Aİ-nin xarici işlər nazirləri Çinlə münasibətləri müzakirə ediblər.
“İki sahil” xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Aİ xarici işlər nazirlərinin Brüsseldə keçirilən görüşünün yekunlarına dair mətbuat konfransında deyib.
"Çin Aİ-nin ən böyük ticarət tərəfdaşlarından biridir. Biz iqlim dəyişikliyi kimi məsələlərdə yaxından əməkdaşlıq edirik", - o bildirib.
Kallas həmçinin vurğulayıb ki, Çin Rusiyanın müharibəsinə şərait yaradır:
"NATO hesab edir ki, Çin Rusiyanın Ukraynaya qarşı müharibəsində əsas tərəfdaşdır. O, kiberhücumlar həyata keçirir, demokratiyalarımıza müdaxilə edir, məcburi ticarət təcrübələrindən istifadə edir".
Aİ-nin ali nümayəndəsi qeyd edib ki, bütün bunlar Aİ ilə Çin arasında münasibətlərin gələcək məhsuldar inkişafına mane olmaqla, gərginliyə yol açır. Ona görə də bu məsələnin gələn ay keçiriləcək Aİ-Çin sammitindən əvvəl keçiriləcək iclasda müzakirə olunması qərara alınıb.