15 iyun 2025 10:13
349

Şuşada “Yeni dünya nizamı: geosiyasi aspektlər və qlobal çağırışlar” mövzusunda beynəlxalq konfrans keçirilir - FOTO

Bu gün Şuşa şəhərində Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə “Yeni dünya nizamı: geosiyasi aspektlər və qlobal çağırışlar” mövzusunda beynəlxalq konfrans keçirilir.

Tədbir Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, eləcə də tədbirdə təmsil olunan ölkələrin müstəqilliyi və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Konfransın rəsmi açılışında Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev çıxış edərək, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin konfrans iştirakçılarına ünvanladığı müraciəti səsləndirib.

Tədbirdə bir sıra xarici ölkələrin hakim partiyalarının nümayəndələri də iştirak edirlər. Konfrans panel müzakirələrlə davam etdirilir. Gün ərzində “Milli suverenlik, regional əməkdaşlıq və qlobal təhlükəsizlik: yeni çağın siyasi paradiqmaları”, “Ədalət naminə həmrəylik: siyasi partiyaların rolu” və “Ortaq dəyərlər və süni intellekt: yeni təhdidlər və imkanlar” mövzularında sessiyalar təşkil olunacaq.

Şuşada keçirilən bu beynəlxalq tədbir həm də Azərbaycanın regional və qlobal proseslərə fəal töhfəsini bir daha nümayiş etdirir.

Səbinə Qorxmaz, "İki sahil"