İndiyədək 115-dən çox ölkədə olmuşam. Hər birinin özünəməxsus gözəlliyi və mədəniyyəti var. Diplomatik Qış Bazarında mənim üçün ən maraqlı məqam müxtəlif ölkələrdən, fərqli dinlərdən və mədəniyyətlərdən olan insanların dostluq şəraitində bir araya gəlməsidir.
“İki sahil” xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında tanınmış fotojurnalist Reza Deqati deyib.
O bildirib ki, insanların bu tədbirdə səmimi ünsiyyət qurması, birlikdə vaxt keçirməsi və bir-birinin mədəniyyətini tanıması çox dəyərlidir.
“Milli mətbəx də hər bir xalqın mədəniyyətinin mühüm hissəsidir. Təqdim olunan yeməklər vasitəsilə ölkələrin adət-ənənələri, həyat tərzi və mənəvi dəyərləri ilə daha yaxından tanış olmaq mümkündür. Bu baxımdan tədbir həm də müxtəlif xalqların mədəniyyətini öyrənmək üçün maraqlı bir fürsətdir. Yeni il ab-havasına gəlincə, burada bu hissi tam şəkildə yaşamaq mümkündür. Arzu edirəm ki, bütün dünyada sülh hökm sürsün, insanlar bir araya gələrək gülümsəsinlər və mehriban yaşasınlar”,- deyə R.Deqati əlavə edib.