Xəzər Boru Kəməri Konsorsiumunun (CPC) sistemi üzrə neft nəqlinin həcmi 2026-cı ilin yekunlarına görə ötən ilin rekord göstəricisi ilə müqayisədə bir qədər azalacaq.
“İki sahil” "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Rusiyanın "Transneft" şirkətinin vitse-prezidenti Vladimir Kalanda konsorsiumun 30 illiyinə həsr olunmuş "Bir marşrut - iki dövlət" sənədli filmində bildirib.
"2026-cı ilin yekunlarına görə, CPC sisteminin 70,5 milyon ton neft yola saldığı 2025-ci ilin rekord səviyyəsi ilə müqayisədə cüzi azalma baş verəcək. Bu, aydın və hamıya məlum olan obyektiv amillərlə bağlıdır", - o deyib.
CPC Qazaxıstanın qərbindəki neft yataqlarını (Tengiz, Qaşaqan və Qaraçaqanaq), həmçinin Xəzər şelfindəki Rusiya yataqlarını Novorossiyskdəki dəniz terminalı ilə birləşdirir. Boru kəməri sisteminin uzunluğu təxminən 1,5 min km təşkil edir.