22 iyun 2025-ci il tarixində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirlər Şurasının İstanbul şəhərində keçirilən 51-ci sessiyası çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Somali Federativ Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Abdisalam Abdi Ali ilə görüşüb.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi məlumat yayıb.
Qeyd edilib ki, görüşdə, iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişaf perspektivləri, bu istiqamətdə atılacaq gələcək addımlar, habelə cari regional vəziyyət müzakirə olunub.
Nazirlər Azərbaycan və Somali arasında siyasi münasibətlərin inkişafından məmnunluqlarını ifadə ediblər. Hər iki tərəf siyasi dialoqu intensivləşdirməyin, ticarət‑iqtisadi əlaqələri genişləndirməyin, bir sıra istiqamətlər, o cümlədən kənd təsərrüfatı, yaşıl enerji, humanitar və təhsil sahələrində əməkdaşlığı dərinləşdirməyin əhəmiyyətini vurğulayıblar.
Ceyhun Bayramov Azərbaycanın İƏT, Qoşulmama Hərəkatı və BMT çərçivəsində Somalinin fəal mövqeyini yüksək qiymətləndirib, İslam dünyasının birliyi naminə qarşılıqlı dəstəyin mühüm olduğunu qeyd edib.
Azərbaycanın humanitar və inkişaf layihələrində, o cümlədən təhsil qrantlarında Somalinin iştirakının vacibliyi qeyd olunub. Bununla yanaşı, Azərbaycanın ASAN xidmət təcrübəsindən Somalinin faydalanmaq niyyəti yüksək qiymətləndirilib.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.