1922-ci ilin sonlarında Zaqafqaziya Ölkə Partiya Komitəsi İrəvanda və Batumidə, Azərbaycan dilində nəşr olunan qəzetlərin nəşrinin dayandırılması haqqında qərar qəbul etdi. Erməni şovinist dairələrinin məkrli siyasəti və donosu nəticəsində 1923-cü ilin may ayında Qərbi Azərbaycanda ana dilində yeganə mətbuat orqanı olan “Rəncbər” qəzetinin fəaliyyəti dayandırıldı. Bununla da azərbaycanlı oxucularyenidən anadilli mətbuat orqanından məhrum edildi. İrəvanda və bölgələrdə yaşayan azərbaycanlı əhalinin isə qəzet nəşrinə olan tələbatı gündən-günə artırdı. İrəvan ziyalıları mədəni həyatda köklü dirçəlişin həyata keçirilməsi üçün anadilli mətbuatın yaranmasının zərurət olduğunu isə aydın şəkildə dərk edirdilər.
Milli düşüncəli, qeyrətli azərbaycanlı ziyalılar Bala Əfəndiyev, Mustafa Hüseynov, Əkbər Rizayev, Murtuza Muradov, Mehdi Kazımov bir sıra çətinliklərin öhdəsindən gələrək ana dilində qəzet nəşr etdirməyə nail olub, bununla da Azərbaycan mətbuatı tarixində mühüm bir vəzifəni yerinə yetirmiş oldular. Onların təşəbbüsü, milli və siyasi iradəsi, qətiyyəti, uzunmüddətli gərgin mübarizəsi sayəsində Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsi tərəfindən 1924-cü ilin noyabr ayının ortalarında Azərbaycan dilində “Zəngi” adlı qəzetin nəşr olunmasına icazə verilir. “Zəngi” qəzeti bu barədə yazır: “Ermənistanda şura hökuməti qurulandan sonra İrəvanda “Kommunist”, bilaxirə “Rəncbər” adında qəzetlər çıxmaqda idi. Fəqət qəzetlərin davam etdirilməsi üçün ən ziyadə maddi cəhətin olmaması ikinci məsələyə də mane olurdu. Cümhuriyyətimizin təsərrüfatı artmış və bu yolda qazandığımız müvəffəqiyyət Ermənistanda yenidən bir türk qəzetinin çıxmasını meydana atmışdır. Buna görə də Ermənistan K(b) P MK əfkarı naşiri olmaq üzrə “Zəngi” adında qəzeti nəşrə başlamışdır. Qəzetin fikri və məqsədi yalnız şura türk kəndlərini xəbərdar etmək və qəzalarda olan türklərin yaşamasına yardım etməkdir”.
Araşdırmalar nəticəsində məlum olur ki, bu qəzetin də nəşr edilməsinə 1922-ci illərdə Ermənistanın Xalq Maarif Komissarı, 1924-cü ildən isə Ermənistan Kommunist bolşevik Partiyası Mərkəzi Komitəsinin katibi olmuş Aşot Ohanesyan mane olurmuş. Amma “Zəngi” qəzeti bu haqda yaza bilmirdi. “Zəngi”nin xələfi olan “Qızıl şəfəq” qəzeti 1937-ci ildə Aşot Ohanesyanın bu əməli haqqında yazır: “Ölkənin siyasi-iqtisadi inkişafı, kütlələrin və o cümlədən azərbaycanlı kütlələrin siyasi aktivliyinin yüksəldilməsi türk (Azərbaycan) dilində qəzet nəşr etmək məsələsini yenidən irəli sürmüşdür. ÜİK(b) P Zaqafqaziya Ölkə Komitəsi millətçi Konturrevolyusioner Aşot Ohanesyanın millətçi fikrini rədd edərək, 1924-cü ildə “Zəngi” qəzeti nəşr etməyi qərara aldı”. Sonralar qəzetin redaktoru olmuş Mustafa Hüseynovun İrəvanda anadilli bolşevik mətbuatının yaranması haqqında yazılarından da məlum olur ki, xaricdəki erməni lobbisi Azərbaycan dilində qəzetin nəşr edilməsinə müxtəlif vasitələrlə maneçilik törədirmiş. Xaricdəki erməni daşnaklarının proqramı əsasında fəaliyyətlərini müəyyənləşdirən Ermənistanın bolşevik cildinə bürünmüş daşnak rəhbərləri qeyrətli Azərbaycan ziyalılarının təkidli tələbindən sonra məcbur olub “Zəngi” adlı qəzetin nəşr edilməsinə icazə vermişdi. Qəzetə “Zəngi” kimi milli-mənəvi məna kəsb edən uğurlu bir adın verilməsində yuxarıda adlarını qeyd etdiyimiz qeyrətli ziyalılarımızın çox böyük təsiri olmuşdur. Erməni şovinist dairələri qəzetə “Zəngi” adının verilməsini heç bir vəchlə istəmirdi.
“Zəngi” qəzetinin nəşrinə icazə verilməsinə baxmayaraq, onun işıq üzü görməsi heç də asan olmamışdır. Qəzetin nəşrini təmin etmək üçün mətbəə, şrift, bir sıra texniki avadanlıqların əldə olunması, işçi qüvvəsinin toplanması, məqalə yazmaq və s. bu kimi meydana gələn problemlərin həll edilməsi günün ən vacib məsələlərindən idi. Mətbəədə türkcə şriftin az olması, onun da “Rəncbər” qəzetinin nəşri vaxtından qalması bunun da yalnız 2-3 səhifəyə kifayət edəcəyi Ermənistan Kommunist bolşevik partiyası Mərkəzi Komitəsinin yanında fəaliyyət göstərən “Azsaylı xalqlar şöbəsi”nin müdiri Bala Əfəndiyevi və qəzetin digər işçilərini çətinlik qarşısında qoymuşdu. Mətbəədə texniki və mütəxəssis çatışmazlığına baxmayaraq,qəzetin nəşri məsələsi, ilk nömrəsinin çıxması nəzərdə tutulduğu vaxtda 1924-cü ilin noyabr ayının 29-da çıxa bilmişdi. Bala Əfəndiyevin redaktorluğu ilə 29 noyabr 1924-cü ildə 2 səhifədən ibarət olan “Zəngi” qəzetinin ilk sayı işıq üzü görür. “Zəngi” qəzetinin nəşri tarixi ilə bağlı mübahisə doğuran məqamlardan biri də ondan ibarətdir ki, qəzet “Zəhmətkeş” imzası ilə çap edilmiş “İki bayram” adlı məqalədə və bəzi mənbələrdə “Zəngi”nin nədənsə 1925-ci il noyabr ayının 29-da işıq üzü görməsi haqda məlumatlar öz əksini tapmışdır. Amma “Zəngi” qəzetinin əldə etdiyimiz ilk nömrəsi bu mətbu orqanın nəşri tarixinə aydınlıq gətirərək sübut edir ki, qəzet 1925-ci ildə deyil, 29 noyabr 1924-cü ildə işıq üzü görmüşdür. Qəzetin üz səhifəsində “Ermənistan Kommunist (b) firqəsi Mərkəzi Komitəsinin həftəlik çıxan orqanıdır” sözləri yazılmışdır. Qəzetin ilk və sonrakı bir neçə nömrəsi Bala Əfəndiyevin, Mustafa Hüseynovun, Murtuza Muradovun böyük əzmkarlığı və səyi ilə araya-ərsəyə gəlir və bütün redaksiya işləri bu üç nəfər tərəfindən görülürdü. Onlar bütün qüvvə və bacarıqlarını qəzetin vaxtlı-vaxtında, yüksək keyfiyyətlə çıxmasına sərf edirdilər. Murtuza Muradov qəzetin ilk müxbiri, fotoqrafı (rəssamı) olmaqla yanaşı həm də bu mətbu orqanın texniki şöbəsinin müdiri vəzifəsində çalışırdı. Sonralar isə qəzetin kütləvi və gənc müxbirlər şöbəsinin müdiri vəzifəsində işləmişdir. Ümumiyyətlə, Murtuza Muradovun da İrəvanda Azərbaycan ədəbi-mədəni mühitinin tərəqqisindəki fəaliyyəti təqdirəlayiqdir. Qəzetin səhifələrində onun xeyli sayda felyetonları, məqalələri dərc olunmuşdur. O, 1930-cu ildə amansız repressiyadan xilas olmaq üçün Gürcüstana köçməyə məcbur olmuşdur. Öz doğma İrəvan şəhərini tərk etdikdən sonra da vaxtilə çiyin-çiyinə çalışdığı həmkarları ilə sıx təmasda olmuş, yaradıcılıq əlaqələrini daim davam etdirmişdir. Murtuza Muradov Tiflisdə nəşr edilən “Yeni qüvvə” qəzetində (1930-1939) çalışmış və bu mətbu orqanın səhifələrində “M.Murad” imzası ilə çıxış etmişdir. 1956-1958-ci illərdə “Şərqin şəfəqi” qəzetinin redaktor müavini, Azərbaycan variantının müdiri olmuşdur. 1960-cı ilin avqust ayından “Sovet Gürcüstanı” qəzetinin redaktoru təyin edilmişdir.
Ermənistanda sovet hakimiyyətinin qurulmasının 4-cü ildönümü günü nəşrə başlayan “Zəngi” qəzetinin ilk bir neçə nömrəsi ərəb əlifbası ilə nəşr edilmişdir. Sonralar isə “Zəngi” qəzeti Bakıda nəşr olunan qəzetlər kimi yarı ərəb əlifbası, yarı latın qrafikası ilə nəşr olunmuşdu. Qəzetin “redaktor” qrafası yerində “heyyəti-təhririyyə” yazılırdı.“Zəngi” qəzetinin nəşr olunduğu 29 noyabr 1924-cü ildən 7 mart 1928-ci il 109-cu nömrəsinə kimi “redaktor” qrafası yerində “Heyyəti-təhririyyə” yazılsa da, qəzetin məsul-müdiri vəzifəsi ictimai əsaslarla Bala Əfəndiyevə həvalə edilmişdi.
Bu mətbu orqanın ilk nömrəsinin işıq üzü görməsi münasibəti ilə Azərbaycan Xalq Komissarları Sovetinin sədri Qəzənfər Musabəyov, Naxçıvan Mərkəzi İcraiyyə Komitəsinin sədri Qafar Babayev, Zaqafqaziya Kommunist Universitetində təhsil alan irəvanlı tələbə Rza Vəlibəyov və başqaları “Zəngi” qəzetinə təbrik məktubları göndərmişdilər. Qafar Babayevin təbrikində deyilirdi: “Naxçıvan Mərkəzi İcraiyyə Komitəsi minlərcə şərqin qapısında yaşayan zəhmətkeş kütlələrin adından “Zəngi” qəzetinin 1-ci nömrəsinin işıq üzü görməsi münasibəti ilə səmimi qəlbdən təbrik edir, türk zəhmətkeşləri arasında maarif və mədəniyyətin təbliğində böyük rol oynayacağına əminik”.
İlk növbədə qəzetçilik ənənəsini formalaşdırmaq, yüksək keyfiyyətli qəzet çıxarmaq böyük zəhmət tələb edirdi. Geniş oxucu kütləsinin rəğbətini qazanmaq üçün redaksiya heyəti böyük əzmkarlıqla çalışırdı. Qəzetin qarşısında duran ən başlıca məqsədlərindən biri də onun yayılma arealını genişləndirmək, oxucu kütləsi ilə təmasını gücləndirmək idi. Bu istiqamətdə qəzetin təşviqat şöbəsi çox böyük rol oynayırdı. 1924-cü ildə qəzet 400 tirajla nəşr olunmağa başlayır. Qəzetin ahəngdar fəaliyyətini təmin etmək üçün əlverişli şəraitin olması vacib şərt idi. Amma qəzet müstəqil binaya sahib olmadığından ilk vaxtlar EK (b) P MK-nın nəzdində fəaliyyət göstərən “Azsaylı xalqlar şöbəsi”nin idarəsində heç bir əlverişli şəraiti olmayan darısqal bir otaqda yerləşirdi. “Zəngi” qəzetinin maddi-texniki bazası o qədər də ürəkaçan deyildi. Hətta qəzetin qəzalarda satışını və yayılmasını təmin edən müvəkkilləri aylarla əmək haqqı belə ala bilmirdilər.
Redaksiyanın daimi binası olmadığı üçün ünvanlar tez-tez dəyişir, kağız problemi ortaya çıxır, həm də onun abunəçi məsələsi çox vaxt problemə çevrilirdi. İlk vaxtlarda Ermənistan Mərkəzi Komitəsi yanında “Azsaylı xalqlar şöbəsi”nin yerləşdiyi otaqda “Zəngi” qəzeti sonralar Ermənistan Mərkəzi Komitəsinin orqanı olan (erməni dilində) “Xorhurtayın Hayastan” qəzetinin binasına köçürülmüşdü. Redaksiyanın və mətbəənin vəziyyəti olduqca ağır idi. Mətbəə avadanlığı çatışmır, işçi qüvvəsi isə azlıq edirdi. Buna baxmayaraq qəzetin redaktoru və əməkdaşları əzmlə çalışırdı.
“Zəngi” qəzeti nəşr olunduğu ilk günlərdən çox da böyük olmayan 4-5 nəfərdən ibarət fədakar kollektivinin səmərəli fəaliyyəti nəticəsində qısa zaman ərzində azərbaycanlı oxucularda böyük maraq doğurduğundan, bu mətbu orqanın ətrafına çoxlu sayda müxbirlər, yaradıcı ziyalılar toplaşmağa başlayır. Mövcud dövrün bir sıra ziddiyyətləri ilə dolu olan həmin illərdə müxbirlik etməyin olduqca çətin və məsuliyyətli bir iş olmasına baxmayaraq qısa zaman ərzində Əkbər Rizayev, Əli Heydarov, Əli Şabanov, Hüseyn Münşiyev, Qulam Fərhadov, Mehdi Kazımov, Əsgər Əsgərzadə, Məhəmməd Əzimzadə, Məcid Sultanov, Əli Rəhimov, Qəşəm Şahbazov, Həbib Məhəmmədzadə, Bilas Şadlinski, Əhməd Əhmədov, Feyzullah Əzimov, Qasım Əliyev, Lütfullah Muğanlinski, Mirzə Əsgər Rizazadə, Heydər İsmayılov, Məhərrəm Əliyev, Cabbar Əliyev, Manaf Abbasov, Əbdil Zeynalov, Nəriman Fəxri, Kərim Əhmədov, Əşrəf Yusifzadəvə başqa ziyalılar qəzetin işində fəal iştirak edərək, onun ən aktiv müxbirlərinə çevrilmişdilər. Bütün bu imzalar və müxtəlif mövzulu məqalələr bir daha sübut edir ki, yaranmasından qısa zaman keçməsinə baxmayaraq, qəzet öz ətrafına yetərli yaradıcı heyət toplamış, gücünü səfərbər edə bilmişdir.
Qəzetlə əməkdaşlıq edən fəhlə-kəndli müxbirlərdən, ziyalı və müəllimlərdən Məmməd İsgəndərov, Fətəli Eyvazov, Cəbrayıl İsgəndərli, Əbdül Əhəd, Allahverdi Vəliyev, Umud Süleymanov (Zəngəzur), İsmayıl İsmayılov, Həbib Atayev (Razdan nahiyyəsi üzrə), Əli Ramazanov (Loru-Pəmbək), Həsən İbrahimov, Teymur Süleymanov (Dilican), Adil Paşayev, Lentroş Süleymanov, Adil Cəlilov, Bilas Şadlinski, Nəzər Paşayev, Məhəmməd Paşayev, Dadaş Sadıxov (Vedibasar), Əsgər Musayev, Əbülfət Rəhimov, Əbdüləzim Hacılı, Kərəm Həsənzadə (Basarkeçər), Məhəmmədəli Kazımov (Qəmərli), Baba Hüseynzadə (Kolanlı kəndi), Qasım Əliyev, Məhəmməd Məmmədov, Cavad Axundov (Zəngibasar), Məhəmmədəli Şabanov (Başgərni nahiyəsi, Gölaysar), Əli Heydərov (Allahverdi), Abbas Rəcəbli (Amasiya) və başqalarının imzalarına da rast gəlmək olar.
Müxbirlərinin sayını artırmaq, onların bilik səviyyəsini yüksəltmək üçün müntəzəm olaraq tədbirlər keçirilirdi. Bu mənada, qəza müxbirlərinin zona konfranslarının və müşavirələrinin keçirilməsi ənənəyə çevrilir. Bu cür tədbirlərdə qəzetin məsul şəxsləri, müvafiq qurumların nümayəndələri fəhlə-kəndli müxbirləri qarşısında məruzə edir, müxbirlərin qarşısında duran vəzifələri izah edir, öz tövsiyələrini verirdilər.
Ümumiyyətlə, belə müxbir konfransları və müşavirələrindən sonra nümayəndələr xatirə şəkli çəkdirir və o, qəzetdə dərc olunurdu. Bu dövrdə qəzetdə gənclərlə bağlı məlumat xarakterli yazıların dərc olunması və fotolarının verilməsi onların yeni həyat quruculuğu uğrunda mübarizələrini daha da artırırdı.
Qəzetin keyfiyyətli və qüsursuz, sanballı nəşri üçün təcrübəli mütəxəssis kadrlara isə böyük ehtiyac olduğundan Bala Əfəndiyevin, Mustafa Hüseynovun şəxsi təşəbbüsü və dəstəyi sayəsində redaksiyanın əməkdaşları peşə ixtisasını artırmaq məqsədi ilə Moskva, Sankt-Peterburq, Xarkov, Rostov və başqa şəhərlərdə nəşr olunan “Pravda”, “İzvestiya” kimi qəzetlərin redaksiyalarında iş təcrübəsi keçməyə göndərilirdilər.
“Zəngi” qəzetinin nömrələrini ardıcıl izlədikdə burada “Molla Nəsrəddin” satirik jurnalının təsiri daha çox nəzərə çarpır. “Molla Nəsrəddin” jurnalındakı “Lağlağı”, “Mığmığa”, “Bacadan baxan”, “Cırcırama”, “İki müxbir” “Hərdəmxəyal”, “Ruçka” və s. bu kimi imzalara “Zəngi” qəzetinin səhifələrində tez-tez rast gəlinməsi, felyetonların, karikaturaların oxşarlığı, satirik məzmunlu yazıların üslubu özünü daha çox göstərir. Görünür, vaxtı ilə “Molla Nəsrəddin” satirik jurnalının İrəvanda özünə daha möhkəm yer tutmasından irəli gəlirdi. Yeri gəlmişkən onu da qeyd edək ki, vaxtı ilə İrəvanda çalışmış və “Kaspi” qəzetinin İrəvan üzrə müxbiri olmuş görkəmli yazıçı, publisist Eynəli bəy Sultanov bir müddət “Zəngi” qəzetində tərcüməçi kimi çalışmışdır.
Qəzetin sütunlarında həkim məsləhətləri, kənd təsərrüfatının yeni üsullarla qurulması, aqronom məsləhətləri və s. kimi məsləhət və göstərişlər verən məqalələr demək olar ki, müntəzəm dərc olunurdu. Qəzet Qərbi Azərbaycanda yaşayan azərbaycanlı əhalinin qarşılaşdıqları problemlərin həll edilməsində, hüquqlarının qorunmasında çox böyük rol oynayırdı. “Zəngi” qəzeti azərbaycanlı əhali arasında savadsızlığın aradan qaldırılmasına, maarif və təhsilin inkişafına, yeni türk əlifbasının təbliğinə və tətbiqinə xüsusi diqqət yetirirdi.
Qəzet öz səhifələrində partiyanın, hökümətin qarşıya qoyduqları vəzifələri müntəzəm işıqlandırırdı. İstər İrəvanda, istərsə də başqa şəhərlərdə çıxan dövri mətbuat hər halda sovet mətbuatı idi. Buna görə də mətbuat yalnız kommunist-bolşevik idealogiyasını təbliğ etməli və bu prinsipdən kənara çıxmamalı idi.
“Zəngi” qəzeti ilk nömrələrindən başlayaraq İrəvan Yeni Türk Əlifba Komitəsinin fəaliyyətini, yeni əlifba islahatı ilə bağlı məsələləri daim işıqlandırmışdır. Qəzet 1926-cı il fevral ayının 22-də 163 nəfər nümayəndənin iştirakı, Bala Əfəndiyevin sədrliyi və Səməd Ağamalı oğlunun fəxri sədrliyi ilə İrəvan YTƏK-in konfransının keçirildiyi və konfransın işi ilə bağlı geniş məlumat dərc etmişdi.
“Zəngi” qəzetində Türkoloji Qurultayın yekunları 7 səs əleyhinə 101 səs lehinə olmaqla yeni əlifbanın qəbul edilməsi ilə bağlı yazılar da öz əksini tapmışdır. Onu da qeyd edək ki, Türkoloji Qurultayda iştirak etmək üçün Bakıya gəlmiş Bala Əfəndiyev burada olarkən “Zəngi” qəzetini bütünlüklə latın əlifbası ilə çap etmək üçün Səməd bəy Ağamalı oğlunun və başqalarının köməyi ilə 15 pud latın şrifti çap dəzgahı alaraq İrəvana gətirmişdir.
Qəzetdə 1927-ci ildə Azərbaycanın Yeni Türk Əlifba Komitəsi əsasında Ümumittifaq Mərkəzi Yeni Türk Əlifba Komitəsinin yaradılması və daimi yeri Bakı olan komitədə əksər türk xalqlarının nümayəndələrinin təmsil olunması haqqında məlumatlar da verilmişdi.
“Zəngi” qəzeti Türkiyədə yeni əlifbanın həyata keçirilməsi işinə Atatürkün bilavasitə rəhbərlik etməsi haqqında da geniş yazılar dərc etmiş, bu prosesi öz səhifələrində daim işıqlandırırdı. Belə xəbərlərin birində deyilir: “Bu günlərdə Mustafa Kamalın sədrliyi ilə jurnalist nümayəndələrin, ictimai işçilərin, mütəxəssislərin iştirakı ilə yeni əlifbanın qəbulu üçün seçilmiş komissiyanın məruzəsi eşidildi və qəbul olundu”.
Əslində “Zəngi” qəzeti Türkiyədə latın əlifbasına keçidin dövlət səviyyəsində müdafiə edildiyini yazmaqla İrəvanda bu işin sürətlənməsinə kömək etmiş olurdu. Ümumiyyətlə, “Zəngi” qəzeti Qərbi Azərbaycanda latın əlifbasına keçid uğrunda mübarizəni sona qədər davam etdirmiş, latın qrafikalı yeni əlifbaya keçirilməsində nəşrə başladığı ilk gündən mübarizə aparmışdır. “Zəngi” qəzeti fəaliyyəti dövründə öz səhifələrində ərəb əlifbasının yazımızdan çıxarılmasının zəruriyyəti, yeni türk əlifbası ilə bağlı yazılara geniş yer verirdi. Qəzet səhifələrində ərəb əlifbasının tənqidinə, Azərbaycan dilinin saflığı uğrunda mübarizəyə həsr olunmuş Səməd Ağamalı oğlunun “Yeni əlifba ilə silahlanacağıq”, M.Nəzminin “Türk dili və latın hürufatı”, Mehdi Kazımovun “Yeni Türk əlifbasının müvəffəqiyyətləri” və başqalarının bu kimi xeyli sayda məqalələri dərc olunmuşdur. İrəvan ziyalıları Bala Əfəndiyev, Mehdi Kazımov, Miryusif Mirbabayev, Əkbər Rizayev, Qulam Fəhradov, Nəriman Fəxri, Mirhüseyn Mirbağırov və başqaları yeni əlifba islahatı ilə bağlı “Zəngi” qəzetində müntəzəm çıxış edirdilər. Qəzet səhifələrində yeni əlifbanı öyrənmək üçün yeni türk əlifbasının ərəb əlifbası ilə müqayisəli şəkildə cədvəl kimi verirdi. Belə cədvəllər qəzetin 78, 79, 80, 81-ci saylarında verilmişdi. Qəzetin səhifələrində işıqlandırılan məsələlərdən biri də yazı və ədəbi dil məsələləri idi. Qərbi Azərbaycanda milli maarifçilik mühitinin aparıcı parlaq simalarından olan Mehdi Kazımov “Zəngi” qəzetində “Yazımız və dilimiz” adlı məqalə ilə çıxış edərək bu barədə obyektiv və dəyərli fikirlər bildirmişdir. O məqalədə dilimizdə ərəb və fars sözlərinin işlədilməsinə heç bir zərurət olmadığını və dilimizin lüzumsuz ərəb-fars sözlərindən təmizlənməsinin vaxtı çatdığını göstərirdi. O cümlədən nəşr edilən qəzet və məcmuələrin dili haqqında da öz tənqidi fikirlərini bildirərək, xüsusilə müxbir kimi fəaliyyət göstərmiş müəllimlərin bu kimi hallara yol verməmələrini diqqətə çatdırırdı.
Sosial həyatın elə bir sahəsi yox idi ki, “Zəngi” qəzeti həmin sahəyə nüfuz etməsin. Azərbaycan dilində yeganə mərkəzi mətbuat orqanı olan bu qəzet İrəvanda yaşayıb-yaradan azərbaycanlı ziyalılar üçün bir növ tribun rolunu oynayırdı.
Lakin qəzetin gündən-günə artmaqda olan nüfuzu, geniş oxucu kütləsinin ruporuna çevrilməsi, onun kiçik formatda, həftədə bir dəfə çıxması, azərbaycanlı əhalinin mətbuata artan tələbatını ödəyə bilmirdi. Bu tələbat qəzetin böyük formatda gündəlik çıxmasını labüd etsə də, redaksiyanın kollektivi tərəfindən EK(b)P MK-ya edilən müraciətlər öz həllini tapmırdı.Qəzetin 8 sentyabr 1927-ci il sayında “Qəza müxbirləri və və onların vəzifələri” adı ilə dərc olunmuş məqalədə bu mətbu orqanın oktyabr ayından etibarən həftədə iki dəfə çıxacağı barədə məlumat verilmişdir.Belə bir məlumatın qəzetdə dərc olunmasına baxmayaraq, araşdırmalardan məlum olur ki, “Zəngi” qəzeti 29 noyabr 1924-cü ildən 1927-ci ilin dekabr ayının sonuna qədər həftədə bir dəfə nəşr olunmuşdur.
1928-ci il mart ayının 8-dən etibarən qəzetin məsul-müdiri vəzifəsinə Mustafa Hüseynovun təyin olunması bu mətbu orqanın fəaliyyətində yeni bir dönüş yaradır. Mustafa Hüseynov əslən Türkiyədən idi. O, 1898-ci ildə anadan olmuşdur. Moskva şəhərində ali təhsil almışdır. Yaşadığı qısa ömrünün böyük bir hissəsini ictimai fəaliyyətə, siyasi mübarizələrə, İrəvanda Azərbaycan ədəbi-mədəni mühitinin inkişafına sərf etmişdir. 1923-cü ildə İrəvanda Azərbaycanlı Qadınlar Klubunun, 1924-cü ildə İrəvan Türk Pedaqoji Texnikumunun, İrəvanda Azərbaycan teatrının, milli məktəblərimizin yaradılması və uğurla fəaliyyətə başlanmasında da onun müstəsna xidmətləri olmuşdur. 1922-ci illərdə Qəmərli nahiyyəsinin Çiləxanlı kənd məktəbində savadsızlığın aradan qaldırılması ilə bağlı açılmış hazırlıq kurslarında müəllim kimi böyük səylə çalışmışdır. O, 1923-cü ildə İrəvanda təşkil edilmiş Yeni Türk Əlifba Komitəsinin katibi və büro üzvü olmuşdur.1924-cü ildə İrəvanda Azərbaycan dilində nəşr edilən “Zəngi”, sonralar isə “Qızıl şəfəq” qəzetinin uzun müddət redaktoru vəzifəsində çalışmışdır. Onun redaktorluq fəaliyyəti bir qədər uzun çəksə də yaxşı sonluqla bitməyib. Qərbi Azərbaycanda milli mətbuatımızın zəngin ənənələrini yaşadıb, onun inkişaf etdirilməsində Mustafa Hüseynovun böyük xidmətləri olmuşdur. Ana dilimizdə çıxan həmin mətbuat orqanlarında onun tariximiz, mədəniyyətimiz, maarifimiz, ədəbiyyatımız və teatr sənətimizə dair xeyli məqalələri dərc olunmuşdur. Mustafa Hüseynovun qəzetdə çalışdığı və bu mətbu orqana redaktorluq etdiyi dövrü diqqətlə nəzərdən keçirdikdə onun bir jurnalist kimi özünəməxsus fərdi üslubu qabarıq şəkildə özünü göstərir. Kəskin ictimai məzmun, nüfuzeducu məntiq, əsaslı dəlillər Mustafa Hüseynovun qələminin və publistikasının başlıca xüsusiyyətləri idi. O, erməni şovinizmi əhatəsində əyilməz iradəsi, dönməz əqidəsi, əzmkarlığı və mübarizliyi ilə məkrli və xəbis qonşuları hiddətə gətirən türk ziyalısı kimi tanınırdı. Bu səbəbdən də ona İrəvanda “Türk Mustafa” deyə müraciət edirdilər.
1937-ci ildə Mustafa Hüseynov qəzetin erməni əməkdaşı Mihatsahakanyanın donosu əsasında “türk casusu” kimi repressiyaya məruz qalaraq güllələnmişdir. Bu, ilk növbədə onunla bağlı idi ki, Mustafa Hüseynovun qəzetdə məsul redaktor olduğu dövrlərdə azərbaycanlıların ədəbi-mədəni yüksəlişinə hər vasitə ilə süni əngəllər yaratmağa çalışan, erməni şovinist rəhbər dairələrini kəskin tənqid edən, onların iç üzünü açan, azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərə dair kifayət qədər ifşaedici materiallar çap etdirməsi, Türkiyənin iqtisadi-siyasi uğurları, Atatürkün, o cümlədən digər türk dövlət xadimlərinin haqqında qəzetin sütunlarında yazılar dərc etdirməsi, Türkiyə haqqında intensiv informasiyaların bu mətbu orqanın səhifələrində müntəzəm dərc olunması erməni şovinist dairələrini qıcıqlandırmaya bilməzdi. Mustafa Hüseynovun siyasi və milli iradəsi sayəsində qəzet 1928-ci ilin fevral ayının 4-dən – 105-ci nömrəsindən etibarən həftədə iki dəfə kiçik həcmdə 4 səhifədən ibarət olmaqla yüksək tirajla nəşr olunmağa başlayır. Bu da qəzetin səviyyəsinin əvvəlki illərə nisbətən yüksəlməsinə səbəb olur. Hər həftə bazar və cümə günləri çıxan “Zəngi” qəzetinə olan ictimai tələbat onun tirajının ildən-ilə artmasında da özünü göstərir. İlk nəşr ilində – 1924-cü ildə qəzetin tirajı 400, 1926-cı ildə 550, 1927-ci ildə 1040, 1928-ci ilin martında 2400-ə, dekabr ayında isə qəzetin tirajı 2500-ə çatmışdı. “Zəngi” qəzetinin tirajının ildən-ilə sürətlə artması həm də bu mətbu orqanın yayılma arealının genişləndirilməsi ilə bağlı idi.
“Zəngi” qəzetinin bütün bölgələrdə – Uluxanlı, Ağbaba, Vedibasar, Üçmüədzin, Basarkeçər, Qafar, Sisyan, Mehri və digər regionlarda da müxbir məntəqələri fəaliyyət göstərirdi. Bölgələrdə isə mətbuat yayım şöbələrinə əsasən ermənilərin təyin olunması, qəzetin vaxtlı-vaxtında abunəçilərinə çatdırılmaması xeyli narazılıq törədir və bu da çox vaxt abunəçilərin haqlı iradlarına səbəb olurdu. Burada erməni şovinist dairələrinin əsas məkrli məqsədi müxtəlif çirkin vasitələrlə azərbaycanlı oxucunu anadilli mətbuatla canlı təmasdan məhrum etmək idi. Erməni şovinist dairələrinin yaratdıqları maneələrə baxmayaraq, azərbaycanlı oxucular kütləvi şəkildə qəzetə abunə yazılmalarını davam etdirirdilər. Bu isə qəzetin dərin məzmunlu və oxunaqlı çıxması üçün onun fədakar kollektivini daha da ruhlandırırdı. Redaktordan tutmuş mürəttibə kimi hamı fədakarlıqla çalışır, əlindən gələni edirdi ki, qəzet müntəzəm nəşr olunsun. Bunun üçün redaksiya heyəti Bakı, Naxçıvan, Şəki və başqa şəhərlərdən də abunəçilər cəlb edirdi. Məsələn, “Zəngi” qəzeti “Həlli çatmış məsələ” rubrikası adı altında “Şərq qapısı” (Naxçıvan), “Şəki fəhləsi” (Şəki) qəzetlərinin işi haqqında və onların məqalələrini təkrar verirdi. Hər üç qəzet “Gənclər səhifəsi” açaraq bir-biri ilə əlaqə yaradırdılar. Bu ənənəni sonrakı illərdə də qəzetlər davam etdirdi. “Zəngi” qəzeti Bakıda “Kommunist”, “Yeni yol”, Türkiyədə “Cümhuriyyət”, “Hakimiyyəti milliyə”, Rusiyada “Pravda”, Tbilisidə çıxan “Zarya Vostoka” və müxtəlif şəhərlərdə nəşr edilən qəzetlərdəki aktual məqalələri çap etməklə İrəvan ziyalılarını elm, maarif, mədəniyyət sahəsində, o cümlədən dünyada və müxtəlif ölkələrdə gedən proseslərlə öz oxucularını tanış edirdi. Digər tərəfdən isə qəzet müxtəlif problemlərə həsr olunmuş məqalələri öz səhifələrində çap etməklə həm də oxucularının intellektual inkişafına kömək etmiş olurdu.
“Zəngi” qəzeti Azərbaycanla əlaqələrə çox böyük önəm verirdi. Buna görə də bu qəzet ilk növbədə Naxçıvanda özünə geniş və daimi oxucu auditoriyası tapmışdı. Bakıda Məhəmməd Zəki, Naxçıvanda Qulam Səfərov, Hüseyn Əsədli, Şərurda İbrahim Qazıbəyov, Cəmil Ağayev, Məhəmməd Abbasəliyev, Cəfər Əsgərzadə, Səməd Fərzəliyev, Ordubadda Səfa Əylisli, İsmayıl Hüseynzadə, İmamverdi Nağızadə, Gəncədə isə Məhərrəm Əliyev, Əhməd Cəfərzadə qəzetin ən fəal müxbirləri və təbliğatçıları idilər. Belə ki, qəzetin 1928-ci ildə Naxçıvanda hökumət kinoteatrında 23, istehlak cəmiyyətində 83, Ordubadda 27 abunəçisi var idi. Bu abunəçilər İrəvanda və bütün Qərbi Azərbaycanda baş verən hadisələrdən xəbərdar olurdular. Bundan əlavə naxçıvanlılar özləri də bu qəzetin daimi müxbirləri idilər. Başqa sözlə, naxçıvanlılar da öz növbəsində öz problemləri haqqında qəzetə yazır və “Zəngi”nin köməkliyi ilə həmin problemləri həll edirdilər. Fəhlə-kəndli müxbirləri, müəllimlər, ziyalılar dövlət işçiləri abunə kampaniyalarında fəal iştirak edirdilər. Onların fəaliyyətini tənzimləyən qəzet qarşılarına konkret vəzifələr qoyur və hamısını yarışa çağırırdı. Yarışların nəticələri isə qəzetin səhifələrində işıqlandırılırdı. Məsələn, qəzetin Gəncə şəhəri üzrə müvəkkili və Gəncə firqə məktəbinin tələbəsi Əhməd Cəfərzadənin fəallığı nəticəsində həmin dövrdə Gəncə firqə məktəbinin müdiri Paşa Ələkbərov, müəllimlərdən Səməd Vurğun, Manaf Quliyev, Mahmud Nəbiyev, Əli İsgəndərov, Vəli Axundov, tələbələrdən Xeyrulla Musayev, Məhəmməd Mahmudov, Əli Quliyev, Meyrəstə Hüseynova,Şəmdin Hüseynov, Məcid Abdullayev, Gəncə Pedaqoji Texnikumundan Cəfər Xəndan, Hüseyn Cəfərov, riyaziyyat müəllimi Əliş Cavadlinski və başqaları “Zəngi” qəzetinə abunə yazılmışlar. “Zəngi” qəzeti 1927-ci ildə Ermənistan Proletar Yazıçılar Cəmiyyətinin nəzdində yaradılmış Azərbaycan bölməsinin ətrafında toplaşan ədəbi qüvvələrin yaradıcılıq istiqamətlərinin müəyyənləşməsinə və inkişafına da öz təsirini göstərirdi. Belə ki, nəzərdən keçirdiyimiz həmin dövrdə “Zəngi” qəzeti səhifələrində artıq Azərbaycan dilində şeir nümunələri görünməyə başladı. Bu səbəbdən də İrəvanda Azərbaycan poeziyasının aparıcı qüvvələri gənc ədəbiyyat həvəskarları olan Nəriman Fəxri, Əbülfət Rəhimov, Adil Axundov, Abbas Tahir, Telman Nəzərli, Əli Əliyev, Cəlal Sərdar, başqa gənc şair və yazıçılar “Zəngi” qəzeti səhifələrində siyasi məzmunlu şeirlər dərc etməyə başladılar. Keçmişi gecəyə, sovet hakimiyyəti illərini günəşli gündüzə bənzətmək o dövrki şeirdə ən geniş yayılmış metafora idi. İnqilab qəhramanları “26-lar” haqqında yazmaq daha çox dəbdə idi. Həmin mövcud dövrün tələblərinə uyğun olaraq İrəvan şairlərinin çoxu da həmin mövzuda yazmağa meyl edirdilər. Məhz bu mövzu yaxın keçmişdə bolşevik daşnaklarının Azərbaycan türklərinə qarşı etdiyi cinayəti ört-basdır etməyə, kommunist ideologiyasını safa çıxartmağa, ermənilərlə türklər arasında mövcud gərgin münasibətlərə qardaşlıq və beynəlmiləlçilik libası taxmağa imkan verirdi. Həmin illərdə “Zəngi” qəzeti səhifələrində satirik şeirlərin dərc olunmasına da üstünlük verilirdi. “Vulkanlı”, “Atey”, “Tənqidçi”, “Çırdaqxan”, “Bacadan baxan”, “Görən”, “Sijimqulu”, “Nadürist”, “Lağlağı”, “Mücavir” imzalarına həmin illərdə “Zəngi” qəzeti səhifələrində tez-tez təsadüf olunur. Bu da mövcud dövrün ədəbi proseslərini izləmək və öyrənmək baxımından imkan verir.
“Zəngi” qəzetinin nəşrinin 3 illiyi ilə bağlı xüsusi buraxılış nömrəsində “Zəngi” başlıqlı məqalədə qəzetin təməlinin 1925-ci il dekabrın 25-də qoyulduğu fikri irəli sürülərək bir fakt kimi önə çəkilir. Qəzetin fəaliyyətini dəyərləndirən müəllif “Zəngi” qəzetinin yaranma tarixini 1924-cü il noyabr ayının 29-u deyil, 1925-ci il dekabrın 25-nə aid edir və bu mətbu orqanın nəşrinin 3 illiyinin tamam olduğunu qeyd edir.
“Zəngi” qəzetinin əldə etdiyimiz ilk sayından məlum olur ki, o 1925-ci il dekabrın 25-i deyil, 1924-cü il noyabr ayının 29-da Ermənistanda Sovet hakimiyyətinin qurulmasının 4 illiyi münasibəti ilə işıq üzü görmüşdür. Bu fakt “Zəngi” qəzetinin nəşrinin 3 illiyinin deyil, 4 ilinin tamam olduğunu təsdiq edir.Amma nədənsə “Zəngi” qəzeti 28 dekabr 1928-ci il tarixli sayında özünün 4 illik fəaliyyətinideyil, 3 illik fəaliyyətini qeyd etmişdir.Qəzet özünün 3 illik fəaliyyətinə 6 səhifədən ibarət xüsusi buraxılış həsr etmişdir. Qəzetin həmin nömrəsi nəfis tərtibat və rəngarəng informasiya zənginliyi ilə seçilir. “Zəngi” qəzetinin həmin sayında təbrik və şəkillər dərc olunmuşdur. Qəzetin yaranmasında xüsusi xidməti olmuş məsul-müdiri Bala Əfəndiyevin, sonralar məsul-müdiri olmuş Mustafa Hüseynovun, məsul katibi Əkbər Rizayevin, qəzetin rəssamı və gənc müxbirlər şöbəsinin müdiri Murtuza Muradovun şəkilləri verilmişdir.
Qəzetdə onunla daim əməkdaşlıq edən müxbir və yazıçıların – Əhməd Əhmədovun, Mehdi Kazımovun, Hüseyn Münşiyevin, İsmayıl Babayevin, Cəfər Vəlibəyovun, Əsgər Əsgərzadənin, Heydər İsmayılovun, Məhərrəm Əliyevin, Umud Süleymanovun, Məhəmməd Mamedovun, Kərim Əsgərovun, Cəfər Seyidovun, Cəfər Əsgərzadənin, Cəfər Cəfərovun, Həbib Məhəmmədzadənin, Abdulla Kərimovun, Nəsib Əfəndiyevin, qadın müxbirlərindən Kübra İbrahimovanın, Bəyim Kazımovanın, mürəttiblərdən Xəlil Rəhimovun, Əli Əliyevin, Yusif Fətullayevin və başqalarının yazıları çap olunmuşdur. Dərc olunan yazılarda qəzetin keçdiyi keşməkeşli və mübariz yolu əks olunmuşdur. Qəzetin 3 illik nəşri tarixi və ideya istiqaməti haqqında dərc olunan məqalələrdən, təbrik məktublarından bir daha aydın olur ki, “Zəngi” qəzetinin nəşri təkcə milli mətbuat tarixində deyil, xalqımızın ictimai-siyasi, maarif və mədəniyyət həyatında da əlamətdar hadisə olmuşdur. Qəzetin fəaliyyətinin 3 ili ilə bağlı maraqlı faktlardan biri Cənubi Qafqazın tanınmış mətbuat orqanlarının qəzetə göndərdiyi təbrik məktublarıdır. Tiflisdə nəşr edilən “Zarya Vastoka”, “Yeni kənd”, “Yeni yol” (Bakı), “Şərq qapısı” (Naxçıvan) və digər mətbuat orqanları qəzeti təbrik etmişdir. Zaqafqaziya Ölkə Komitəsi, vaxtilə qəzetin çıxmasına əngəl törədən Ermənistanın hakim şovinist dairələrinin rəhbərləri də əlacsızlıqdan qəzeti təbrik etməyə məcbur olmuşdular. Bu təbriklər “Zəngi” qəzetinin ümumittifaq səviyyədə yüksək nüfuzundan xəbər verirdi. İrəvanda yaradıcı mühitin inkişafında xidmətləri olan şairlərdən və qəzetin müxbiri Nəriman Fəxrinin qəzetə ithaf etdiyi “Zəngi” qəzetinin üç illiyinə xatirə”, Abbas Tahirin “3 illik “Zəngi” adlı şeirləri də maraq doğurur. Nəriman Fəxrinin qəzetin 3 illiyinə həsr etdiyi şeir bədii cəhətdən kamil görünməsə də, səmimi, böyük vətənpərvərlik hissi və qələminin dili ilə təbrikini belə ifadə edir:
Sədaların bu gün düşüb dağlara,
Yaşıllı-yarpaqlı o şən bağlara.
Şadlıqlar yaraşır cavan çağlara,
Köksündə şənliklər quralı “Zəngi”.
Könül quşu kimi çalırsan qəh-qəh,
Təbrik sevdaları şad fəhlə-kəndli.
Oxuyurlar səni hey sevə-sevə,
Düşməz fikirlərin düyünə, “Zəngi”.
Qəzetin 1928-ci il 83-cü nömrəsində “Zəngi”nin üç illik fəaliyyətinə yekun” başlığı ilə verilmiş məqalədə bu mətbu orqanın üç illik fəaliyyətinə həsr olunmuş təntənəli yığıncaq haqqında məlumat verilmişdir. Məqalədən aydın olur ki, 1928-ci il dekabr ayının 27-də İrəvan maarif işçiləri klubunda qəzetin üç illik fəaliyyəti ilə bağlı təntənəli yığıncaq keçirilmişdir. Əkbər Rizayev, Mehdi Kazımov, Məhəmməd Məhəmmədov, Bala Əfəndiyev, Abdulla Kərimov, Əli Əliyev, Əsgər Rizazadə, Cəfər Cəfərov və başqalarından ibarət rəyasət heyəti seçilmişdi. Toplantıda Ermənistan ictimaiyyətinin nümayəndələri, mətbuat işçiləri, Bakı, Naxçıvan, Tiflis və başqa şəhərlərdən gəlmiş mətbuat nümayəndələri də iştirak etmişdi. Dövri mətbuatda dərc olunmuş məlumatlardan aydın olur ki, bir sıra qurumların və mətbuat orqanlarının, o cümlədən Naxçıvanda çıxan “Şərq qapısı” qəzetinin işçi-kəndli müxbirlərinin nümayəndələri toplantıda çıxış etmiş, “Zəngi” qəzetinə öz arzularını ifadə etmişlər. Toplantıda əsas məruzə ilə çıxış edən qəzetin məsul katibi Əkbər Rizayev bu mətbu orqanın üç il ərzində keçdiyi yola nəzər salmış və 1 yanvar 1929-cu ildən “Zəngi” qəzetinin “Qızıl şəfəq” adı ilə çıxacağını bildirmişdir. Toplantının sonunda qəzetin üç illik fəaliyyətini əks etdirən sərgiyə baxış keçirilmişdir. Qəzetin üç illik fəaliyyət dövrünə həsr olunmuş şeir, xatirə və təbriklərdə bu mətbu orqanın yaranması, üç illik bir zaman ərzində keçdiyi inkişaf yolu haqqında çox dəyərli məlumatlar vardır. Ümumiyyətlə, “Zəngi” qəzetinin meydana çıxması, üzləşdiyi problemlər, çətinliklər, qazandığı uğurlar, müxbirlərin fəaliyyəti haqqında 1928-ci illərdə çap olunan nömrələrində kifayət qədər materiallar dərc olunmuşdur. Bu baxımdan qəzetin 3 illik fəaliyyətinə həsr olunmuş nömrəsi xüsusi əhəmiyyət kəsb edir.
Göründüyü kimi, qəzet yalnız Qərbi Azərbaycanda ictimai, ədəbi-mədəni mühitin inkişafına xidmət etməmiş, eyni zamanda yaradıcı insanların üzə çıxmasında, jurnalistika üzrə kadrların hazırlanmasında fundamental baza rolunu oynamışdır.
Getdikcə Cənubi Qafqazda aparıcı mətbuat orqanlarından birinə çevrilən bu qəzet 1928-ci ilin dekabr ayının 31-nə kimi “Zəngi” adı ilə fəaliyyət göstərmişdir. Müxtəlif vaxtlarda Bala Əfəndiyevin və Mustafa Hüseynovun redaktorluğu ilə işıq üzü görən “Zəngi” qəzeti fəaliyyəti dövründə öz vəzifəsini şərəflə yerinə yetirməyə çalışıb, ictimai-siyasi və mədəni həyatımızın salnaməsi olub.
Cəlal Allahverdiyev,
filologiya üzrə fəlsəfə doktoru, dosent