25 iyun 2025 15:56
142

Qırğızıstan parlamentindən qırğız dili ilə bağlı VACİB QƏRAR

Qırğızıstan parlamenti ölkənin siyasi və ictimai həyatında qırğız dilinin statusunu əhəmiyyətli dərəcədə gücləndirmək üçün qanunvericiliyə dəyişiklik edib.

“İki sahil” xəbər verir ki, bu barədə "Kommersant" məlumat yayıb.

Bildirilir ki, 63 deputat lehinə, 1 nəfər əleyhinə səs verib.

Səsvermədən əvvəl qızğın müzakirələr aparılıb. Dəyişikliklərin tərəfdarları təkid ediblər ki, dövlət qulluqçuları və siyasətçilər öz ölkələrinin dilində danışmalı, məktəblilər isə növbəti sinfə keçmək üçün hər il qırğız dilindən imtahan verməlidirlər.

Dəyişikliklərin əleyhdarları bunun konstitusiya normalarını pozduğunu və rusdilli əhaliyə zərbə olduğunu iddia ediblər. Onlar xəbərdarlıq ediblər ki, dəyişikliklər yüksək ixtisaslı mütəxəssislərin ölkədən kütləvi şəkildə qaçmasına səbəb ola bilər.

Qəbul edilmiş dəyişikliklər 18 qanunvericilik aktına, o cümlədən dövlət qulluğu, təhsil, məhkəmə icraatı, bank sistemi, miqrasiya siyasəti və reklam sahəsinə aiddir. Dəyişikliklər, şübhəsiz ki, vətəndaşların gündəlik həyatına təsir edəcək: indi, məsələn, yalnız qırğız dilində kredit üçün ərizə doldurmaq və ya məhkəməyə müraciət etmək mümkün olacaq.

Yeniliklər, məsələn, bütün səviyyələrdə qanunvericilik orqanlarının deputatlığına namizədlər, dövlət qulluqçuları, hakimlər, polis işçiləri və hüquqşünasların qırğız dilini məcburi bilməsini nəzərdə tutur. Onlar indi ixtisaslarını təsdiqləmək üçün dil imtahanlarından keçməlidirlər.

Əgər əvvəllər dövlət dili haqqında qanun alternativ variant təklif edirdisə - ya qırğız, ya da rus dilini bilmək, indi belə seçim yoxdur.

Bundan əlavə, təhsil sistemində islahatlar aparılır. İndi məktəblərdə və ali məktəblərdə sinifdən-sinfə keçərkən, eləcə də buraxılış imtahanları verilərkən dövlət dilindən icbari imtahanlar keçiriləcək.

Dəyişikliklər miqrasiya qanunvericiliyinə də təsir edəcək: qırğız dilini bilməmək viza və ya yaşayış icazəsinin verilməsindən imtina üçün əsas ola bilər. Ərizəçinin dil səviyyəsinin yoxlanılması proseduru daha sonra hökumət tərəfindən təsdiqlənəcək.

Yeni qaydalara əsasən, reklamda başqa dillərdən istifadə qadağan olunacaq, televiziya və radioda məlumatların ən azı 60%-i qırğız dilində təqdim edilməlidir. Qanun pozuntusuna yol verən hüquqi şəxslərə qarşı cərimələr tətbiq ediləcək.

Qanun layihəsinin təşəbbüskarlarından olan Dövlət Dili və Dil Siyasəti üzrə Milli Komissiyanın sədri Melis Muratəliyev əmindir ki, dövlət dilini bilmək tələbi tezliklə adi hala çevriləcək. Muratəliyev həmçinin əmindir ki, ölkədə müxtəlif etnik qrupların nümayəndələrinin qırğız dilini öyrənmələri üçün bütün lazımi şərait yaradılıb.