28 noyabr 2026 11:17
111

Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Albaniya Respublikasının Prezidenti Bayram Beqaya təbrik məktubu ünvanlayıb.

“İki sahil” xəbər verir ki, sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:

"Hörmətli cənab Prezident,

Albaniya Respublikasının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.

Qarşılıqlı hörmət və etimada əsaslanan Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur. Dövlətlərarası münasibətlərimiz dinamik inkişaf edərək hazırda yeni məzmun kəsb etməkdədir. Siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə əməkdaşlığımız ölkələrimizin və xalqlarımızın mənafelərinə xidmət edir.

Əminəm ki, birgə səylərimizlə ənənəvi dostluq münasibətlərimizin, həm ikitərəfli, həm də çoxtərəfli əsasda qarşılıqlı faydalı əməkdaşlığımızın xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da möhkəmlənməsinə və daha da dərinləşməsinə nail olacağıq.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Albaniya xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".