30 iyun 2025 20:01
154

ATU-nun hər buraxılışı ölkənin səhiyyə sisteminin inkişafında mühüm rol oynayır

Tibb təhsili tarixi şəxsiyyətlərin diqqət və qayğısı ilə inkişaf edib.

“İki sahil” xəbər verir ki, bu fikri Azərbaycan Tibb Universitetinin (ATU) məzunları ilə görüşdə səhiyyə naziri Teymur Musayev səsləndirib.

O bildirib ki, əhalinin sağlamlığının qorunmasını ən mühüm məsələlərdən biri hesab edən Ulu Öndər Heydər Əliyev səhiyyənin tərəqqisi, maddi-texniki bazasının gücləndirilməsi üçün zəruri addımlar atıb. ATU-nun yeni tədris korpusunun tikilməsi, ilk tədris klinikasının yaradılması da Ümummilli Liderin adı ilə bağlıdır. Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanı da ATU ilə qırılmaz tellər bağlayıb. Akademik Zərifə Əliyevanın tibb elminə və təhsilə verdiyi töhfələr isə bu sahənin mənəvi dayaq nöqtəsidir.

Dövlətin səhiyyənin inkişafını daim diqqət mərkəzində saxladığını vurğulayan nazir fikirlərinə belə davam edib: “Prezident İlham Əliyevin rəhbərliyi ilə səhiyyə sahəsində mühüm nailiyyətlər əldə olunur, infrastruktur müasirləşdirilir, tibbi xidmətin keyfiyyəti yüksəldilir. Birinci vitse-prezident Mehriban Əliyeva da tibb işçilərinə göstərilən diqqət və qayğı ilə bu sahənin inkişafına töhfə verir”.

Teymur Musayev diqqətə çatdırıb ki, Azərbaycan səhiyyəsi üçün yüksəkixtisaslı kadrların hazırlanması daim prioritetdir. ATU-nun hər buraxılışı ölkənin səhiyyə sisteminin inkişafında mühüm rol oynayır. Bu sahədə aparılan islahatlar müasir tələblərə cavab verən tibb işçilərinin hazırlanmasını və onların üzərinə düşən böyük məsuliyyəti bir daha önə çıxarır.

Məzunlara çağırış edən nazir onları biliklərinə arxayın, cəsarətli və məsuliyyətli həkimlər olmağa səsləyib. Onların yalnız peşəkar deyil, həm də mənəvi məsuliyyət daşıyan qəhrəman kimi fəaliyyət göstərməsinin vacib olduğunu vurğulayıb.