06 may 2026 12:15
196

Zəhmətin bəhrəsi: Yarım əsrlik inkişaf yolu

2026-cı il Hacıqabul Quşçuluq Şirkəti üçün əlamətdar tarixdir. Bu il fabrikin yaranmasının 50 illik yubileyi qeyd olunur. Yarım əsrlik fəaliyyət yolu ərzində şirkət yalnız regionda deyil, bütövlükdə Azərbaycanda kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi sahəsində mühüm rol oynayan aparıcı istehsalçılardan birinə çevrilib.

Mövzu ilə bağlı Hacıqabul Quşçuluq Şirkətinin təsisçisi və direktoru Nemət Babaşov “İki sahil” qəzetinə müsahibə verib.

- Nemət müəllim, ilk öncə fabrikin fəaliyyəti ilə bağlı məlumat verməyinizi istərdik.

- Qafqaz regionunun ən böyük yumurta istehsalçılarından biri olan bu müəssisə 1976-cı ildə Hacıqabul rayonunun Ağacanlı kəndində qurulub. İlk illərdə məhdud imkanlarla fəaliyyət göstərməsinə baxmayaraq, düzgün idarəetmə, zəhmətkeş kollektiv və strateji yanaşma nəticəsində müəssisə qısa müddətdə inkişaf yoluna qədəm qoyub. Şirkətin inkişafında xüsusi mərhələ isə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonrakı dövrə təsadüf edir. Məhz həmin illərdə ölkədə kənd təsərrüfatına göstərilən dövlət qayğısı, sahibkarlığın dəstəklənməsi və iqtisadi sabitliyin təmin olunması nəticəsində Hacıqabul Quşçuluq Şirkəti öz istehsal gücünü əhəmiyyətli dərəcədə artırıb, texnoloji yeniliklər tətbiq edib və müasir standartlara uyğun fəaliyyət göstərməyə başlayıb.

- Bu illər ərzində nə kimi yeniliklərə imza atmısınız?

- İlk öncə onu qeyd edim ki, bu gün müəssisə regionun ən iri işəgötürənlərindən biri kimi yüzlərlə insanı daimi iş yeri ilə təmin edir və sosial-iqtisadi inkişafda mühüm rol oynayır. Şirkət yalnız istehsal sahəsində deyil, həm də sosial məsuliyyət layihələrində fəal iştirak edir, yerli icmaların rifahına töhfə verir. Azərbaycanda yumurta istehsalı sahəsində ilk beynəlxalq sertifikat əldə edən müəssisə kimi Hacıqabul Quşçuluq Şirkəti keyfiyyət və təhlükəsizlik standartlarına xüsusi önəm verir.

- Fabrikdə hazırda nə qədər yumurta istehsal edilir?

- Hazırda fabrikin istehsal gücü gündəlik 2.000.000 ədəd, illik isə 720.000.000 ədəd yumurta təşkil edir. Bu göstəricilər onu təkcə Azərbaycanın deyil, bütövlükdə Qafqazın ən iri istehsal müəssisələrindən birinə çevirir. Müasir texnologiyaların tətbiqi, innovativ yanaşmalar və davamlı inkişaf strategiyası şirkətin gələcəkdə də uğurla fəaliyyət göstərəcəyini göstərir.

Burada qurulan labratoriyada beynəlxalq standartlara uyğun analizlər həyata keçirilir. Yem məhsullarının təhlükəsizliyi parametrləri üzrə, o cümlədən yumurta məhsullarının keyfiyyət və təhlükəsizlik göstəricilərinin təyini aparılır. Yemin analizi xüsusi cihaz ilə birbaşa standartlara uyğun götürülür və ABŞ istesalı olan NIR cihazında keyfiyyət göstəriciləri təyin edilirək və klassik metodlarla müqayisə edilir. Bundan başqa, laboratoriyada gündəlik istehsal olunan yumurtaların mikrobioloji, toksikoloji, radioloji, fiziki-kimyəvi müayinələri peşəkar mütəxəssislər tərəfindən icra edilir. Quşun sağlamlığına ELİSA və PZR müayinələri ilə nəzarət olunur. Laboratoriya 7 ay hazırlıq müddəti ərzində AZAK tərəfindən akkreditasiya edilib və ölkədə quşçuluq sənayesində İSO 17025:2020 sertifikatını alaraq ilkə imza atıb.

- Müəssisə yaşıl enerji texnologiyalarına keçid edib. Bu barədə ətraflı məlumat verməyinizi istərdik.

- Hacıqabul Quşçuluq Şirkəti öz fəaliyyətində ekoloji davamlılıq və yaşıl enerji texnologiyalarının tətbiqi istiqamətində mühüm addımlar atmaqdadır. Şirkət 2024-cü ildən etibarən müəssisənin istehsalat sahəsində bərpaolunan enerji mənbəyi kimi günəş enerjisindən istifadə etməyə başlayıb. Məlumat üçün bildirim ki, son illərdə aqrar sektorda yeni texnologiyaların tətbiqi, suvarma sistemlərinin yenilənməsi və ixrac potensialının genişləndirilməsi nəticəsində məhsuldarlıq əhəmiyyətli dərəcədə artmışdır. Dövlət başçısı cənab İlham Əliyevin təşəbbüsü ilə yaradılan iri fermer təsərrüfatları kənd yerlərində məşğulluğun artmasına və regionların sosial-iqtisadi inkişafına ciddi töhfə vermişdir.Bu siyasət nəticəsində Azərbaycan aqrar sahədə özünü təminetmə səviyyəsini yüksəltməklə yanaşı, beynəlxalq bazarlarda da rəqabət qabiliyyətini gücləndirmişdir.

Bu məqsədlə Hacıqabul Quşçuluq Şirkətinin istehsalat ərazisində ümumi 2.4 meqavat gücündə günəş panelləri sistemi quraşdırılıb və istifadəyə verilib. Günəş panelləri vasitəsilə əldə olunan elektrik enerjisi şirkətin gündəlik enerji tələbatının mühüm hissəsini qarşılayaraq enerji səmərəliliyini artırır, ənənəvi enerji resurslarından asılılığı azaldır, həmçinin karbon emissiyasının və ekoloji izlərinminimuma endirilməsinə şərait yaradır.

- Yumurta ixracı ilə bağlı nə kimi işlər görmüsünüz?

- Hacıqabul Quşçuluq Şirkətinin istehsal etdiyi məhsullarını beynəlxalq bazarlara ixracı uğurla davam edir. Belə ki, ötən il ərzində Amerika Birləşmiş Ştatlarına, Afrika ölkələrinə, Birləşmiş Ərəb Əmirliklərinə böyük həcmdə quşçuluq məhsulları ixrac olunmuşdur. Bu göstəricilər Azərbaycanın quşçuluq sektorunda beynəlxalq etimada və məhsul keyfiyyətinə verilən dəyərin bariz nümunəsidir.

Qeyd etdiyimiz kimi 2025-ci ildə Hacıqabul Quşçuluq Şirkəti ilk dəfə olaraq Amerika Birləşmiş Ştatlarının Corciya (Georgia) ştatına yumurta ixracını uğurla həyata keçirib. Şirkət, eyni zamanda, Afrika qitəsində də uğurlu ixrac addımı atıb. Belə ki, Qambiya Respublikasına 770.000 ədəd yumurta ixrac edilmiş, cari ayın sonunadək əlavə 820.000 ədəd yumurtanın göndərilməsi planlaşdırılır. Hazırda Hacıqabul Quşçuluq Şirkəti Rusiya, Birləşmiş Ərəb Əmirlikləri, İraq və Əfqanıstan bazarlarına müntəzəm yumurta ixracını həyata keçirir. Təkcə 2025-ci il ərzində Birləşmiş Ərəb Əmirliklərinə ümumilikdə 26.542.800 ədəd yumurta ixrac olunub ki, bu da ölkədə daxili yumurta balansının qorunub saxlanmasına öz töhfəsini verib.

- Daxili bazarın yumurta təminatı ilə bağlı məlumat verərdiniz.

- Daxili bazarda Hacıqabul Quşçuluq Şirkəti ölkə üzrə 6 satış deposu vasitəsilə fəaliyyət göstərir. Şirkət Azərbaycanın aparıcı supermarket şəbəkələri, şirniyyat istehsalçıları və digər böyük alıcılarla sıx əməkdaşlıq edir. Bu əməkdaşlıq vasitəsilə ölkənin ən ucqar bölgələrinə qədər yüksək keyfiyyətli yumurta məhsullarının sabit və vaxtında təchizatı təmin edilir. Şirkət hazırda istehsalat imkanlarını daha da genişləndirməkdə davam edir. Tezliklə Hacıqabul Quşçuluq Şirkətində yumurta pasterizə mərkəzi istifadəyə veriləcək. Bu müəssisə müasir qida sənayesində innovativ yanaşmanı təmsil edir və yüksək texnologiyalarla təchiz olunub.

Yeni pasterizə mərkəzinin yaradılmasında əsas məqsəd süfrə yumurtası kateqoriyasına uyğun gəlməyən, lakin daxili keyfiyyəti pozulmamış məhsulların emal edilməsi, dəyərləndirilməsi və beynəlxalq standartlara uyğun formada istifadəyə verilməsidir. Əsas texnoloji mərhələ olan pasterizasiya prosesi xüsusi istilik müalicəsi ilə aparılır, bu isə məhsulun bakteriyalardan təmizlənməsini və təbii strukturunun qorunmasını təmin edir. Pasterizə olunmuş yumurtanın saxlama müddəti soyudulmuş şəraitdə 4–6 aya qədər artır. Pasterizə mərkəzinin layihələndirilməsi ekoloji və iqtisadi səmərəlilik prinsiplərinə əsaslanır. Belə ki, süfrə standartlarına uyğun olmayan məhsulların istifadəsi israfçılığın qarşısını alır, istehsal zəncirində balans yaradır və daxili bazarda sabitliyi qorumağa xidmət edir. Bu, şirkətə məhsul çeşidlərini artırmaq və yeni bazarlara çıxış imkanlarını genişləndirmək üçün əlavə potensial yaradacaqdır. Hacıqabul Quşçuluq Şirkəti strateji inkişaf planları çərçivəsində həm ölkə daxilində, həm də beynəlxalq arenada Azərbaycan məhsulunun keyfiyyətli və etibarlı siması kimi fəaliyyətini davam etdirməkdə qərarlıdır.

Şirkətdə müasir yumurta çeşidləmə mərkəzləri fəaliyyət göstərir. Bu mərkəzlərdə yumurta emalı prosesi tam avtomatlaşdırılıb və beynəlxalq standartlara uyğun şəkildə təşkil olunub. Fabrikin istehsalat sahəsində konveyer sistemi vasitəsilə yumurtalar birbaşa yumurta sexlərindən çeşidləmə mərkəzinə daşınır. Bu proses insan təmasını minimuma endirməklə həm gigiyenik, həm də səmərəli emal mühiti yaradır. Çeşidləmə prosesi Niderland istehsalı olan son model MOBA FT 500 avadanlığı vasitəsilə həyata keçirilir.

Çeşidlənmiş və qablaşdırılmış yumurtalar şirkətə məxsus soyuducu yük nəqliyyat vasitələri ilə düzgün temperatur rejimində müştərilərə çatdırılır. Bu sistem sayəsində məhsulun keyfiyyəti, təzəliyi və təhlükəsizliyi bütün logistik mərhələlərdə qorunur. Hacıqabul Quşçuluq Şirkəti olaraq istehsal və təchizat prosesində innovativ texnologiyalara, sanitariya standartlarına və məhsul izlənəbilərliyinə xüsusi önəm veririk. Məqsədimiz – həm yerli, həm də xarici bazarlara yüksək keyfiyyətli və etibarlı məhsul təqdim etməkdir.

Hacıqabul Quşçuluq Şirkəti istehsal etdiyi məhsulları ISO və beynəlxalq keyfiyyət standartlarına uyğun şəkildə, avtomatlaşdırılmış çeşidləmə və qablaşdırma sistemləri, eləcə də soyuduculu nəqliyyat vasitələri ilə satış nöqtələrinə çatdırır. Bu mərhələdə məhsul bütün keyfiyyət və təhlükəsizlik standartlarına uyğun şəkildə təqdim olunur.

2025-ci il iyulun 26-da CARCAS - Xəzəryanı Ölkələrin Aqrar Tədqiqatlar Mərkəzində Cənubi Qafqazın lider toyuq yumurtası istehsalçısı olan Hacıqabul Quşçuluq Şirkəti ilə Əməkdaşlıq haqqında Memorandum imzalanıb. Əməkdaşlıq davamlı kənd təsərrüfatı sahəsində geniş istiqamətləri əhatə edir və quş peyininin emal olunaraq orqanik komposta (gübrəyə) çevrilməsi üzrə innovativ həllərin hazırlanması və tətbiqini nəzərdə tutur. Biotermik kompostlaşdırma nəticəsində əldə olunan məhsul, torpağı zənginləşdirən və onun aqrobioloji balansını bərpa edən ekoloji təmiz gübrə kimi istifadə ediləcək.

- 2026-cı il Hacıqabul Quşçuluq Şirkəti üçün xüsusi il sayılır. Şirkət 50 yaşını qeyd edir. Yubiley ili ilə bağlı nə kimi tədbirlər həyata keçirilir?

- Bəli, qeyd etdiyiniz kimi, bu il şirkət 50 yaşını qeyd edir. Tədbirlər planı çərçivəsində cari ilin mart ayında Hacıqabul Quşçuluq Şirkətinin 50 illik yubileyi ilə bağlı Azərbaycanda ilk dəfə olaraq Quşçuluq Festivalı keçirilib. Festival Hacıqabul şəhərindəki Heydər Əliyev parkında böyük təntənə ilə keçirilib.  Festivalda Hacıqabul Rayon İcra Hakimiyyətinin rəhbərliyi, millət vəkilləri, ziyalılar, idarə, müəssisə və təşkilat kollektivləri, həmçinin rayon ictimaiyyəti iştirak edib. Festival çərçivəsində Hacıqabul Quşçuluq Şirkətinin fəaliyyətində 20 ildən artıq çalışan əməkdaşlar təltif ediliblər.

Yubiley ili ərəfəsində Hacıqabul Quşçuluq Şirkəti Dövlət Vergi Xidməti tərəfindən kənd təsərrüfatı sahəsi üzrə məşğulluğun inkişafına verdiyi əvəzsiz töhfələrə görə xüsusi mükafata layiq görülüb. Bu mükafat Hacıqabul Quşçuluq Şirkətinin məşğulluğun təmin edilməsi istiqamətində həyata keçirdiyi fəaliyyətlərin yüksək qiymətləndirilməsinin göstəricisidir.

“Təcrübəmiz təminatımızdır” missiyasını həyata keçirən Hacıqabul Quşçuluq Şirkəti öz fəaliyyətini qeyri-neft sektorunun davamlı inkişafı siyasətinə uyğun şəkildə həyata keçirir. Bu il Hacıqabul Quşçuluq Şirkəti “İlin Quşçuluq şirkəti” nominasiyası üzrə milli mükafata da layiq görülüb. Burada xüsusilə vurğulamaq istərdim ki, bugünlərdə ən böyük diqqət dövlət başçısının sahibkarlığın inkişafı ilə bağlı görə imzaladığı Sərəncam olub. Belə ki, Prezident İlham Əliyevin 2026-cı il 28 aprel Sərəncamı ilə bir qrup sahibkar “Tərəqqi”medalı ilə təltif edildi. Təltif edilənlərin sırasında olmaq bizim üçün çox böyük qürurverici bir hissdir. Bu gün hər bir sahibkar dərk edir ki, qüdrətli və müasir Azərbaycanın qurulması üçün Prezident İlham Əliyevin liderliyi altında bizi hələ bir sıra mühüm vəzifələr gözləyir. Azərbaycan biznes mühitinin əlverişliliyi, sahibkarların rahat işləməsi üçün ən çox islahatlar aparan ölkələrdən biridir. Postneft iqtisadiyyatının qurulması, idxaldan asılılığın azaldılması, ölkənin ixrac potensialının yüksəldilməsi üçün rəqabət qabiliyyətli mal və məhsulların istehsal olunması məqsədilə hökumət sahibkarlar üçün böyük imkanlar yaradıb. Ölkədə qeyri-neft sektorunun, xüsusilə də regionlarda kiçik və orta sahibkarlığın inkişafı istiqamətində mühüm işlər görülür. Prezident İlham Əliyev tərəfindən müəyyənləşdirilmiş iqtisadi inkişaf strategiyası nəinki ölkəmizin inkişafında müstəsna rol oynayır, hətta bir model olaraq keçid iqtisadiyyatı ölkələrinin iqtisadi inkişafı baxımından nümunəyə çevrilməkdədir.
Sonda onu da vurğulayım ki, 50 illik yubiley yalnız bir müəssisənin tarixinin qeyd olunması deyil, həm də Azərbaycanın kənd təsərrüfatının inkişaf yolunun, zəhmətin və uğurun simvoludur. Hacıqabul Quşçuluq Şirkəti bu illər ərzində qazandığı təcrübə və nailiyyətlərlə gələcək nəsillər üçün nümunə olmağa davam edir.

Orxan Vahidoğlu, “İki sahil”