03 iyun 2025 21:51
167

Ceyhun Bayramov Nayrobidə BMT rəsmisi ilə Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Keniya Respublikasına rəsmi səfəri çərçivəsində BMT-nin Nayrobi ofisinin baş direktoru Zeynəb Hava Banqura ilə görüşüb.

“İki sahil” xəbər verir ki, Azərbaycanın Xarici İşlər Nazirliyindən verilən məlumata görə, görüşdə Azərbaycan-BMT əməkdaşlığının müxtəlif aspektləri, Afrika ölkələri ilə bağlı mümkün birgə təşəbbüslər, Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyi, habelə postmünaqişə dövründə regional vəziyyət müzakirə olunub.

Azərbaycanın BMT və onun ixtisaslaşmış qurumları ilə faydalı əməkdaşlıq gündəliyinin mövcudluğu, Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) tərəfdaşlığımızda xüsusi yer tutduğu, ölkəmizin dayanıqlı inkişaf gündəliyinin icrası istiqamətində könüllü şəkildə mütəmadi hesabatlar təqdim etməsinin bu istiqamətə verdiyimiz əhəmiyyətin göstəricisi olduğu qeyd edilib.

Afrika ölkələri ilə əməkdaşlığın irəlilədilməsinin xarici siyasət prioritetlərimizdən biri olduğu, bu istiqamətdə BMT çərçivəsində indiyədək bir sıra təşəbbüslərin həyata keçirildiyi və bu əməkdaşlığı davam etdirmək niyyətində olduğumuz bildirilib.

Ölkəmizdə keçirilən COP29 çərçivəsində qəbul olunan qərarların iqlim dəyişikliyi ilə mübarizədə maliyyə mövzusunun irəlilədilməsi baxımından əhəmiyyətindən bəhs olunub. Bu çərçivədə həmçinin BMT-nin Ətraf Mühit Proqramı ilə əməkdaşlıq məsələlərinə toxunulub.

Eyni zamanda, 2026-cı ildə ölkəmizdə keçiriləcək Ümumdünya Şəhər Forumu çərçivəsində BMT ofisi, xüsusilə də UN-Habitat ilə əməkdaşlıq planları nəzərdən keçirilib.

C.Bayramov, həmçinin qarşı tərəfi keçmiş münaqişə, postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, mina təhdidi ilə mübarizə səyləri barədə ətraflı məlumatlandırıb.

Görüş zamanı həmçinin, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.