06 may 2026 21:12
87

Azərbaycan ilə İtaliya arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsindədir

Azərbaycan  etibarlı və arzuolunan tərəfdaş kimi dünyanın diqqətindədir. Bunu qarşılıqlı səfərlər bir daha təsdiq edir. Dövlətimizin xarici siyasətinin dəyişməz prinsipləri ənənəvi tərəfdaşlarla əlaqələrinin inkişafında, həmçinin yeni dostlar qazanmasında, körpülər qurmasında əhəmiyyətli rol oynayır.  Azərbaycanın xarici siyasətində Avropa istiqaməti hər zaman mühüm yer tutub, lakin İtaliya ilə münasibətlər öz dərinliyi və strateji xarakteri ilə xüsusilə seçilir.

Mayın 4-də Bakıda baş tutan yüksək səviyyəli görüş həm siyasi, həm də mənəvi baxımdan olduqca əhəmiyyətli mesajlarla yadda qaldı. Azərbaycan Respublikasının  Prezidenti İlham Əliyev və İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloni arasında keçirilən görüş və səsləndirilən bəyanatlar iki ölkə arasında münasibətlərin bugünkü səviyyəsini bir daha aydın şəkildə nümayiş etdirdi. Baş nazir Ciorcia Meloninin Ermənistan səfərini bitirən kimi birbaşa Azərbaycana gəlməsi Azərbaycanın regionda artan nüfuzuna və İtaliya hökumətinin ölkəmizə bəslədiyi dərin hörmətin bariz təzahürüdür. Bu addım həm də Bakı ilə Roma arasındakı qarşılıqlı etimadın ən yüksək səviyyədə olduğunun rəmzi göstəricisidir. İtaliya Baş nazirinin bu səfəri sadəcə diplomatik protokol qaydaları çərçivəsində deyil, regionda və Avropada yaranan yeni geosiyasi balanslara təsir edən strateji hadisə kimi qiymətləndirilməlidir. Cənubi Qafqazın geosiyasi mənzərəsinin yenidən formalaşdığı bir dövrdə, Avropanın aparıcı dövlətlərindən birinin rəhbərinin birbaşa Bakıya gəlməsi Azərbaycanın regiondakı həlledici rolunun Qərb tərəfindən qəbul edilməsidir.

Azərbaycan ilə İtaliya arasında əlaqələr sadəcə diplomatik çərçivədə deyil, strateji tərəfdaşlıq səviyyəsindədir. Təsadüfi deyil ki, ölkələrimiz arasında iki mühüm strateji tərəfdaşlıq sənədi mövcuddur və bu sənədlər sayəsində əlaqələr daha da dərinləşib. İtaliya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır. Keçən il ticarət dövriyyəmiz təxminən 12 milyard dollar təşkil edib. İki ölkə arasında əlaqələrin inkişafında enerji amili əsas rol oynayır. Cənub Qaz Dəhlizi layihəsi bu əlaqələrin yüksələn xətlə inkişafında öz sözünü deyir. Belə ki, Cənub Qaz Dəhlizi və onun tərkib hissəsi olan TAP ikitərəfli enerji əməkdaşlığını və İtaliyanın enerji təhlükəsizliyini möhkəmləndirən vacib amildir.  Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanan enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumuna əsasən, Avropaya ixrac edilən qazın həcminin ildə ən azı 20 milyard kubmetrə çatdırılması hədəflənib. Onu da qeyd edək ki, Azərbaycan hazırda 16 ölkəyə qaz ixrac edir ki, onlardan 10-u Avropa İttifaqının üzvüdür. Avropa Komissiyası Azərbaycanı ümum-Avropa qaz təchizatçısı və etibarlı tərəfdaş adlandırır.

Görüşün ən diqqətçəkən məqamlarından biri hərbi-texniki sahədə əməkdaşlıq planları oldu. İtaliyanın qabaqcıl texnologiyaları ilə Azərbaycanın maliyyə imkanlarının birləşməsi, birgə istehsal sahələrinin yaradılması ölkəmizin müdafiə qüdrətini artırmaqla yanaşı, iqtisadi əlaqələrimizə yeni keyfiyyət qazandıracaq. Azərbaycan Dövlət Neft Fondunun İtaliya iqtisadiyyatına qoyduğu 3 milyard dollarlıq investisiya isə qarşılıqlı faydalı əməkdaşlığın miqyasını göstərir.

Bizim üçün xüsusilə qürurvericidir ki, İtaliya şirkətləri işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda ən aktiv fəaliyyət göstərən xarici tərəfdaşlar sırasındadır. 23 layihənin icrası İtaliyanın Azərbaycanın ərazi bütövlüyünə və bu torpaqların dirçəlişinə verdiyi real dəstəkdir. Bu şirkətlər təkcə qurub-yaratmır, həm də bölgəyə ən müasir standartları gətirirlər. İqtisadi və siyasi əlaqələri möhkəmləndirən isə təhsil sahəsindəki uğurumuz – İtaliya-Azərbaycan Universitetidir. Hazırda orada təhsil alan 500-dən çox gənc gələcəkdə ölkələrimiz arasında canlı körpü rolunu oynayacaqlar. Bu tələbələr həm peşəkar kadr, həm də iki xalqın dostluq elçiləri kimi münasibətlərimizi daha onilliklər boyu irəli aparacaqlar.

Ümumilikdə, bu səfər və səsləndirilən bəyanatlar Azərbaycan-İtaliya əlaqələrinin yeni mərhələyə qədəm qoyduğunu göstərir. Strateji tərəfdaşlıq artıq yalnız bəyanat səviyyəsində deyil, konkret iqtisadi layihələr və qarşılıqlı faydaya əsaslanan əməkdaşlıq mexanizmləri ilə möhkəmlənir.

Ayaz Cəbrayılov,

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri