2021-ci il 15 iyun tarixində Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” iki qardaş ölkə arasında münasibətlərin strateji xarakterini bir daha təsdiqləmişdir. Bu sənəd təkcə siyasi və hərbi sahələrdə deyil, eyni zamanda iqtisadi, mədəni, humanitar və nəqliyyat sahələrində də əməkdaşlığı dərinləşdirən tarixi bir addımdır. Təməli tarixin dərinliklərində atılan Türkiyə Azərbaycan qardaşlığı müasir dünyaya sarsılmaz, qırılmaz birlik məsajı verməkdədir. Heç də təsadüfi deyil ki, bu qardaşlıq tarix boyu iki millətin ən çətin zamanlarında bir birilərinə dayaq durmaq, qarşıya çıxan çətinliklərə birlikdə sinə gəlmək kimi bir xüsiyyətə sahib olmasına səbəb olmuşdur. Azərbaycan xalqının hər zaman yanında olmaq ona dəstək vermək müasir dövrün ən güclü liderlərindən olan cənab Rəcəb Tayyib Ərdoğanın ölkəmizə tez tez səfəri və bu səfərlər zamanı qardaşlıq nümunələrinin nümayiş etdirməsi, dövlətimizə regionda söz sahibi olmaq gücü verməkdədir.
Heç də təsadüf deyil ki, Türkiyə-Azərbaycan qardaşlığı bütün dünyada qibtə ilə izlənilir. Azərbaycan Respublikasının tarixinə şanlı zəfər kimi yazılan 44 günlük müharibə zamanı qardaş ölkənin dövlətimizə millətimizə olan dəstəyi unudulmaz və fəxr olunacaq bir hal idi. Ölkə başçımızın hərb meydanında göstərdiyi qətiyyətli addımlarla yanaşı dünya ictimaiyyəti qarşısında da fəxarətli duruşuna dəstək oldu qardaş Türkiyə xalqı və cənab Rəcəb Tayyib Ərdoğan. Bu qardaşlıq heç vaxt bir tərəfli olmamışdır və olmayacaq. Buna sübut olaraq qardaş ölkədə baş verən zəlzələ zamanı Azərbaycan xalqının və ölkə başçısı cənab İlham Əliyevin türkiyə hökumətinə və millətinə göstərdiyi dəstək bütün dünyaya qardaşlıq nümunəsi olmuşdur.
Hələ vaxtı ilə Ulu Öndərin dediyi kimi “Bir millət, iki dövlət”dir, Türkiyə və Azərbaycan iki qardaş ölkədir. Bu qardaşlıq tarixin sınaqlarından keçərək möhkəmlənmiş “Bir millət, iki dövlət” düşüncəsi ilə bu günə qədər addımladıq. İndiyə qədər addımladığımız bu yolda bundan sonra da qərarlı şəkildə yolumuza davam edəcəyik. Nə qədər ki, bu iki dövlət arasında qardaşlıq bir millət deyimində davam edəcəkdir regionda söz sahibi olmağa mane ola biləcək qüvvələr qalmayacaq. Heç də təsadüfi deyil ki, 15 iyun 2021-ci ildə Azərbaycan Respublikası ilə Türkiyə Cumhuriyyəti arasında müttəfiqlik haqqında Şuşa Bəyannaməsi iki ölkə arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir və bu münasibətlərin yeni müstəviyə çıxdığını, qədəm qoyduğını görürük. Bu baxımdan da demək lazımdır ki, Türkiyə-Azərbaycan münasibətləri elə bir geosiyasi amilə çevrilib ki, artıq dünya da onunla razılaşır. Bəyannamədə diqqəti çəkən ən vacib məqamlardan biri hərbi sahədə əməkdaşlıq və müttəfiqliklə bağlıdır. Burada qeyd edilir ki, iki dövlətin ərazi bütövlüyünə, suverenliyinə üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, bir-birini qoruyacaqlar. Bu səbəbdən Şuşa Bəyannaməsinin müddəalarını bundan sonra da uğurla həyata keçirməkdə qərarlıyıq və bu məsələdə güzəştə getməyəcəyik kimi cümlələr hər iki dövlət başçılarının dilindən səslənməkdədir.
Bildiyimiz kimi iki dövlətin bir birinə dəstəyi yalnız hərbi yardımlarla bitmir. Məhz buna görə də Türkiyə Azərbaycan qardaşlığında digər sahələrində qarşılıqlı inkişafı məsələləri geniş vüsət almaqdadır. Heçdə təsadüfi deyil ki, Türkiyə prezidenti öz çıxışında hazırda Azərbaycanın, xüsusilə müharibələrdən sonra infrastrukturla bağlı böyük həssaslıq göstərdiyi ən əhəmiyyətli məsələ yollardır. Əgər yolunuz varsa, mədənisiniz. Yolunuz varsa, mədəniyyətə çatmısınız. Əgər yol yoxdursa, heç bir şey yoxdur kimi cümlələrlə düşmən tapdaqlarından qaytarılmış Qarabağda aparılan tikinti quruculuq işlərinin əhəmiyyətinə diqqət çəkmişdir.
Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə qardaşlığının siyasi və hüquqi manifestidir. Bu sənəd bir daha sübut etdi ki, iki dövlət arasında münasibətlər yalnız dostluq və tərəfdaşlıq səviyyəsində deyil, həm də hərbi-siyasi müttəfiqlik səviyyəsində inkişaf edir. Bu isə bölgədə yeni geosiyasi nizamın formalaşmasında mühüm rol oynayacaq və Türk dünyasının birliyinə töhfə verəcəkdir.
Vilayət Mirzəyev,
YAP Xətai rayon təşkilatının "R.Əliyev küçəsi 19" ünvanı üzrə ərazi partiya təşkilatının sədr müavini