Türkiyənin “Haber Global” telekanalı Azərbaycan və Türkiyə arasındakı qardaşlıq münasibətlərinə qarşı bəzi mətbuat orqanlarında aparılan çirkli kampaniyalar barəsində geniş videomaterial hazırlayıb.
“İki sahil” xəbər verir ki, materialda İsrail və İran arasında yaşanan gərginlikdən bəhanə kimi istifadə edilərək Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq münasibətlərinin hədəfə alındığı diqqətə çatdırılır.
Bildirilib ki, bu kimi kampaniyaları aparan təxribatçılar faktlara və Azərbaycan tərəfinin rəsmi açıqlamalarına məhəl qoymurlar.
Hazırlanan materialda mayın 28-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Laçın Beynəlxalq Hava Limanının açılışına da toxunulub. Qeyd olunub ki, həmin vaxt Prezident İlham Əliyevə qarşı dezinformasiya xarakterli yazılar dərc edilib, Azərbaycana qarşı əsassız ittihamlar səsləndirilib:
“2024-cü il fevralın 6-da Kahramanmaraşada baş vermiş zəlzələdən sonra Azərbaycanın dəstəyi ilə inşa edilən “Azərbaycan Məhəlləsi”nin açılışı olacaq. Hər iki ölkənin Prezidentlərinin iştirak edəcəyi tədbirdən öncə də qardaşlıq əlaqələrinin hədəflənməsi gözlənilir”.
Videoreportajda Azərbaycanın Fələstinə dövlət səviyyəsində dəstəyi məsələsinə də diqqət çəkilib:
“Prezident İlham Əliyev Fələstinin Azərbaycandakı yeni səfiri Əhməd Metaninin etimad məktubunu qəbul edib. Həmçinin İlham Əliyev Fələstinin ədalətli tələblərini hər zaman dəstəklədiklərini və bu dəstəyin və humanitar yardımların davam etdiriləcəyini deyib”.
Süjetin sonunda Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq əlaqələrinin keçmişdə olduğu kimi, bu gün də sarsılmaz şəkildə davam etdiyi xüsusilə vurğulanıb.
Media vasitəsilə aparılan qarayaxma kampaniyalarına baxmayaraq, bu dostluğun hər keçən gün daha da güclənəcəyi, qardaşlıq münasibətinin bu kimi kampaniyalarla zərər görməyəcəyi diqqətə çatdırlıb.