarımızın istəyinə uyğun olaraq yeni səviyyəyə qaldırmaq arzusundayıq. Həmin arzu heç kəsi təəccübləndirməməlidir. Çünki Azərbaycan, Türkiyə və Pakistan əsrlər boyu təşəkkül tapmış birgə dəyərlərə və qarşılıqlı dəstəyə əsaslanan dərin tarixi, mədəni və mənəvi tellərlə bağlıdır. Azərbaycan, Türkiyə və Pakistan liderləri arasında yüksək səviyyəli görüşlərin təşkil olunması bu əməkdaşlığın strateji xarakterini təsdiqləyir. Azərbaycan, Türkiyə və Pakistan arasında üçtərəfli əməkdaşlıq yeni geosiyasi reallıqlar fonunda güc mərkəzinə çevrilmək potensialına malikdir. Laçında Müstəqillik Günü ilə bağlı keçirilən tədbirdə də dövlət başçısı İlham Əliyev bu fikri böyük əminliklə qeyd etdi ki, işğaldan azad edilmiş Laçında, Şərqi Zəngəzurda iki qardaş ölkənin liderlərinin iştirakı ilə keçirilən mərasim Azərbaycan-Türkiyə-Pakistan birliyinin, qardaşlığının növbəti təzahürüdür.
Nihad Pənahov,
YAP Tovuz rayon təşkilatının sədri