İçərişəhərdə 25 ölkənin səfirliyini bir araya gətirən Diplomatik Qış Bazarının açılışı olub.
“İki sahil” xəbər verir ki, tədbir “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin və Azərbaycanda akkreditə olunmuş səfirlərin xanımlarını birləşdirən HOMS Baku assosiasiyasının birgə təşkilatçılığı ilə reallaşıb.
Tədbirdə çıxış edən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud qeyd edib ki, Diplomatik Qış Bazarının məhz İçərişəhərdə keçirilməsi xüsusi məna daşıyır. “Əsrlər boyu Bakıdan keçən karvan yolları şəhəri Böyük İpək Yolunun ticarət şəbəkəsi ilə bağlayıb. Müxtəlif ölkələrdən buraya üz tutan tacir və səyyahlar arasında qurulan əlaqələr İçərişəhərin fərqli mədəniyyətlərin və dini ənənələrin qovuşduğu məkan kimi formalaşmasına töhfə verib. Bu gün də İçərişəhərdə qorunan Buxara və Multanı karvansaraları orta əsr Bakısının ticarət əlaqələrinin geniş coğrafiyasına şahidlik edir”, - deyə o əlavə edib.
Rüfət Mahmud “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin bu mədəni mübadilə ənənəsini bu gün də davam etdirdiyini deyərək əlavə edib: “Qoruğun ev sahibliyi etdiyi beynəlxalq festivallar, mədəniyyət günləri və sərgilər Azərbaycanın mədəni irsinin beynəlxalq ictimaiyyətə tanıdılmasında mühüm rol oynayır. Bu tədbirlərdə müxtəlif ölkələrdən gələn qonaqlar Azərbaycan musiqisini dinləyir, milli sənətkarlıq nümunələri ilə tanış olur və bu irsi yaşadan ustalarla görüşürlər. Səfirliklərin öz ölkələrinin mədəniyyətinə həsr olunan tədbirləri İçərişəhərdə keçirməsi bu mübadiləni qarşılıqlı edir”.
İtaliya səfirinin həyat yoldaşı, HOMS İdarə Heyətinin üzvü xanım Viame Bunejar diqqətə çatdırıb ki, Diplomatik Qış Bazarı qonaqlara müxtəlif ölkələrin bayram ənənələri ilə tanış olmaq imkanı yaradır. O, yarmarkadan əldə olunan gəlirin xeyriyyə layihələrinə sərf ediləcəyini qeyd edib.
Yarmarka bu gün 17:00-dək İçərişəhərin Sabir küçəsində ziyarətçilərə açıqdır.