04 noyabr 2026 23:51
163

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə-müsabiqəsi keçirilir

Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının təşəbbüsü ilə Prezident İlham Əliyevin Sərəncamı ilə elan edilmiş “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə-müsabiqəsinin açılış və qiymətləndirmə tədbiri keçirilib.

“İki sahil” xəbər verir ki, tədbirdə iştirakçılarla görüşdən məmnunluğunu ifadə edən icmanın Qadınlar Şurasının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı layihənin əhəmiyyətindən danışaraq bildirib ki, Qərbi Azərbaycanın zəngin tarixi-mədəni irsinin məktəblilər tərəfindən öyrənilməsi, dərk edilməsi və yaradıcı şəkildə təqdim olunması milli yaddaşın qorunması baxımından xüsusi əhəmiyyət daşıyır. O vurğulayıb ki, tarixi abidələrimizin gənc nəsil tərəfindən tanınması, onların tarixi və mədəni mahiyyətinin mənimsənilməsi Qərbi Azərbaycan həqiqətlərinin gələcək nəsillərə çatdırılması istiqamətində mühüm addımdır.

Məlahət İbrahimqızı qeyd edib ki, müsabiqə şagirdlərin tarixi irsimizə marağının artırılmasına, onların araşdırma və yaradıcılıq bacarıqlarının inkişafına, eyni zamanda, Qərbi Azərbaycanın tarixi-mədəni irsinin təbliğinə töhfə verəcək. O, layihənin Prezident İlham Əliyevin Qərbi Azərbaycan həqiqətlərinin tanıdılması, tarixi irsimizin qorunması və təbliği ilə bağlı çağırışlarına cavab verən əhəmiyyətli təşəbbüs olduğunu bildirib.

Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli də çıxışında layihənin milli yaddaşın qorunması və gənc nəslin tarixi irsimizə bağlılığının gücləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb. O bildirib ki, Qərbi Azərbaycanın tarixi abidələrinin məktəblilər tərəfindən öyrənilməsi və onların yaradıcı işlərdə əks etdirilməsi bu irsin tanıdılması istiqamətində mühüm vasitədir. İcma sədri belə təşəbbüslərin gənclərin tarixi həqiqətlərə daha dərindən yiyələnməsinə və milli-mədəni irsimizin gələcək nəsillərə ötürülməsinə xidmət etdiyini qeyd edib, layihənin təşkilində əməyi olanlara təşəkkürünü bildirib və iştirakçılara uğurlar arzulayıb.

Şagirdlər müsabiqəyə təqdim etdikləri əl işləri ilə yanaşı, hazırladıqları kiçik maketlər haqqında da ətraflı məlumat verib, onların hansı tarixi abidələri əks etdirdiyini, hazırlanma ideyasını və xüsusiyyətlərini izah ediblər. Təqdimatlar məktəblilərin Qərbi Azərbaycanın tarixi-memarlıq irsinə marağını, mövzuya hazırlıq səviyyəsini və yaradıcı yanaşmalarını nümayiş etdirib.

Qeyd edək ki, Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının təşəbbüsü ilə Bakı şəhərinin məktəbliləri arasında elan olunan müsabiqənin seçim və qiymətləndirmə prosesi üç gün davam edəcək. Müsabiqədə Xəzər, Qaradağ, Nərimanov, Binəqədi, Sabunçu, Nizami, Nəsimi, Səbail, Pirallahı, Suraxanı, Xətai və Yasamal rayonlarının məktəbliləri iştirak edirlər.