İranda baş verən hadisələrə görə əsas vəzifəmiz orada olan Belçika vətəndaşlarına kömək etməkdir. Onlara həm İranda yardım göstərmişik, həm də Azərbaycandan yardım etməyə davam edəcəyik.
Bu sözləri jurnalistlərə açıqlamasında “Astara” dövlət sərhədindən buraxılış məntəqəsindən təxliyə olunan Belçikanın İrandakı səfiri Michel Malherbe bildirib.
“Sevinirik ki, İranın Azərbaycan kimi yaxşı qonşusu var və burada bizi qarşılayarkən göstərilən səmimiyyət və diqqət bizi çox sevindirdi. Azərbaycan həqiqətən də qonaqpərvərliyi ilə seçilən bir ölkədir. Belçika ilə Azərbaycan arasında güclü və sağlam ikitərəfli əlaqələr mövcuddur. Bu gün burada olmaq və İranda yaşayan Belçika vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün fəaliyyətimizi məhz buradan davam etdirmək bizim üçün böyük məmnunluq doğurur. Qarşıda nələrin baş verəcəyini isə zaman göstərəcək”.
O qeyd edib ki, Azərbaycanın göstərdiyi qonaqpərvərlik və yardımsevərlik təqdirəlayiqdir və bu, ölkənin beynəlxalq humanitar mövqeyini bir daha təsdiqləyir.
AZƏRTAC