18 iyun 2025 10:58
187

Prezident İlham Əliyevin sosial siyasətinin əhəmiyyəti ondadır ki…

Bu gün yalnız bölgənin deyil, həm də  dünyanın ən aparıcı ölkəsinə çevrilmək iddiasını ortaya qoyan Azərbaycan dövləti bu niyyətini gerçəkləşdirmək üçün zəruri olan siyasi, sosial və iqtisadi prioritetləri yarada bilib. Daha doğrusu, ötən illər ərzində ölkəmizin iqtisadi qüdrətini hərbi, sosial və mədəni gücə çevirməyi bacarıb. Nəticə isə çox qürürvericidir: Prezident İlham Əliyevin rəhbərliyi ilə dünyada nümunə göstəriləcək bir inkişaf modeli formalaşıb. Bu, modern Azərbaycan dövləti modelidir. Bu modelin çox diqqətçəkici istiqamətlərindən biri də sosial sahədir. Ölkəmizin başçısının modern sosial siyasətinin əhəmiyyəti ondadır ki,  inkşafyönümlü prinsiplərə söykənir.

Prezident İlham Əliyev iyunun 12-də daha bir sosialyönümlü Fərman imzaladı. Sənəd belə adlanır: «Sosial müavinətlərin, Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin və fəxri adlara görə təqaüdlərin məbləğlərinin artırılması və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı»…Fərmana əsasən, 2025-ci ilin iyulun 1-dən şəhid ailəsi, 20 Yanvar şəhidinin ailəsi və Əfqanıstanda həlak olan hərbçilərin ailələri üçün Prezidentin aylıq təqaüdü 600 manatdan 700 manata, müharibə, 20 Yanvar hadisələri, hərbi xidmət vəzifələrini yerinə yetirmək və Çernobıl AES-də hərbi xidmət ilə əlaqədar əlilliyi olan şəxslərə Prezidentin aylıq təqaüdü orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (I dərəcə) 500 manatdan 600 manata, 61-80 faiz pozulmasına görə (II dərəcə) 400 manatdan 500 manata, 31-60 faiz pozulmasına görə (III dərəcə) 330 manatdan 400 manata çatdırılır. Vətən Müharibəsi qəhrəmanlarına Prezidentin aylıq təqaüdünün 2000 manatdan 2200 manata, Azərbaycanın Milli qəhrəmanlarına Prezidentin aylıq təqaüdünün 1800 manatdan 2000 manata, Prezidentin fərdi təqaüdünün 1500 manatdan 1700 manata, uşağın anadan olmasına görə və dəfn üçün birdəfəlik müavinətlərin 500 manatdan 600 manata çatdırılması təmin edilir. Himayədar ailəyə verilmiş əlilliyi olan uşağa görə aylıq müavinət 0-6 yaş arası uşaq üçün 395 manatdan 500 manata, 7-13 yaş arası uşaq üçün 415 manatdan 600 manata, 14-18 yaş arası uşaq üçün 435 manatdan 650 manata, əlilliyi olan şəxslərə müavinət orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (I dərəcə) 270 manatdan 300 manata, 61-80 faiz pozulmasına görə (II dərəcə) 220 manatdan 250 manata, 31-60 faiz pozulmasına görə (III dərəcə) 150 manatdan 180 manata çatdırılır.

Həmçinin Fərmanda ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (I dərəcə) gözdən əlilliyi olan şəxslərə Prezidentin aylıq təqaüdünün 300 manatdan 350 manata, ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (I dərəcə) əlilliyi olan şəxslərə (gözdən əlilliyi olan şəxslər istisna olmaqla) Prezidentin aylıq təqaüdünün 200 manatdan 250 manata çatdırılması nəzərdə tutulub.

Bundan başqa, övladlığa götürülən hər uşağa görə aylıq müavinət 200 manatdan 240 manata, ailə başçısını itirməyə görə aylıq müavinət (hər ailə üzvü üçün) 120 manatdan 140 manata, bir yaşınadək uşağı olan aztəminatlı (ünvanlı yardım alan) ailələrə aylıq müavinət (hər uşağa görə) 100 manatdan 140 manata, beşdən çox uşağı olan qadınlara aylıq müavinət (hər uşağa görə) 105 manatdan 140 manata, müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqlarına aylıq müavinət (hər uşağa görə) 120 manatdan 140 manata, valideyn himayəsindən məhrum uşaqların qəyyumları üçün aylıq müavinət 120 manatdan 140 manata çatdırılır. Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (I dərəcə) və əlilliyi olan uşaqlara qulluq edənlərə Prezidentin aylıq təqaüdü də gələn ayın əvvəlindən 100 manatdan 120 manata qaldırılır. Fəxri adlara görə  Prezident təqaüdlərində aylıq artım isə 50 manat olub. Ümumilikdə, bu ilin əvvəlindən icrasına başlanılan sosial islahat paketi 3 milyon insanı əhatə edir və onlara yönələn əməkhaqqı, pensiya, müavinət və təqaüdlərin artırılması üçün illik əlavə olaraq 1,4 milyard manat ayrılıb.

Ötən illərə nəzər salsaq görərik ki, ölkə başçısının imzaladığı Fərman və sərəncamlara əsasən, 2018-2025-ci illərdə sosial ödənişlərdə əhəmiyyətli artımlar müşahidə olunub. Yəni, bu dövrdə  minimum əməkhaqqı 3,1 dəfə, orta aylıq əməkhaqqı 2 dəfə, minimum pensiya 3 dəfə, orta aylıq pensiya 2,6 dəfə, müavinət və təqaüdlərə ayrılan illik büdcə vəsaiti isə 5 dəfədən çox artırılıb. Bundan əlavə, Prezident İlham Əliyevin qətiyyəti ilə formalaşan sosial siyasət nəticəsində 2019-cu ildən bəri sosial sahəyə ayrılan büdcə vəsaiti 2,2 dəfə artırılaraq 2025-ci ildə 16,9 milyard manata çatdırılıb və hazırda bu xərclər ümumi büdcənin 41 faizini təşkil edir. Həmçinin 2025-ci ilin yanvarın 1-dən pensiya orta aylıq nominal əməkhaqqının artımına uyğun olaraq 8,1 faiz indeksləşdirilib. Pensiya təminatına ayrılan illik vəsait 2018-ci ildən bu yana iki dəfə artırılıb və 2025-ci ildə 7,2 milyard manata çatıb. Bu artım 1,1 milyon vətəndaşa şamil olunub. Məlumdur ki, dövlət sosial təminat tədbirlərini əsasən əmək qabiliyyəti məhdud şəxslərə tətbiq edir. Bunlar əlilliyi olan, pensiya yaşına çatmış şəxslər, aztəminatlı ailələr, çoxuşaqlı analar, hərbi qulluqçuların övladlarıdır  ki, bu da sosial ədalət prinsipinə əsaslanır. Eyni zamanda, 44 günlük Vətən müharibəsindən sonra şəhid ailəsi üzvü və müharibə iştirakçısı olan 26 min 600 nəfərin məşğulluğunun  təmin edilib. Onlardan 12 min 600 şəxsin özünəməşğulluq proqramlarına cəlb olunması reallaşıb.

Yazının əvvəlində qeyd etdiyimiz kimi, həqiqətən də bu gün Azərbaycanda iqtisadi inkişafın təməl prinsiplərindən biri də cəmiyyətimizdəki ictimai-siyasi sabitlikdir. Məhz bu amilə görə iqtisadiyyatımıza böyük həcmdə investisiyalar qoyulur və onun şaxələndirilməsi istiqamətində çox önəmli addımlar atılır. Artıq ölkəmiz nəinki regionda hətta MDB məkanında seçilən ölkələrdən biridir.

Elçin Zaman, «İki sahil»