15 iyun 2025 12:02
176

Milli Qurtuluş bizi hərbi-siyasi zəfərlərə daşıdı

Konstitusiyamızın ilk cümləsində ifadə olunur ki, Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır. Suveren dövlətçiliyin ehtiva olunduğu bu konseptual müddəanın əgər tarixi proses ekvivalentini tapmaq istəsəydik, bu, heç şübhəsiz ki, 15 iyun Milli Qurtuluş Günü olardı. Çünki 30 il əvvəl, legitim hakimiyyətin yeganə mənbəyi olan xalq yenidən Heydər Əliyevə etibar etdi, taleyin ümidinə buraxılmış xalqa məhz Ulu Öndər sahib çıxdı.

Bütövlükdə ötən bir əsrlik periodu təhlil etsək birmənalı şəkildə deyə bilərik ki, suverenliyə gedən yol milli qurtuluşdan başlanır. Ulu öndərin hakimiyyətə qayıdışı əslində Konstitusiyanın 2-ci maddəsində təsbit olunmuş xalqın suverenliyinin təcəllası idi, çünki, müstəqilliyini bərpa etmiş Azərbaycanın Heydər Əliyevə qədərki rəhbərlərinin heç biri üçün xalqın suveren iradəsinin önəmi olmayıb. Hətta sovet totaliritarizminin Azərbaycan insanına tanıdığı haqlar Qorbaçovun yenidənqurma layihəsinin məhsulu olan AXC-Müsavat rejiminin azadlıq pafosundan daha səmimi olub. Bu müqayisənin gözə batmaması üçün isə istər Ayaz Mütəllibov istərsə də AXC-Müsavat iqtidarının ilk işi Heydər Əliyevin 1969-1987-ci illərdə ittifaq daxilində azərbaycan insanı üçün nail olduğu haqlar tapdalamaq oldu. Təsəvvür edin, bunlar Heydər Əliyevin Sovet dövründə dövlət dili kimi təsbit etdiyi Azərbaycan dilinin adı dəyişdirmişdilər.

Əlbəttə, tarixə baxış adətən ziddiyyətlərlə dolu olur, amma milli qurtuluş tarixi o qədər aydın və korrekt yoldur ki, bu tarixi mübahisələndirməyə cəhd göstərmək suveren dövlətçilik yolunu inkar etmək olar.

Heydər Əliyev hansı şəraitdə hakimiyyətə qayıtmışdı?

Xocalı faciəsinə fürsət, Şuşanın, Laçının təslim edilməsinə isə kimi hakimiyyətə yol kimi baxan, neobolşevik AXC-Müsavat iqtidarı Mütəllibovu iki dəfə devirmişdi, Cəbhədə biabırçı formada məğlub olurduq, digər tərəfdən Rəhim Qazıyev Silahlı Qüvvələrin kvotası ilə bağlı Daşkənddə xəyanətkar saziş imzalamışdı. Dövlət idarəçiliyi təsadüfi, bir-birini təkzib edən emosional bəyanatlar üzərində qurulmuşdu ki, bu da Gəncə qiyamı ilə, Milli Məclisin sədri, Baş nazir, güc nazirlərinin istefası ilə nəticələnmişdi. Digər tərəfdən ən ali səviyyədə məsuliyyətsiz bəyanatlar beynəlxalq aləmdə yanlış rəy yaradıb, ölkənin təcrid edilməsinə, qonşularla əsassız gərginliyə səbəb olurdu. Eyni zamanda iqtisadiyyatda da hərc-mərclik idi, maddi ehtiyatlar qəddarcasına talanır, xaricə güclü intellektual axın başlanmışdı.

Belə bir vaxtda gəlib hakimiyyət boşluğunun, parçalanma meylləri və vətəndaş müharibəsi təhlükəsinin aradan qaldırılması, quldur birləşmələrin ləğvi sözün əsl mənasında qurtuluş idi.

Kimin hansı mif uydurmasından asılı olmayaraq, etiraf edək ki, mövcudiyyəti dövründə biz SSRİ-yə öz dövlətimiz kimi yanaşmış, bu dövlətə inanmışıq. Bizim dəyərli ziyalılarımız belə əqidəli kommunist kimi Sovet dövlətini özününkü hesab edib. Bu inamla yaşayan xalqın, müstəqillik barədə düşünərək SSRİ-dən üz çevirməsi faktiki mümkünsüz idi.

Amma Ulu Öndərin 1987-ci ildə siyasi hakimiyyətdən ədalətsiz formada uzaqlaşdırılması xalqın sovetlərə inamın itməsi ilə nəticələndi. Azərbaycanın müasir müstəqillik yolu da məhz bu qırılma nöqtəsindən başlanır. Təsadüfi deyil ki, Heydər Əliyevin repressiyalara məruz qalmasından cəmi bir neçə ay sonra, başlanan xalq hərəkatının ilk iştirakçılarının əllərindəki etiraz plakatları məhz Heydər Əliyevin portretlərindən ibarət idi.

Təəssüf ki, bəzi hallarda tariximizi qələmə alanlar nədənsə bu məqamın üzərindən sükutla keçirlər. Hansı ki, onların çoxunun əlini qələmə də, çörəyə də Heydər Əliyev çatdırıb.

Əlbəttə, Heydər Əliyevin böyük tarixi cılız adamların yazdığı və yazdırdığı “tarix kitablarına” sığışa bilməzdi. Çünki o özü elə tarix yaradan dahi idi və bunu hər kəs qəbul edib və edir. Hər kəs, o cümlədən də çox-çox aşağıda dayanıb Əliyev yüksəkliyini özünü rəqib sayanlar.

Təsəvvür edin, prezidentliyi dövründə özünə, bu gün isə yoluna müxalifətdə olanlar da bu böyük şəxsiyyətin qarşısında özlərinin bir heç kim olduqlarını o dərəcə də yaxşı dərk edirlər ki, “mübarizə yolunu” ayrı-ayrı tarixi şəxsiyyətlərə uğursuz formada istinad etməkdə, Heydər Əliyev şəxsiyyətini guya onlarla üz-üzə qoymaqda görürlər.

Amma unudurlar ki, istər XX-əsrin əvvəlində, istərsə də XX əsrin sonunda onların istinad etdiyi şəxslərin, biz onların da ruhunu ehtiramla anırıq, heç birinin özünün siyasi yolu olmayıb, amma Heydər Əliyevin yolu var! Əgər hansısa siyasi xətt, ideya davam edirsə, bu yoldur, amma etiraf edək ki, nə qədər mütərəqqi olur olsun, siyasi ideyalar faydalı formada davam etmirsə, bu artıq dalandır, yol deyil.
Bilirsiniz ki, Ermənistan dövləti yaranandan, yəni 1918-ci ildən Azərbaycana ərazi iddiaları vardı və 1969-cu ilədək bu iddialarını hissə-hissə realizə edə bilirdilər. Məhz Heydər Əliyevin simasında güclü milli iradənin hakimiyyətə gəlməsi bu gedişata son qoydu. 1969-cu ildən 1987-ci ilədək Qarabağda kimsə baş qaldıra bildimi?

Amma 1987-ci ildə Ulu Öndərin istefasından iki həftə keçməmiş ovaxtkı Dağlıq Qarabağ Muxtar Vilayətin Ermənistanın tərkibinə verilməsi məsələsini yenidən qaldırdılar. Heydər Əliyev hakimiyyətdə təmsil olunsaydı, kimsə bu çirkin əməllərə cürət edərdimi? Əsla! Cənab İlham Əliyevin 10 mayda Şuşadan bəyan etdiyi kimi “Heydər Əliyev amili Azərbaycanı bir çətir kimi qoruyurdu”.

Budur yazılmalı tarix. Yoxsa kiminsə Zori Balayana “sanballı” cavabı, yaxud kiminsə populist qəzet məqalələri sseriyası, bunlar hansı siyasi-hüquqi nəticə verdi? 1987-1993-cü ilə qədər dayanaydılar da ermənilərin qarşısında!
Cənab İlham Əliyev şanlı zəfərlə son 200 ildə qarşıda duran əsas ümummilli vəzifəni həll etməklə, eləcə də həyata keçirdiyi ardıcıl tədbirlərlə Ulu Öndərin Konstitusiyada ehtiva olunan dövlətçilik konsepsiyasını, vəsiyyətini reallaşdırdı.

Bu gün cənab İlham Əliyev sözün əsl mənasında Xalqının vahidliyini təcəssüm etdirir, dövlətçiliyin varisliyini təmin edir. Dövlət müstəqilliyinin, ərazi bütövlüyünün sözün əsl mənasında təminatçısı və harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlıların hamisidir.
Belə bir şəraitdə qarşımızda bir vəzifə var, cənab İlham Əliyevin ətrafında sıx birləşmək. Ən azı mövcudiyyətimizi qorumaq, böyüyən övladlarımızın xoşbəxt həyatı, təhülükəsizlik, sabitlik və inkişafı, müstəqillik, suverenlik naminə bu yol davam etməlidir. İlham Əliyevin olmadığı, Heydər Əliyev ideologiyasından kənarlaşan yol milli xəyanət deməkdir.

Çünki, məhz milli qurtuluş bizi hərbi-siyasi zəfərlərə daşıdı, cənab İlham Əliyevin Ulu Öndərin qurtuluş fəlsəfəsinə sədaqəti müstəqilliyin möhkəmlənməsinə, separatizmə son qoymaqla suverenliyin isə bərqərar olunmasına gətirib çıxardı. Cənab İlham Əliyev məhz bu xalqa qalib kimi düşünməyi və qalib kimi yaşamağı öyrətdi. Artıq hər kəs bizimlə hesablaşmağa məhkumdur – Ulu Öndərin qurtuluş yolunun və cənab İlham Əliyevin qətiyyəti sayəsində! 

Xankəndinə qalanan bayram tonqalının da, bu qış Xocalı sakinin öz doğma torpağındakı evində yandırdığı sobasının da qığılcımını cənab İlham Əliyev məhz 1993-cü ilin 15 iyun qurtuluşundan bu günə inamla daşıyıb.

Bəhruz Məhərrəmov,
Milli Məclisin deputatı