Müharibə şəraitində Ukraynada yaşayan azərbaycanlıların, soydaşlarımızın problemlərini yerindəcə həll etmək üçün Azərbaycanın bu ölkədəki səfirliyinin bölgələrdə səyyar konsulluq xidməti davam edir.
“İki sahil” xəbər verir ki, Azərbaycanın Ukraynadakı səfirliyi iyunun 14-də Odessa şəhərindəki “Azərbaycan Evi”ndə soydaşlarımız üçün səyyar konsulluq xidməti təşkil edib.
Səfirliyin konsulluq məsələləri üzrə məsul şəxsləri Qalibbəy Ağadadaşov və Pərviz Əsədov Odessa vilayəti və yaxın ərazilərdən gələn soydaşlarımızın müraciətlərini dinləyiblər. Qaldırılan məsələlər ətrafında müzakirələr aparılıb. Səyyar görüşdə bəzi məsələlər yerindəcə həll olunub.
Səyyar qəbulda Odessada ilk dəfə olaraq mobil pasport avadanlıqları ilə pasport müraciətləri də qəbul olunub.
Q.Ağadadaşov vurğulayıb ki, Ukraynada yaşayan soydaşlarımızın üzləşdiyi problemlərin daha səmərəli həlli üçün səfirlik tərəfindən ölkənin müxtəlif şəhərlərində bu cür görüşlərin davam etdirilməsi nəzərdə tutulub.
Səyyar görüşlərin məqsədi soydaşlarımızın problemlərini yerindəcə araşdırmaq və müvafiq qərarlar verməkdir.
Qeyd edək, Azərbaycanın Ukraynadakı səfirliyi iyunun 7-də İvano-Frankovsk şəhərində də yaşayan soydaşlarımız üçün səyyar konsulluq xidməti təşkil edib.
Qərbi Azərbaycan İcması davamlı sülh və qaçqınların qayıdış hüququ ilə bağlı beynəlxalq konfrans təşkil edib
Maliyyə Nazirliyində YAP-a yeni qəbul olunan əməkdaşlara üzvlük vəsiqələri təqdim edilib - FOTO
İsrail səfiri: Azərbaycanla kibertəhlükəsizlik, süni intellekt və su texnologiyaları sahəsində əməkdaşlığımız genişlənəcək