21 iyun 2025 16:42
133

“Azexport” portalının nümayəndələri "Yerli şirkətlərin tanıtım sərgisi”ni ziyarət ediblər

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Azexport.az” portalının nümayəndələri Bakı Ekspo Mərkəzində təşkil olunmuş 6-cı “Yerli şirkətlərin tanıtım sərgisi”ni ziyarət ediblər.

“İki sahil” xəbər verir ki, “Azexport” komandası sərgi çərçivəsində müxtəlif sahələrdə fəaliyyət göstərən yerli şirkətlərin məhsul və xidmətləri ilə tanış olub, ixrac potensialı olan yeni şirkətlərlə əməkdaşlıq imkanlarını dəyərləndirib. Eyni zamanda, portalın artıq əməkdaşlıq etdiyi şirkətlərin stendləri ziyarət olunub.

Sərgidə “Azexport.az” portalına qoşulmaq istəyən yeni şirkətlərə bu platformanın təqdim etdiyi sərbəst satış sertifikatı, rəqəmsal ixrac imkanları və digər xidmətlər barədə ətraflı məlumat verilib. Portalın rəhbəri Ayxan Qədəşov bildirib ki, sərgi yerli sahibkarlarla birbaşa təmas qurmaq, məhsul və xidmətləri yerində görmək, yeni tərəfdaşların müəyyənləşdirilməsi və mövcud əməkdaşlıqların inkişafı baxımından səmərəli keçib. “Azexport.az”  Azərbaycan məhsullarının ixrac potensialını genişləndirmək və rəqəmsal alətlərlə sahibkarları dəstəkləməyə davam edir.

Qeyd edək ki, 6-cı “Yerli şirkətlərin tanıtım sərgisi” Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “Marsol Group”un birgə təşkilatçılığı ilə baş tutub. Sərgidə qida, İKT, təhsil, inşaat, sənaye, kənd təsərrüfatı, tekstil, logistika və digər sahələrdə fəaliyyət göstərən 300-ə yaxın yerli şirkət iştirak edib.