28 noyabr 2026 12:07
85

Estoniya texnologiyaları Azərbaycanın "yaşıl" transformasiyasına töhfə verə bilər - Marqus Tsahkna

Estoniya texnologiyaları Azərbaycanın “yaşıl” transformasiyasına töhfə verə bilər.

“İki sahil” xəbər verir ki, bunu Estoniyanın xarici işlər naziri Marqus Tsahkna noyabrın 27-də Bakıya səfəri zamanı Trend-ə verdiyi özəl müsahibədə bildirib.

Azərbaycana səfərinin məqsədlərindən danışan nazir əsas vəzifənin Estoniyanın Bakıdakı səfirliyinin rəsmi açılışı olduğunu qeyd edib.

“Ötən ilin payızında Azərbaycana səfərim zamanı Prezident İlham Əliyevə burada Estoniya səfirliyinin açılması təklifimi bildirmişdim. Bir il sonra bu vədin yerinə yetirilməsindən məmnunam. Səfirliyimizin açılması Estoniya ilə Azərbaycan arasında tərəfdaşlığın möhkəmləndiyinin əyani göstəricisidir. Son illərdə ticarət, rəqəmsal inkişaf, innovasiyalar, təhsil və yaşıl enerji kimi sahələrdə əməkdaşlığımızı əhəmiyyətli dərəcədə genişləndirmişik. Bakıda daimi diplomatik nümayəndəliyin fəaliyyət göstərməsi siyasi dialoqu dərinləşdirməyə, işgüzar əlaqələri daha səmərəli dəstəkləməyə və ölkələrimiz arasında yeni əməkdaşlıq imkanları yaratmağa imkan verəcək”, - Tsahkna bildirib.

Onun sözlərinə görə, səfirliyin açılması yalnız ikitərəfli münasibətlərə investisiya deyil, həm də Estoniyanın Cənubi Qafqaz regionuna uzunmüddətli sadiqliyinin göstəricisidir.

“Biz hər iki ölkəyə fayda gətirəcək praktiki və gələcəyə yönəlmiş tərəfdaşlığı inkişaf etdirmək niyyətindəyik”, - nazir əlavə edib.

Estoniya biznesi üçün Azərbaycanda perspektivli istiqamətlər

Tsaxkna Estoniya şirkətlərinin Azərbaycana marağının davamlı şəkildə artdığını bildirib.

“Bu marağın əyani sübutu ayın əvvəlində Tallində keçirilmiş Estoniya ilə Azərbaycan arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın dördüncü iclasında, eləcə də ötən ilin oktyabrında 15 biznes nümayəndəsinin daxil olduğu nümayəndə heyəti ilə Bakıya səfərim zamanı özünü büruzə verib”, - Estoniyanın XİN rəhbəri deyib.

O, informasiya-kommunikasiya texnologiyalarının (İKT) əməkdaşlığın ən perspektivli istiqamətlərindən biri olaraq qaldığını vurğulayıb.

“Estoniya şirkətləri artıq Azərbaycanın rəqəmsal sektorunda təmsil olunur və ölkənin davam edən rəqəmsal transformasiyasında iştirak etməyə böyük maraq göstərirlər. Estoniya elektron dövlət idarəçiliyi, rəqəmsal identifikasiya, kibertəhlükəsizlik, süni intellekt və elektron təhsil sahələrində beynəlxalq səviyyədə tanınmış təcrübəyə malikdir. Bütün bu istiqamətlər praktiki əməkdaşlıq üçün geniş imkanlar yaradır”, - o əlavə edib.

Eyni zamanda, Tsaxknanın sözlərinə görə, Estoniya enerji sektorunda, xüsusilə bərpa olunan enerji mənbələri və “yaşıl” iqtisadiyyata keçidlə bağlı layihələrdə böyük potensial görür.

“Estoniya şirkətləri innovativ texnoloji həllər, rəqəmsal alətlər və ixtisaslaşmış ekspertiza təklif edə bilərlər”, - nazir qeyd edib.

Bərpa olunan enerji, enerji səmərəliliyi və rəqəmsal enerji həlləri sahəsində əməkdaşlıq barədə

“Bütün bu istiqamətlər üzrə əməkdaşlıq üçün geniş imkanlar görürük. "Yaşıl" keçid dövrümüzün əsas iqtisadi və texnoloji transformasiyalarından biridir. Həm Estoniya, həm də Azərbaycan bu sahədə iddialı hədəflərin həyata keçirilməsi istiqamətində fəal iş aparır”, - Tsahkna bildirib.

O qeyd edib ki, Estoniyada rəqəmsal innovasiyaları ekoloji cəhətdən dayanıqlı həllərlə birləşdirən təmiz texnologiyalara əsaslanan şirkətlərin ekosistemi inkişaf edir.

“Bizim təcrübəmiz enerji səmərəliliyinin artırılması texnologiyalarından və ağıllı elektrik şəbəkələri üçün həllərdən tutmuş enerji resurslarının məlumatlar əsasında monitorinqi və idarə olunması üzrə rəqəmsal sistemlərədək geniş istiqamətləri əhatə edir.

Azərbaycanın bərpa olunan enerjiyə investisiyaları tərəfdaşlıq üçün əhəmiyyətli imkanlar yaradır. Biz əminik ki, Azərbaycanın enerji potensialı ilə Estoniyanın rəqəmsal sahədəki ekspertizasının vəhdəti dayanıqlı inkişafa, enerji təhlükəsizliyinə və iqtisadi artıma töhfə verən innovativ həllərin yaradılmasına imkan verəcək. Bakıda səfirliyimizin açılması bu əlaqələrin inkişafına töhfə verəcək”, - o izah edib.

Estoniyanın Orta Dəhlizin strateji əhəmiyyəti ilə bağlı qiymətləndirməsi

Estoniyanın XİN rəhbəri Azərbaycanın həm Estoniya, həm də bütövlükdə Avropa üçün strateji əhəmiyyətli tərəfdaş olduğunu bildirib.

“Azərbaycan əlverişli coğrafi mövqeyi sayəsində Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya arasında nəqliyyat və kommunikasiya əlaqələrinin gücləndirilməsində mühüm rol oynayır.

Orta Dəhlizin inkişafı ticarət marşrutlarının şaxələndirilməsi, təchizat zəncirlərinin dayanıqlığının artırılması və regionlarımızın biznes dairələri üçün yeni iqtisadi imkanların yaradılması potensialına malikdir. Avropa İttifaqının üzvü kimi Estoniya Aİ ilə Azərbaycan arasında əməkdaşlığın gücləndirilməsinə, eləcə də regional bağlantıların inkişafına yönəlmiş təşəbbüsləri alqışlayır”, - Tsahkna əlavə edib.

Estoniyanın Cənubi Qafqazda sülh və bağlantılar məsələlərinə dair mövqeyi

Nazir Estoniyanın Azərbaycanla Ermənistan arasında sülhün əldə olunmasına və münasibətlərin normallaşdırılmasına yönəlmiş səyləri ardıcıl şəkildə dəstəklədiyini bildirib.

“Uzunmüddətli və dayanıqlı sülh sazişi təkcə birbaşa iştirakçı olan iki ölkəyə deyil, həm də bütövlükdə Cənubi Qafqaz regionuna fayda gətirərdi. Estoniya 2025-ci ildə əldə olunmuş Vaşinqton razılaşmalarının, o cümlədən Ermənistanla ticarətin açılmasının həyata keçirilməsində irəliləyişi alqışlayır.

Regionda sabitliyin artması Cənubi Qafqazla Avropa arasında əlaqələrin güclənməsinə, müxtəlif sahələrdə yeni imkanların yaranmasına şərait yaradır. Normallaşma prosesində müşahidə olunan hazırkı dinamikanın qorunub saxlanılacağına ümidvarıq”, - Tsahkna fikirlərini yekunlaşdırıb.