Bakıda Fransa kolonializminə həsr olunmuş “İmperial quruluş: müstəmləkəçilik ideologiyaları və reallıqlar” mövzusunda beynəlxalq elmi konfrans keçirilir.
“İki sahil” xəbər verir ki, tədbir Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə baş tutur.
Qeyd edək ki, bu, BMT-nin müxtəlif strukturlarında dekolonizasiya sahəsində çalışan, eləcə də bu sahə üzrə ixtisaslaşmış alimlərin ilk beynəlxalq konfransıdır.
Elmi konfransda BMT-nin dekolonizasiya sahəsi üzrə təcrübəli ekspertləri, Fransanın keçmiş və hazırkı müstəmləkələrində fəaliyyət göstərən tanınmış alimlər, beynəlxalq hüquq sahəsində tanınmış mütəxəssislər, xarici ölkələrin Azərbaycanda akkreditə olunan səfirləri, eləcə də deputatlar və s. iştirak edir.
Tədbirdə müstəmləkəçilik siyasətinin ağır fəsadları, kolonial dövlətlərin əsarət altında saxladıqları xalqlara münasibətdə həyata keçirtdikləri siyasət, tətbiq olunan ayrıseçkilik metodları, habelə neokolonializmin tərkib hissəsi olan tətbiq edilən siyasi, iqtisadi və mədəni məhdudiyyətlər, milli kimliyin məqsədli şəkildə itirilməsi siyasəti elmi və metodoloji yanaşmalar əsasında dərindən təhlil ediləcək.
Beynəlxalq hüququn, habelə BMT qətnamələrinin tələbi olan dekolonizasiya prosesinin yekunlaşdırılmasının kolonial güclər tərəfindən qarşısının alınması və bu konteksdə beynəlxalq təşkilatlar çərçivəsində mövcud imkanlardan istifadə, təsirli mexanizmlərin həyata keçirilməsi, həmçinin sistemli bərabərsizliklərin beynəlxalq təşkilatlar səviyyəsində həlli yolları müzakirə olunacaq.