16 iyun 2025 16:03
126

Qazaxıstanın hakim partiyasının saytında Şuşa konfransı barədə informasiya yerləşdirilib

Qazaxıstanın hakim AMANAT partiyasının rəsmi saytında Şuşada “Yeni dünya nizamı: geosiyasi aspektlər və qlobal çağırışlar” mövzusunda keçirilən beynəlxalq konfrans barədə məlumat yerləşdirilib.

“İki sahil” xəbər verir ki, materialda AMANAT partiyasının icraçı katibi Daulet Karibekin başçılıq etdiyi Qazaxıstan nümayəndə heyətinin forumda iştirakından bəhs edilir. Məlumatda Daulet Karibekin “Milli suverenlik, regional əməkdaşlıq və qlobal təhlükəsizlik” mövzusunda panel sessiyasında dediyi sözlərə istinad edilir: “Razılaşma və dialoq istəyi Qazaxıstanın təkcə xarici deyil, həm də daxili siyasəti üçün xarakterikdir”.

Siyasətçinin sözlərinə görə, siyasi partiyalar dövlətlərin və xalqların yaxınlaşmasında mühüm rol oynayır. Partiyalararası dialoq isə ölkələr arasında qarşılıqlı anlaşma və əməkdaşlığın möhkəmlənməsinə kömək edir. Belə ki, ötən il AMANAT partiyası ilə Yeni Azərbaycan Partiyası arasında qarşılıqlı fəaliyyət və əməkdaşlıq Memorandumu imzalanıb. Bu, iki ölkənin siyasi partiyaları arasında dialoqun fəallaşmasına imkan yaradıb, dövlətlərarası münasibətlərin dostluq və mehriban qonşuluq ruhunda inkişafına təkan verib.

Materialda, həmçinin bildirilir ki, Qazaxıstan nümayəndə heyəti görkəmli dövlət xadimi, Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, həmçinin Şəhidlər xiyabanında şəhidlərin məzarlarına gül dəstələri düzüb.