13 iyun 2025 16:42
178

Şuşa Bəyannaməsi: etibarlı tərəfdaşlıqdan strateji müttəfiqliyə

2021-ci il iyunun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” iki qardaş dövlət arasında strateji əməkdaşlığın rəsmiləşdirilməsi ilə yanaşı, Cənubi Qafqaz regionunda formalaşan yeni geosiyasi reallıqların və təhlükəsizlik arxitekturasının siyasi-hüquqi əsaslarını müəyyənləşdirən mühüm sənəd kimi tarixə düşmüşdür. Bəyannamənin məhz Şuşa şəhərində imzalanması bu sənədin tarixi və mənəvi-siyasi önəmini daha da gücləndirmiş, 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərin əsas dönüş nöqtəsinin yaşandığı məkanda müttəfiqlik münasibətlərinin ifadə olunması ölkəmizin ərazi bütövlüyünün möhkəmləndirilməsində yeni mərhələnin başlandığını nümayiş etdirmişdir.

Bu sənədin hüquqi məzmunu Azərbaycan və Türkiyənin ikitərəfli münasibətlərini strateji tərəfdaşlıqdan müttəfiqlik səviyyəsinə yüksəltmiş və beləliklə, beynəlxalq hüquq müstəvisində qarşılıqlı hərbi-siyasi dəstəyin əsaslarını yaratmışdır. Müttəfiqlik anlayışının bu kontekstdə tətbiqi yalnız müdafiə məsələlərində deyil, eyni zamanda diplomatik koordinasiya, informasiya siyasəti, müdafiə sənayesi, enerji təhlükəsizliyi, regional nəqliyyat və mədəni-humanitar əlaqələrin bütün istiqamətlərində ortaq fəaliyyət mexanizmlərinin yaradılmasını şərtləndirmişdir. Bəyannamə, həmçinin klassik kollektiv təhlükəsizlik modelinə uyğun şəkildə bir tərəfə edilən təhdidin digərinə də yönəldiyi prinsipinə əsaslanaraq Azərbaycan və Türkiyənin milli təhlükəsizlik konsepsiyalarını bir-birinə yaxınlaşdırmışdır.

Sənədin geosiyasi baxımdan əhəmiyyətinə gəlincə, bu bəyannamə yalnız ikitərəfli əlaqələrin hüquqi çərçivəsini müəyyənləşdirməklə kifayətlənmir, eyni zamanda Cənubi Qafqaz regionunda yaranmış yeni status-kvonu beynəlxalq səviyyədə qəbul etdirmək və regionda sabitlik, sülh və əməkdaşlıq üçün real alternativ güc mərkəzi formalaşdırmaq məqsədini daşıyır. Dövlət başçıları – İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə Azərbaycanla Türkiyənin bu təşəbbüsü aydın şəkildə onu göstərmişdir ki, Cənubi Qafqazda dayanıqlı təhlükəsizlik rəsmi Bakı və Ankara kimi suveren və qarşılıqlı maraqlara əsaslanan aktorların iştirakı ilə təmin edilə bilər.

Bəyannamədə nəzərdə tutulan enerji və nəqliyyat sahəsində əməkdaşlıq müddəaları isə daha geniş coğrafi miqyasda – Türk dünyası və Avrasiya məkanında iqtisadi və kommunikasiya əlaqələrinin dərinləşdirilməsi məqsədi daşıyır. Xüsusilə Zəngəzur dəhlizinin açılması ilə Azərbaycan və Türkiyə arasında fasiləsiz quru bağlantısının yaradılması təkcə ikitərəfli deyil, eyni zamanda Türk Dövlətləri Təşkilatı çərçivəsində inteqrasiya proseslərini sürətləndirəcək. Bu faktorlar Çinlə Avropa arasında Orta Dəhliz üzərində nəqliyyat və ticarət dövriyyəsinin artmasına təkan verəcək, həmçinin Azərbaycanın tranzit ölkə kimi mövqeyini daha da gücləndirəcəkdir. Həmin dəhliz geoiqtisadi rəqabət müstəvisində də regionun strateji dəyərini artırır və enerji təchizatı xəritəsinin şaxələndirilməsində açar rolunu oynayır.

Şuşa Bəyannaməsi Türk Dövlətləri Təşkilatının gələcək inkişafının hüquqi sütunlarından biri kimi çıxış etməklə yanaşı, eyni zamanda qlobal güclərin siyasi manipulyasiyalarına qarşı Türk dövlətlərinin ortaq cavab vermək imkanlarını artırmış və Avrasiyada yeni güc qütbünün təşəkkül tapmasını sürətləndirmişdir.

Yekun olaraq qeyd etmək olar ki, Şuşa Bəyannaməsi müasir dövrün çağırışlarına cavab verən, ikitərəfli münasibətləri gələcəyə daşıyan, Türk dünyasının birlik və həmrəyliyini möhkəmləndirən, regional və qlobal miqyasda Azərbaycanla Türkiyənin koordinasiyalı fəaliyyətinin təməlini qoyan siyasi manifestdir. Bu sənədin hər bir müddəasının mərhələli şəkildə həyata keçirilməsi bütövlükdə Türk dünyasının gələcək inteqrasiyası və sabitliyinin mühüm təminatçısı olacaqdır.

Mahir Süleymanlı,
​Milli Məclisin deputatı