12 iyun 2025 12:31
197

Milli Qurtuluş Günü: Azərbaycan tarixində dönüş nöqtəsi

Danılmaz həqiqətdir ki, Azərbaycanın müasir və müstəqil dövlət kimi mövcudluğu, inkişafı və sabitliyi 1993-cü ilin iyununda baş verən hadisələrlə – yəni Milli Qurtuluş Günü ilə sıx bağlıdır. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi: “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”. Həqiqətən də bu gün yalnız siyasi dəyişikliklərin deyil, həm də milli dövlətçiliyimizin xilası və gələcək inkişaf strategiyasının təməlini qoyan bir mərhələdir.

1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etsə də, o dövrdə ölkədə siyasi və iqtisadi xaos hökm sürürdü. Hakimiyyət uğrunda mübarizələr, daxili qarşıdurmalar, Ermənistanla müharibədəki uğursuzluqlar və rəhbərliyin səriştəsizliyi ölkəni fəlakətin astanasına gətirmişdi. Məhz belə bir dövrdə xalqın təkidli tələbi ilə ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdı və 1993-cü ilin 15 iyununda Azərbaycan Ali Sovetinin sədri seçildi. Bu hadisə tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu.

Heydər Əliyevin qətiyyətli və uzaqgörən siyasəti nəticəsində ölkədə sabitlik bərpa olundu, iqtisadi islahatlara başlanıldı, ordu quruculuğu gücləndirildi və beynəlxalq aləmdə Azərbaycanın nüfuzu artdı. O illərdə atılan əsaslı addımlar bu gün ölkənin inkişafının, siyasi müstəqilliyinin və iqtisadi dirçəlişinin əsasını təşkil edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu siyasət daha da dərinləşdirilib və uğurla davam etdirilir. O, Milli Qurtuluş Gününün mahiyyətini belə izah edir: “Əgər o vaxt xalq Heydər Əliyevi hakimiyyətə dəvət etməsəydi, bu gün Azərbaycan adlı dövlət olmayacaqdı.” Bu sözlər həmin dövrün nə qədər ağır və taleyüklü olduğunu bir daha nümayiş etdirir.

Bugünkü Azərbaycan – regionun lider dövləti, mühüm enerji və nəqliyyat layihələrinin təşəbbüskarı və icraçısı, güclü ordusu və xalq-iqtidar birliyi ilə seçilən bir ölkədir. Bu reallığın əsasında məhz 15 iyun 1993-cü ildə atılan qurtuluş addımı dayanır.

Milli Qurtuluş Günü sadəcə tarixi bir fakt deyil, həm də azərbaycançılıq ideyasının, xalqın öz dövlətinə sahib çıxma iradəsinin və lider-xalq birliyinin təntənəsidir. Bu gün biz həm Heydər Əliyev irsini, həm də onun davamçısı olan Prezident İlham Əliyevin uğurlu siyasətini qiymətləndirərək gələcəyə daha böyük inamla baxırıq.

Aydan Nəsibova,
YAP Xətai rayon təşkilatının “General Şıxlinski 56/2”  ünvanı üzrə ərazi partiya təşkilatının üzvü