21 iyun 2025 23:37
182

Köç yollarından qəzet köşklərinədək…

Sözün nəfəsi yaddaşın izidir, onu yaşadanlar isə qələmə məsuliyyətlə sarılan, həqiqəti zamana daşıyan insanlardır. Nəriman İsa oğlu Zeynallı bu missiyanı həyatının mənasına çevirmiş ziyalılardandır. 1960-cı ildə Laçın şəhərində dünyaya gələn, Bakı Dövlət Universitetində ali təhsil alan Nəriman müəllim ömrünü mətbuatla yoğurmuş, sözə vicdanla xidmət etmişdir. 1992-ci ildə doğma torpağından didərgin düşsə də  nə Laçını, nə də peşəsini unutmayan bu qələm sahibi  2024-cü ilin sentyabrında "Böyük Qayıdış" Proqramı çərçivəsində yenidən Vətən ocağına qayıtdı. Qayıtdı və susmadı – Laçının informasiya məkanına yeni ruh, yeni nəfəs gətirdi. Onun rəhbərliyi ilə "Mətbuat Yayımı" MMC-nin Laçın sahəsi bərpa edildi, şəhərin müxtəlif yerlərində qəzet köşklərinin yaradılmasına start verildi. Müsahibəmiz əsnasında Nəriman müəllimlə doğma yurda dönüşün təəssüratlarından, Laçının informasiya sahəsində baş verən yeniliklərdən, medianın bölgədəki rolundan, publisist fəaliyyətindən və Böyük Qayıdışın mənəvi tərəflərindən söz açacağıq.

- Laçına 33 ildən sonra dönüş sizə hansı mənəvi hissləri yaşatdı və ilk qarşılaşdığınız dəyişikliklər nə oldu?

- Laçına ilk gəlişim 2023-cü ilin aprel ayının 19-da olub. Bu səfər Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin dəstəyi və Azərbaycan Televiziyasının təşkilatçılığı ilə təşkil olunmuşdu. Səfərin məqsədi Həmzə Sultan sarayı haqqında veriliş hazırlamaq idi. Mən və bir neçə yaxın qohumlarım Həmzə Sultan nəslinin nümayəndəsi kimi tarixçi alimlərin qatıldıqları  bu səfərdə iştirak edirdik. Səfərimiz çox uğurlu oldu. Bu səfər AzTV-nin Xəbərlər proqramında geniş işıqlandırıldı. “525-ci qəzet”də “İşığın hər zaman gur yansın, Laçın” sərlövhəli məqaləm dərc olundu. 31 il sonra keçmiş həyatı bir anlığa kino kimi gözlərimin önünə gətirdim. Bunlardan danışmaq da, yazmaq da çox çətindir. Onda təsəlli tapırsan ki, artıq biz bu yurda qayıtmışıq və bura sənindir. Yol boyu kəndlər, şəhərlər dağıdılıb, hər bir yeri kollar örtüb, çaylar öz məcrasını dəyişib. Elə bil ki, hər bir tərəf sənə baxır və bir sual verir: Bizi niyə atıb getdiniz? Bu suala Ali Baş Komandan İlham Əliyev görkəmli bir sərkərdə kimi, şəhidlər öz qanları bahasına, əsgərlər isə öz qəhrəmanlıqları ilə cavab verdilər. Dəyişməyən bir möhtəşəm uca dağlar, bir də yalçın qayalar idi. Dağlara olan borcumuzu qurub yaratmaqla qaytaracağıq. Binələrdə çadırlar qurub, yaylaqlara qoyun-quzu, arı ailələri köçürəcəyik. Qara zurnanın səsi dərələrə, dağlara yayılacaq. Bütün dünyaya sübut etdik ki, bu yurdların əzəli və əbədi sakinləri bizik. İkinci səfərim 2024-cü ilin sentyabrında ailə üzvlərimlə birlikdə ata evinə köçəndə olub. Artıq biz Laçın şəhərində məskunlaşmışıq və oranın daimi sakiniyik.

- Qəzet köşklərinin bərpası ideyasının reallaşması bölgə əhalisinin informasiya təminatına necə təsir göstərəcək?

- Qəzet köşklərinin bərpası yəqin ki, məskunlaşan sakinlərin, informasiya təminatına müsbət təsirini göstərəcək. İşğaldan azad olan rayonlar içərisində ilk “Mətbuat Yayımı” MMC-nin ilk filialı Laçında açılması  nəticəsində sakinlər və qonaqlar qısa bir müddətdə gündəlik mətbuatla tanış olacaqlar.

- Sizcə, mətbuat bölgədə təkcə informasiya vasitəsi deyil, həm də ictimai birləşdirici güc ola bilərmi?

- Bəli, mətbuat bu gün təkcə informasiya vasitəsi deyil. Eyni zamanda, ictimai bir gücə malikdir. Əbəs yerə onu dördüncü hakimiyyət adlandırmırlar. Mətbuatın cəmiyyətdə rolu danılmazdır. İctimai fikrin formalaşmasında mətbuat böyük rol oynamaqla yanaşı, hər zaman informasiya məkanını genişləndirir. Dövlətimizin də mətbuata dəstəyi və qayğısı daim artır. Eyni zamanda, milli mətbuatın cəmiyyətin maariflənməsi istiqamətindəki xidmətləri, ictimai şüurun yüksəldilməsi məqsədilə gördüyü işlər həm də ictimai birləşdirici güc kəsb edir. Sözsüz ki, bu güc bölgələrdə də öz təsirini göstərir.

- Laçın sakinlərinin informasiya ehtiyaclarını müəyyənləşdirmək üçün hansı üsullardan istifadə edirsiniz?

- SSRİ dönəmində hər rayonda “Sayuzpeçat” adlı yayım təşkilatı var idi. Laçın şöbəsi əhalinin sayına görə respublikada ən çox abunə və satış yolu ilə mətbuatı yayırdı. Laçınlıların həmişə mətbuata marağı olub. Bizim ailə ziyalı ailə idi. Atam, anam, bacım müəllim, qardaşım iqtisadçı idi. Müxtəlif qəzet və jurnallara 120-150 manatlıq abunə yazılırdıq. Bu məbləğ həmin dövr üçün bir idarə rəisinin aylıq əmək haqqına bərabər idi. Rayonun idarə və təşkilatları hələlik Ağcabədi rayonunda Taxta Körpü qəsəbəsində fəaliyyət göstərir. Artıq rayonda 3000 nəfərdən çox əhali məskunlaşıb. 2025-2026-cı illərdə bu rəqəm 15 – 20 min nəfər olacaq. İndi biz hər bir işi sıfırdan başlayırıq. Ona görə də müəyyən çətinliklərimiz olacaq. Bakıdan Laçına olan məsafə 420 km-dir. Hər gün rayona mətbuatı çatdırmaq o qədər də asan olmayacaq. Mətbuat yayımı sahəsində uzun müddət təcrübəmə əsaslanıb, çalışacağam ki, bu işin öhdəsindən gəlim.

- Sizin fikrinizcə, Böyük Qayıdış prosesi çərçivəsində medianın hansı rolu oynaması daha məqsədəuyğundur?

- Böyük Qayıdış prosesi çərçivəsində medianın rolu böyükdür. Biz dövlət səviyyəsində rayona köçürülən zaman səhər saat 6-7 radələrində artıq 10-a yaxın telekanal məndən müsahibə götürdü. Saat 10-da bir neçə sayt, səhəri gün isə bir neçə qəzet mənim ailə üzvlərimlə birlikdə Laçına köçməyim haqqında məlumat yayımladılar. Media nümayəndələri hər gün işğaldan azad olunan rayonlarda köçkünlərin sayı, köç karvanının yerlərə çatması, məskunlaşması, onların işlə təmin olunması haqqında dəqiq məlumatlar verirlər.

- Yazılarınızda daha çox hansı mövzulara üstünlük verirsiniz və bu mövzuların ictimai təsiri sizcə, nədən ibarətdir?

- Müxtəlif qəzetlərdə çap etdirdiyim məqalələrdə Laçının təbiəti, əhalisi, faydalı qazıntılar, tarixi abidələri və şəxsiyyətləri haqqında oxuculara məlumatlar çatdırmağa çalışıram. Eyni zamanda, Laçın şəhərinin salınması, işğaldan öncəki vəziyyəti və işğaldan sonra görülən işləri daim mətbuatda işıqlandırıram. Bununla da həm laçınlıları, həm Laçına gələn qonaqları, həm də bütün Azərbaycan gənclərinin maariflənməsinə, Laçın haqqında məlumat əldə etmələrinə və onları maraqlandıran və düşündürən suallara cavab tapmalarına dəstək oluram.

- Ailənizin Laçında uyğunlaşma prosesi necə keçir? Xüsusilə həyat yoldaşınızın yeni tədris mühitindəki rolu barədə nə deyə bilərsiniz?

- 1993-cü ildə radio verilişlərinin birində eşitdim ki, dünyada bir neçə milyon qaçqın var. Verilişin aparıcısı qeyd edirdi ki, onların öz ata-baba yurdlarına qayıtmaları boş xülyadır. Fikirləşirdim, görəsən, bu bizə də aiddir mi? Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra bu ümidsizliyə son qoyuldu. Ümummilli Lider tədbirlərdə işğal olunmuş rayonların adlarını bir-bir deyir və qeyd edirdi ki, biz bu torpaqlara mütləq qayıdacağıq. Bəli, artıq biz qayıtdıq və məskunlaşdıq. Bizim yaşayış tələbatımızı ödəyəcək hər bir şərait yaradılmışdır. Həyat yoldaşım öz elinə, obasına bağlı bir insandır. Qeyd edim ki, biz Laçına köçməzdən əvvəl o, Sabunçu rayonundakı 81 saylı tam orta məktəbdə riyaziyat müəllimi işləyirdi. O, Laçın azad olunan zaman burada işləmək üçün dəfələrlə Şərqi Zəngəzur təhsil idarəsinə müraciət etmişdi. Bu ilin mart ayından artıq Zabux kənd orta məktəbində çalışır. Hər gün avtobusla Zabux kəndinə gedib gəlir. İşindən və kollektivdən məmnundur. Bütün bunlar onun Vətənə  bağlılığını və sonsuz məhəbbətini sübut edir.

-Uzun illər məcburi köçkün həyatı sürmüş biri kimi ata ocağında yaşamaq sizə hansı xatirələri və gələcəyə dair hansı ümidləri verir?

- Məcburi köçkünlük dövründə mən valideynlərimlə birgə yaşamışam. Böyük qardaşım qonşum olub. O, uzun müddət rayonda rəhbər vəzifələrdə çalışıb. 20 ilə yaxın Laçın rayon vergi idarəsinin rəisi olub. Biz Bakıya birlikdə gəlmişdik. İndi isə onlarsız qayıtdıq. Ən çətin anlar bunlar idi. Ata evində indi mən yaşayıram. Yəqin ki, bacılarım, qardaşım və onların uşaqları da tezliklə yeni tikilən mənzillərlə təmin olunacaqlar.

-Bu dəyərli söhbətə vaxt ayırdığı, düşüncələrini səmimiyyətlə bölüşdüyü üçün Nəriman müəllimə təşəkkür edirik.

Yaqut Ağaşahqızı, “İki sahil”