21 iyun 2025 12:08
126

Şuşada, Laçında, Ağdamda irimiqyaslı inşaat işlərinin aparıldığını görürəm - Liviya səfiri

Liviyanın Azərbaycandakı səfiri Əli Səlim Nasir Şuşa və Laçında aparılan irimiqyaslı bərpa işlərini yüksək qiymətləndirib.

“İki sahil” xəbər verir ki, bu barədə bu gün diplomat Qarabağ səfəri çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

“Mən əvvəl Şuşada olmuşam - bu mənim sayca üçüncü səfərimdir və hər dəfə mən burada olanda təzə bir şey - yeni binalar görürəm. Bu sadəcə inanılmazdır. Əlbəttə ki, yenə imkan düşsə, böyük məmnuniyyətlə Şuşaya və Laçına bir daha baş çəkəcəyək. Laçın da çox gözəl bir şəhərdi və onu çox bəyənirəm. Şuşada, Laçında, Ağdamda irimiqyaslı inşaat işlərinin aparıldığını görürəm. Azərbaycanı belə nəhəng uğurlar və nailiyyətlər münasibətilə təbrik edirəm”, - deyə səfir bildirib.

Qeyd edək ki, dünəndən Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Laçın rayonuna səfəri başlayıb. Səfərdə səfirlər, beynəlxalq təşkilatların nümayəndələri, hərbi attaşelər də daxil olmaqla ümumilikdə 100-ə yaxın diplomat iştirak edir.

Səfər çərçivəsində nümayəndələr “Hoçazfilm” kinostudiyasını və “Yurd” qalereyasını ziyarət ediblər. Kinostudiyada qonaqlara filmlərdə istifadə olunan müxtəlif maketlər təqdim olunub.

“Yurd” qalereyasında isə qonaqlara Qarabağ xalçaları nümayiş olunub. Xüsusilə Laçında toxunan xalçalar böyük maraq doğurub. Qonaqlara xalçaçılıq prosesi, o cümlədən ilmələrin necə atıldığı əyani şəkildə göstərilib.

İyunun 21-də diplomatik korpusun nümayəndələri Şuşa və Ağdam şəhərlərinə yola düşəcəklər. (Trend)