25 iyun 2025 01:43
166

Qərbi Azərbaycana qayıdışa real dəstək

Otuz beş ildən artıqdır ki, haqq-ədalətin bərpa olunacağı günü-soydaşlarımızın doğma ata-baba yurdlarına- Qərbi Azərbaycana  qayıdacaqları günü gözləyirik. Dövlətimiz bunun üçün lazımi addımları atır, Ermənistan rəhbərliyi ilə bu barədə danışıqlar aparır.  Lakin Ermənistan dilemma qarşısında qalıb. Çünki  Rusiyadan, Suriyadan, Fransadan və digər xarici ölkələrdən minlərlə erməninin gətirilib azərbaycanlılar yaşayan şəhər və kəndərdə məskunlaşdırması indi onu çıxılmaz vəziyyətə salıb.  Təzə “qonaqlar”  məskunlaşdıqları yaşayış məntəqələrini boşaltmalı, ölkənin başqa ərazilərinə köçürülməlidir.

Vurğulamaq lazımdır ki, əvvəllər bir çox dövlətlər və beynəlxalq təşkilatlar haqq işimizə dəstək verməsələr də beş ildir ki, ciddi səhvə yol verdiklərini anlayıblar. Ancaq əvvəldən Azərbaycana dəstək verənlər, əsl həqiqəti qəbul edənlər də az deyildi. Artıq bu sıra xeyli genişlənib və müəyyən uğurlar da qazanılıb. Sonuncu uğuru həm də İslam həmrəyliyinin nailiyyəti kimi də qiymətləndirmək olar. Qarabağ münaqişəsi illərində belə həmrəyliyə çox böyük ehtiyacımız vardı desək, yanlış olmaz.

 Qeyd edək ki, aparılmış məqsədyönlü və ardıcıl  işlər nəticəsində  Qərbi Azərbaycana qayıdış məsələsinə beynəlxalq dəstəyin əldə edilməsi istiqamətində növbəti böyük uğur əldə edilib. Belə ki, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Nazirlər Şurasının İstanbul şəhərində keçirilmiş 51-ci sessiyasının yekun Bəyannaməsinə Qərbi Azərbaycana qayıdış məsələsi barədə bənd daxil edilib və sessiyada bu məsələ ilə bağlı ayrıca qətnamə qəbul olunub.

 Bu barədə Qərbi Azərbaycan İcmasının açıqlamasında bildirilib.

Orada qeyd olunub ki, sözügedən sənədlərdə İƏT-in üzv dövlətləri Ermənistan tərəfindən Qərbi azərbaycanlılara qarşı vəhşiliklə törədilmiş deportasiyanı, onların dini, mədəni, tarixi  irsinin dağıdılmasını və erməniləşdirilməsini, İcmanın qayıdış hüququnun inkar olunmasını pisləyir. Üzv dövlətlər Qərbi azərbaycanlıların öz yurdlarına təhlükəsiz şəkildə və ləyaqətlə qayıdışına birmənalı dəstək ifadə ediblər.

Sessiyada “Hazırkı Ermənistan ərazisindən zorla və sistemli şəkildə didərgin salınmış azərbaycanlıların qayıdış hüququ” adlı qətnamənin qəbulu ilə Qərbi Azərbaycan məsələsi İƏT-in gündəliyində əsas mövzulardan biri kimi təsbit olunub və İƏT-in icra strukturlarına bu mövzu ilə müntəzəm  məşğul olmaq tapşırığı verilib.

Azərbaycan rəhbərliyinin təşəbbüsü ilə ötən il İƏT-in Bancul Zirvə görüşündə Qərbi Azərbaycan mövzusunda qəbul edilmiş qərardan sonra qurumun Nazirlər Şurasının sözügedən qərarları qəbul etməsi təşkilatın bu məsələdə ardıcıl və prinsipial mövqe tutduğunu göstərir. Əlbəttə, bu, doğma yurdundan zorla qovulan azərbaycanlılarda qayıdışa ümidi daha da artırır. Qeyd edək ki, bu məsələdə  Qərbi Azərbaycan İcması fəal iş aparır. İcma sözügedən qərarların beynəlxalq hüququn və insan hüquqlarının aliliyinin, bölgədə sülh, barışıq və ədalətin bərqərar olunmasına töhfə verəcəyinə inanır. İcma İƏT Nazirlər Şurasının bu qərarlarını alqışlayıb və bu qərarların qəbul edilməsinə görə İƏT-in üzv dövlətlərinə təşəkkürünü bildirib. Təşkilatın bu addımı qaçqın soydaşlarımızla bərabər, bütün Azərbaycan xalqı tərəfindən minnətdarlıqla qarşılanır. İslam ölkələrinin bu cür dəstəyi, eyni zamanda, işğalçı Ermənistana ağır zərbə hesab oluna bilər. Düşmən ölkə getdikcə beynəlxalq aləmdə təkləndiyini, ona qarşı təzyiqlərə duruş gətirə bilməyəcəyini hiss edir. Məhz bu səbəbdəndir ki, bir vaxtlar xarici ağalarına arxalanaraq hədə, təhdid və zor dili ilə danışan bu cırtdan ölkənin rəsmiləri indi “mum”  kimi yumşalıblar. Əvvəlki iddialardan, təkəbbürdən əsər-əlamət qalmayıb.

Xatırladaq ki, eks-prezident  Levon Ter-Petrosyan Qərbi azərbaycanlıların qayıdışına münasibət bildirərkən daş atıb başını tutub  ki, onların geri dönməsi Ermənistanın altına bomba qoymaqdır. Əgər 300 min azərbaycanlı geri dönərsə onda Ermənistan  dövlətçiliyini itirəcəkdir. Əlbəttə, bu, illüziyadır və məqsəd geri dönüşə əngəl olmaqdır. Ancaq küncə sıxışdırılan zəif ölkə buna məcburiyyət qarşısında şərait  yaradacaqdır.

Ermənistanın baş naziri Nikol Paşinyanın Türkiyəyə səfəri, orada yaşayan erməni icmasının nümayəndələri ilə görüşdə səsləndirdiyi fikirlər  də bundan xəbər verir. Başqa çıxış yolu yoxdur. Heç kimə lazım olmayan kiçik və zəif dövlət  beynəlxalq aləmin qəbul etdiyi qanunları pozmağa cəsarət etməz. Sovet imperiyasının verdiyi saxta cəsarət  isə gorbagor olub. Ancaq mağara təfəkkürlü hay toplumu qayıdışa müqavimət göstərməkdədir. Bu baxımdan İslam Əməkdaşlıq Təşkilatının qəbul etdiyi sənəd böyük təsiredici əhəmiyyətə malikdir. Nəticəsini görəcəyik.

Vəli İlyasov, “İki sahil”