15 iyun 2025 10:25
195

15 İyun və Şuşa Bəyannaməsi: Türkiyə-Azərbaycan Qardaşlığının Zirvəsi

15 iyun Azərbaycan tarixində iki mühüm hadisənin xatirəsini yaşadır: Milli Qurtuluş Günü və Türkiyə ilə imzalanmış strateji müttəfiqlik sənədi – Şuşa Bəyannaməsi. Hər iki hadisə Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi, milli birliyin güclənməsi və beynəlxalq əlaqələrinin dərinləşməsi baxımından mühüm mərhələdir. Xüsusilə, Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə qardaşlığının rəsmi və tarixi zirvəsidir.

2021-ci il iyunun 15-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən Şuşa Bəyannaməsi imzalandı. Bu sənəd iki qardaş ölkə arasında strateji müttəfiqlik münasibətlərini rəsmiləşdirdi və onların  əlaqələrini yeni mərhələyə daşıdı.

Şuşa Bəyannaməsinin əsas müddəalarını bir daha xatırlayaq. Hərbi əməkdaşlıq və qarşılıqlı müdafiə dəstəyi; Müdafiə sənayesi sahəsində birgə layihələr; Enerji, nəqliyyat, iqtisadiyyat və mədəniyyət sahələrində inteqrasiya; Qarabağın bərpasında Türkiyənin fəal iştirakı; Zəngəzur dəhlizi kimi regional əhəmiyyətli layihələrin dəstəklənməsi.

Bu sənəd bir daha təsdiq etdi ki, “bir millət, iki dövlət” şüarı sadəcə dostluq ifadəsi deyil, eyni zamanda konkret siyasi və strateji istiqamətdir.

Şuşa Bəyannaməsi göstərdi ki, Azərbaycan və Türkiyə arasındakı münasibətlər sadəcə tarixi və mədəni bağlara deyil, eyni zamanda beynəlxalq hüquq və hərbi-siyasi müstəvidə qarşılıqlı maraqlara əsaslanır. Bu sənəd bölgədə sülhün və təhlükəsizliyin qorunmasında mühüm rol oynayır və üçüncü tərəflərə də ciddi mesaj verir: Azərbaycan və Türkiyə hər zaman bir yerdədir.

15 iyun tarixi həm Azərbaycan xalqının yenidən dirçəlişi günü, həm də Türkiyə ilə münasibətlərin zirvəyə çatdığı bir gündür. Milli Qurtuluş və Şuşa Bəyannaməsi bir-birini tamamlayan iki məfhumdur – biri daxili sabitliyi və milli iradəni təcəssüm etdirir, digəri isə beynəlxalq müstəvidə güc və birliyin simvoludur. Bu güc və birlik isə regionun gələcəyinə inam yaradır, eyni zamanda bütün Türk dünyası üçün örnəyə çevrilir.

Jalə Əliyeva
Millət vəkili,
Milli Məclisin Ailə, qadın,uşaq məsələləri
komitəsinin sədr müavini