22 iyun 2025 13:55
154

Azərbaycan-Əlcəzair əlaqələri müzakirə olunub

22 iyun 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 51-ci sessiyasında iştirakı çərçivəsində Əlcəzair Xalq Demokratik Respublikasının Dövlət naziri, xarici işlər və xaricdəki milli icma və Afrika məsələləri naziri Əhməd Attaf ilə görüşüb.

İki sahil” xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi məlumat yayıb.

Qeyd edilib ki, görüşdə Azərbaycan-Əlcəzair ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyində yer alan aktual məsələlər, habelə İsrail-İran qarşıdurması nəticəsində yaranmış vəziyyət müzakirə olunub.

Qarşılıqlı hörmət və ortaq dəyərlərə əsaslanan Azərbaycan-Əlcəzair əməkdaşlıq əlaqələrinin hazırkı səviyyəsindən məmnunluq ifadə olunub, ali və yüksək səviyyədə qarşılıqlı səfərlərin dövlətlərarası əlaqələrimizin inkişafına təkan verdiyinə dair həmfikirlik ifadə olunub.

İki ölkənin Xarici İşlər Nazirlikləri arasında cari ilin aprel ayında baş tutmuş siyasi məsləhətləşmələrin Azərbaycan-Əlcəzair əməkdaşlığının hərtərəfli və sistematik şəkildə irəliyə aparılmasında rolundan bəhs olunub.

Azərbaycan ilə Əlcəzair arasında beynəlxalq təşkilatlar, o cümlədən BMT, İƏT və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığın məmnunluq doğurduğu qeyd olunub.

İqtisadi əməkdaşlıq ölçüsünə toxunularaq, ticarət və investisiyalar, neft-qaz və bərpa olunan enerji sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib. Təhsil və mədəniyyət sahələri üzrə mübadilələrin artırılmasının xalqlarımızın bir-birini daha yaxından tanımasındakırolundan bəhs olunub. İki ölkə arasında yaradılmaqda olan İqtisadi əməkdaşlıq üzrə birgə komissiyanın əhəmiyyətli mexanizm olacağı vurğulanıb.

İsrail-İran qarşıdurması nəticəsində regionda yaranmış təhlükəsizlik çağırışlarından ciddi narahatlıq ifadə olunub, münaqişənin dialoq və diplomatik vasitələrlə həllinin vacibliyi vurğulanıb.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və çoxtərəfli məsələlər ətrafında fikir mübadiləsi aparılıb.