“Diplomat Magazine” jurnalında Azərbaycanın Niderlanddakı səfiri Məmməd Əhmədzadənin müsahibəsi dərc olunub.
“İki sahil” xəbər verir ki, müsahibədə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın milli maraqlara əsaslanan müstəqil, balanslaşdırılmış və praqmatik xarici siyasət yürütməsindən, ölkəmizin xarici siyasət prioritetləri və onların xarici siyasət məqsədləri ilə uzalaşdırılmasından bəhs olunub.
Regional təhlükəsizlik mövzusuna toxunan səfir keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin mahiyyəti, Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzünün nəticələri, Vətən müharibəsi və antiterror tədbirləri ilə ərazi bütövlüyümüzün təmin olunması, azad edilmiş ərazilərdəki mina problemi, ərazilərin bərpası, habelə bölgədə davamlı sülhün bərqərar edilməsi üzrə ölkəmizin səyləri, bu xüsusda Ermənistanın atmalı olduğu addımlar, sülhün bölgəyə faydası barədə məlumat verib.
Diplomat Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verən, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən enerji strategiyasına, eləcə də Azərbaycan və Xəzər hövzəsində neft, qaz, alternativ enerjinin istehsalı və ixracını nəzərdə tutan strateji layihələrə diqqət çəkib.
Azərbaycanın Cənubi Qafqazı və Xəzər hövzəsini son 30 il ərzində iki dəfə, ilk olaraq enerji, indi isə nəqliyyat qovşağı üzrə beynəlxalq əməkdaşlığa cəlb etdiyini deyən diplomat regional əlaqələrdə, Qərb-Şərq nəqliyyat dəhlizi, eləcə də Orta Dəhlizin inkişafında ölkəmizin mühüm rolundan söz açıb.
Coğrafi üstünlüyü, diplomatik çevikliyi, resursların idarə edilməsi, iqtisadi və hərbi imkanları ilə Azərbaycanın orta gücə çevrildiyini bildirən səfir ölkəmizin çoxtərəfli diplomatiyada daha fəal rol oynadığını, dünyada bölücü deyil, birləşdirici xətləri təşviq etməklə çoxtərəfli əməkdaşlığın dərinləşdirilməsinə töhfə verdiyini vurğulayıb. Ölkəmizin Qoşulmama Hərəkatına və COP29-a uğurlu sədrliyindən danışan diplomat bu nəhəng beynəlxalq tədbirlərin Azərbaycanın xarici siyasətinin məsuliyyətli, praqmatik və perspektiv mahiyyətini təcəssüm etdirdiyini söyləyib.
Müsahibədə diplomat Azərbaycan-Niderland münasibətlərinin siyasi, iqtisadi, humanitar aspektləri barədə fikirlərini bölüşüb. Münasibətlərin tam potensialından hələ də istifadə edilmədiyini bildirərək, Niderlandda Azərbaycan həqiqətləri, onun regional liderliyi, enerji və bağlantılar nöqteyi-nəzərdən Avropa üçün strateji əhəmiyyəti barədə məlumatlılığın məhdud olduğunu söyləyib. Keçmiş Ermənistan-Azərbaycan münaqişəsi və ondan sonrakı proseslərlə bağlı təsəvvürlərin erməni narrativlərinə, dezinformasiyalara və saxta xəbərlərə məruz qaldığını vurğulayıb.
Son aylarda xarici işlər nazirləri səviyyəsində təmasların, habelə Bakıda Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin qarşılıqlı anlaşmanın təşviqi və əməkdaşlığın yeni yollarının araşdırılması baxımından əhəmiyyətli olduğunu bildirən M.Əhmədzadə Niderlandda fəaliyyət göstərdiyi müddətdə siyasi, ictimai, işgüzar, akademik dairələrin nümayəndələri ilə çoxsaylı görüşlər keçirildiyini, nəticədə hər iki ölkənin bir-birini tamamlayan güclü tərəflərə malik olması qənaətinə gəldiyini deyib. Diplomat iki ölkənin diqqəti praqmatik, praktiki və qarşılıqlı faydalı əməkdaşlığa yönəltməklə möhkəm və nəticəyönümlü tərəfdaşlıq qura biləcəyini vurğulayıb.
Müsahibədə M.Əhmədzadə Haaqada NATO Sammiti, Azərbaycanın bu qurumla əməkdaşlıq istiqamətlərinə dair sualı da cavablandırıb.