14 iyun 2025 18:18
190

Müasir Azərbaycan Heydər Əliyevin şah əsəridir

Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunması haqqında Konstitusiya Aktı qəbul olun­muş­du. Bu tarixi sənəd Azərbaycanın yeni dövlətçilik tarixinin siyasi sənədi idi. Qısa müddətdə dün­yanın əksər dövlətləri Azərbaycanın dövlət müstəqilliyini tanıdı. Bir vaxtlar Məhəmməd Ha­di­nin ürək ağrısı ilə dediyi “Yox millətimin imzası imzalar içində” fikri poeziyadan siyasi həyata gətirilmişdi, Azərbaycan dünya dövlətləri ilə siyasi münasibətlər yaratmışdı.

Azərbaycanda siyasi vəziyyət gərginliklər yaratmışdı. O günləri böyük tarixi şəxsiyyət Hey­dər Əliyev belə xarırlayırdı: “Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müs­təqil yaşama­sının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticə­sində Azər­bay­canın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı”.

Gəncədə hərbi çevriliş cəhdi – qiyam başlamışdı, Lənkəranda separatçılıq. Azərbaycan par­ça­­lan­ma, dövlətçiliyini itirmə təhlükəsi ilə üzləşmişdi. Belə bir vaxtda xalq son çıxış yolu kimi bö­yük tarixi şəxsiyyət Heydər Əliyevi təkidlə hakimiyyətə dəvət etdi. Böyük tarixi şəxsiyyət xalqın tələbinə sevgi dedi, bu təkidli tələbi Azərbaycan dövlətçiliyinin qurtuluşuna vasitə bildi. Bakıya qayıtdı. Gəncədə qiyamın qarşısını aldı, separatçılığın baş qaldırmasına imkan vermədi.

Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycan dövlətçiliyini xilas etdi, istər siyasi, istərsə də iqtisadi baxımdan sürətli, dayanıqlı inkişafın başlan­ğı­cı oldu. Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. 1993-cü il iyunun 24-də Milli Şuranın qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri Ali Sovetin sədri Heydər Əliyevə verildi. 1997-ci ilin iyununda Milli Məclis 15 iyunu bayram günü elan etdi. Bu bayram dövlətçiliyin bay­ra­mı idi, Azərbaycanın qurtuluşunun bayramı idi...

Böyük tarixi şəxsiyyət böyük siyasi xadim idi və memarı olduğu müasir Azərbay­ca­nın dünya dövlətləri tərəfindən daha miqyaslı tanınması, ikitərəfli, çoxtərəfli siyasi və iqtisadi əla­qələr formalaşdırması üçün bir siyasi xətt müəyyənləşdirmişdi: ictimai-siyasi sabitlik. Bu sabitliyi döv­lət­çiliyin dayanıqlığında başlıca şərt bilirdi: “Əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa, heç bir sosial-iqtisadi proqramdan, yaxud problem­lə­rin həll edilməsindən söhbət gedə bilməz”. 

Siyasətçilər haqlı olaraq qeyd edirlər ki, Azərbaycanın dövlətçiliyinin xilas edilməsi üç mü­hüm amilə əsaslanır: xalq Heydər Əliyevə inanırdı, Heydər Əliyev böyük tarixi şəxsiyyət idi və bu­nu xalq da bilirdi, təqdir edirdi, Heydər Əliyevin xalqa, Azərbaycana sonsuz sevgisi vardı.

Ulu Öndər hakimiyyətə qayıdışı ilə Azərbaycan dövlətçiliyi xilas edildi, dövlətdə asayiş, qayda-qanun möhkəmləndi, xırda silahlı dəstələrin fəaliyyətinə son qoyuldu, nizami ordu forma­laş­­dırıldı, ilk parlament seçkiləri keçirildi, referendum yolu ilə Konstitusiya qəbul edildi, Azərbay­ca­nın beynəlxalq əlaqələri formalaşdırıldı, ölkənin dünya birliyinə inteqrasiyası prosesi başlandı.

1993-cü ilin yanvarın 5-dən 6-na keçən gecə Ali Baş Komandan Heydər Əliyevin sərkər­də­liyi ilə Azərbaycan ordusu Horadiz istiqamətində hücum əmriyyatına başladı. Bu əməliyyat Azər­baycan Ordusunun gücünün, qüdrətinni təsdiqi olacaqdı, Azərbaycan əsgərinin qalibiyyət əsgəri olduğunu təsdiqləyəcəkdi. Əməliyyat nəticəsində Füzuli rayonunun 20 Arazboyu kəndi, Horadiz qəsəbəsi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğaldan azad edildi. Bu qələbə ordumuzun döyüş əzmini, qələbə ruhunu ifadə edən qələbə kimi tarixləşdi…

Sonralar peşəkar hərbçilər demişdi ki, bu əməliyyat ordunun şəxsi heyətinin mənəvi-psixo­lo­ji hazırlığında müstəsna əhəmiyyətə malik oldu...

Ordu quruculuğunun elmi əsaslarla aparılmasında hərbi-elmi biliklərin böyük əhəmiyəti ol­duğu danılmazdır. Ali hərbi təhsilli komandir və qərargah zabitlərinin ixtisasının artırılmasının, hərbi sahədə elmi-tədqiqat işlərinni təşkilinin və aparılmasının, hərbi-elmi işçilərin hazırlan­ma­sının, dövlət orqanlarında işləyən yüksək vəzifəli şəxslərə respublikanın müdafiəsi ilə əlaqədar hər­bi-strateji, hərbi-iqtisadi və hərbi-siyasi məsələlərin öyrədilməsinin vahid bir mənbədən təkil edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 1999-cu il fevralın 20-də Si­lahlı Qüvvələrin Hərbi Akademiyasının yaradılması haqqında Fərman imzaladı. Sonralar – İkinci Qarabağ müharibəsində tarixi Zəfərdən sonra bu Akademiyanın bazasında Milli Müdafiə Universiteti yaradıldı. Belə bir möhtəşəm hərbi təhsil sisteminin yaradılmasının da başlanğıcı  ma­hiy­yət baxımından Qurtuluş Günü hüsab edilə bilər.

Böyük tarixi şəxsiyyət Heydər Əliyev Azərbaycanın dünya dövlətləri ilə ikitərəfli və çox­tərəfli münasibətlər yaradılmasını da təmin etdi. Belə münasibətlər Azərbaycanın iqtisadi gücünün artırılması ilə gerçəkləşə bilərdi. Dünya dövlətləri iqtisadi gücü artan Azərbaycanla siyasi və iqti­sadi əlaqələr yaratmağa, mövcud əlaqələri genişləndirməyə maraq göstərirdi. Böyük strateq, siyasi xadim və yüksək erudisiyalı tarixi şəxsiyyət olan Heydər Əliyev dünyanın aparıcı dövlət­lə­rinin təm­sil olunduğu “Əsrin müqaviləsi”nin bağlanmasını gerçəkləşdirdi, “Böyük İpək Yolu” xəyaldan həqiqətə çevrildi. “Bakı-Tbilisi-Ceyhan”, “Bakı-Tbilisi-Ərzurum” neft və qaz xətləri layihələri də gerçəkləşdi.

1999-cu il sentyabrın 20-də “Əsrin Müqaviləsi”nin beşinci ildönümünə həsr edilmiş təntə­nəli mərasimdə çıxışında Ulu Öndər demişdi:  “Biz ölkəmizi iqtisadi cəhətdən inkişaf edən ölkə etmək istəyirik. Biz ölkəmizin vətəndaşlarına firavan həyat yaratmaq istəyirik. Biz müs­tə­qil dövlət kimi daim yaşamaq istəyirik. Bütün bu işlər - təkcə neft sahəsində deyil, Azərbaycan iq­ti­sadiy­yatının, həyatının bütün başqa sahələrində də gördüyümüz işlər məhz bu məqsədi daşı­yır”. Bu fikirlər Azərbaycanın dünya dövlətləri sırasında özünəməxsus yeri oldu­ğu­nu, həm siyasi, həm də iqtisadi qüdrəti ilə bəşəri dövlətlər üçün gərəkli tərəfdaş olduğunu xatırladırdı...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ulu Öndərin siyasi kursunu uğurla davam etdirir, zənginləşdirir. Bu, azərbaycançlığa böyük sədaqətdir, Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsinə tarixi xidmətdir. Bu gün dövlətçilik memarı böyük tarixi şəxsiyyət Heydər Əliyev olan müasir Azərbaycan dünyanın inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu artan dövlətinə çevrilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı si­­ya­sət ölkəmizə böyük uğurlar qazandırıb.  Yeni nailiyyətləri ilə güclü və nüfuzlu dövlətlər sıra­sın­da öz mövqeyini daha da möhkəmləndirib. İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu, səmərəli daxili və xarici siyasət Azərbaycanın yüksəlişini, siysi və iqtisadi inkişafını təmin edib.  

Azərbaycan Ordusu İkinci Qarabağ müharibəsində tarixi Zəfər qazandı. 2020-ci il noyabrın 8-də Şuşa işğaldan azad edilən gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dedi: “Mən xoşbəxt insanam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun, Azərbaycan!”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tarixi gerçəkliyi belə ifadə edir: "Müa­sir Azərbaycan Heydər Əliyevin şah əsəridir"...

Səbinə Xasayeva,

Milli Məclisin deputatı