Quba rayon Heydər Əliyev Mərkəzində Quba Rayon İcra Hakimiyyətinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə "Qərbi Azərbaycan bizim tarixi torpaqlarımızdır" mövzusunda konfrans keçirilib.
"İki sahil"in Şimal bürosunun məlumatına görə, konfransda Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli, YAP Quba rayon təşkilatının sədri, Qərbi Azərbaycan İcmasının Quba rayonu üzrə nümayəndəsi Dilşad Bayramova, rayonun hüquq-mühafizə orqanlarının, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri, şəhid ailələri, qazilər, rayon ictimaiyyətinin nümayəndələri, gənclər və digər nümayəndələr iştirak ediblər.
Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli, Qərbi Azərbaycan İcmasının Quba rayonu üzrə nümayəndəsi Dilşad Bayramova adını daşıdığı mədəniyyət və istirahət parkında Ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər güllər düzərək, əziz xatirəsini anaraq, ziyarət ediblər.
Daha sonra, konfrans öz işinə başlayıb. Konfransdan öncə Azərbaycanın Dövlət Himni səsləndirilib, müstəqil Azərbaycan Respublikasının memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda müqəddəs şəhidlik zirvəsinə ucalmış Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Qərbi Azərbaycanla bağlı videoçarx nümayiş etdirilib.
Tədbirdə açılış nitqi ilə çıxış edən Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov konfransın mahiyyəti barədə ətraflı məlumat verib, konfransın Qərbi Azərbaycan həqiqətlərinin təbliği istiqamətində mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli çıxış edərək Qərbi azərbaycanlıların başına gətirilən müsibətlər: öz tarixi yurd yerlərindən mərhələlərlə deportasiya edildiklərini, onların bu ağrılı proseslər zamanı yaşananları dilə gətirib.
Konfransda digər çıxış edənlər də Qərbi azərbaycanlıların öz el-obalarına geri qayıdış əzmi və istəyindən bəhs edib, Vətən həsrətlərindən danışıblar.
Tədbirin bədii hissəsində aşıq musiqisi səsləndirilib, "Yallı" rəqsi nümayiş olunub və Qərbi Azərbaycanın mədəni irsini əks etdirən sərgi təşkil edilib.
Aydın Adıgözəlov,
Quba, "İki sahil" üçün