03 iyul 2025 22:19
160

Zəfər tariximizdə özünəməxsus iz qoyan igid

Masallı rayonunun Mahmudavar kəndində boya-başa çatan Naib Akif oğlu Qasımov Vətən müharibəsində  Azərbaycanın qəhrəman və igid oğlanlardan bir olaraq  yağıya qan qusdurub. Döyüş meydanında  23 yaşında şəhadətə qovuşmaqla mənən əbədi yaşamaq üçün milyonların ürəyinə köçüb. Naibin qısa, olduqca şərəfli ömür yolu Vətəninə, torpağına əsl sevgi nümunəsidir.  

Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, adı dillərdə dastana dönən  şəhid Naib Qasımov  2004-2014-cü illərdə doğma  kənd məktəbində təhsil alıb. 2015-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində müddətli həqiqi xidmət edib. Son dərəcə mərd, cəsur, ağıllı bir gənc olaraq zabit və əsgərlərin sevimlisinə çevrilib. Vətən, torpaq sevgisi ilə qəlbi döyünən Naib  həmin dövrdə bir neçə dəfə nümunəvi hərbi xidmətinə görə fəxri fərmanlarla təltif olunub.

Üzüağ əsgərlik həyatını başa vurandan sonra könüllü olaraq ordu sıralarında qalıb. 3 aylıq hazırlıq kursu keçib çavuş rütbəsində hərbi qulluqçu kimi Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin “N” saylı hissəsində xidmətini davam etməklə hər an erməni dığalardan  qisas almaq üçün məqam axtarıb. .

 Vətən torpağının  hər qarışı  uğrunda döyüşə hazır olan Naib 2016-cı ilin  aprelində   Lələ təpə uğrunda və 2020-ci ildə Tovuz vuruşunda  yağıya öz yerini göstərə bilib. Bütün bunlara görə  “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalına layiq görülüb.  Və bir daha Naib Qasımov Vətən torpaqların son qarışının yağı tapdağından azad olunacağı günədək döyüşəcəyinə and içib.

Vətən müharibəsi başlanan gündən Naib  kəşfiyyatçı kimi həmişə öndə  gedib, könüllü ən qaynar nöqtələrdə düşmənlə vuruşub.  Göstərdiyi hünər, şücaəti dillərdən düşməyib, eləcə  düşmənə vurduğu sarsıdıcı zərbələrin sayı bilinməyib.  Məhz buna  görə də elə döyüş səngərində baş çavuş rütbəsinə layiq görülüb.

Döyüş igidliyinə görə fərqlənən  baş çavuş 5 oktyabr 2020-ci il tarixində Cəbrayıl rayonunun bir neçə kəndinin azadlığı uğrunda  tarix yazıb. Qaldı ki,  Şəhid yoldaşlarını   ağır müharibə  meydanından çıxararkən başından aldığı qəlpə yarasından özü də şəhid olub.  Oktyabrın 6-da  doğulub boya-başa çatdığı Mahmudavar kəndində böyük izdihamla son mənzilə yola salınıb.

Axırda onu da bildirək ki, baş çavuş  Qasımov ölümündən sonra “Vətən uğrunda”,  “Hərbi xidmətlərə görə” və digər  medallar ilə təltif edilib.

Bəli, Naib  Qasımov qısa bir ömür yaşadı, lakin müqəddəs amal- Vətən, millət yolunda canını qurban verməklə əbədiyyətə qovuşdu.  Onun adını eşidəndə hər bir azərbaycanlı qürur hissi duyur.  Qəhrəmanlığı  sahəsində zəfər tariximizdə özünəməxsus  iz qoyan Vətən sevdalısının 28 yaşı tamam oldu. Böyük sevgi, ehtiramla masallılar onun məzarını ziyarət edib, üstünə təzə güllərdən çələng hördülər.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü